
“Dövlətin onurğa sütununu sındırmısınız”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin sədri, bir ilə yaxındır həbsdə olan Sahib Məmmədzadənin cəzası 3 il azaldılıb.
Martın 7-də Gəncə Apellyasiya Məhkəməsində buna qərar verilib. Məhkəmə AXCP funksionerinin cəzasını 6 il 6 aydan 3 il 6 aya endirib.
AXCP funksionerinə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə ittiham verilib. İddia olunur ki, onun üstündən 23 qram narkotik tapılıb.
Apellyasiya instansiyası satış məqsədini çıxarıb, ittihamı da Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəsinə dəyişib.
S.Məmmədzadə isə bunu da qəbul eləmir. O bildirir ki, ümumiyyətlə, üstündə narkotik olmayıb, bu maddənin necə olduğunu bilmir. Onun sözlərinə görə, cibindən çıxdığı iddia edilən narkotiki ora polislərin özləri atıb.
S.Məmmədzadə vurğulayıb ki, təqsirsiz olsa da, məhkəmələrdən ədalətli nəticə gözləntisi yoxdur.
“Məhkəmə sistemi hər bir ölkənin onurğa sütunudur. Sifarişləri icra etməklə, bu sistemi korrupsiyaya bulaşdırmaqla dövlətin onurğa sistemini sındırmısınız. Sizin heç bir iradəniz yoxdur. Nə gözləyim sizdən? Mən girovam…”, – S.Məmmədzadə Gəncə Apellyasiya Məhkəməsində belə deyib.
AXCP funksioneri bildirir ki, onu siyasi fəaliyyətinə görə şərləyiblər. Deyir, yük maşınında mal-qaranı yaylağa apararkən postda onları saxlayıblar:
“Qaramaskalılar hücum edib, məni zorakılıqla düşürdülər. Oradan aparıb, cibimə narkotik atıb şərlədilər”.
Yük maşınının sürücüsü də Gəncə Ağır Cinayətlər Məhkəməsində onun dediklərini təsdiqləyərək deyib ki, mal-qaranı aparanda onları postda saxlayıb maskalı şəxslər S.Məmmədzadəni düşürüblər.
Cəbhəçi fəalın bacısı Tacirə Məmmədzadə AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: “Mənim qardaşımın heç bir günahı yoxdur. Günahsız adamın nəinki 3 il 6 ay, hətta 1 gün də həbsdə qalması çoxdur. Ali Məhkəmədən də ədalət gözləntimiz yoxdur. Sadəcə, Avropa Məhkəməsinə getmək üçün ölkədaxili məhkəmələri keçmək lazımdır”.
Azadlıq radiosu