
Melahet Qisuri Zeynallı yazır: “Bu gün Əvəz bəylə Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşdüm. Dünən UZİ-nin nəticələrindən sonra 6 saylı Cəzaçəkmə müəssisəsindən ora yerləşdirilib. Dərhal qanazlığını səbəb gətirərək, qan köçürüblər. Qalan qan analizləri də götürülüb, hələ nəticələri bəlli deyil. Əvəz bəy bir müddət əvvəl gözündən əməliyyat olunanda da ora aparmışdılar və buz kimi otaqda 3 gün saxlamışdılar. İndi o soyuqdəymənin fəsadları ilə üz-üzəyik. Müalicəsinə başlanılıb, nəticəsi necə olacaq, gözləyirik.
Maraqlı bir məqamı da ictimaiyyətin diqqətinə çatdırmaq isstəyirəm. Mirsaleh Seyidov Pentensiar Xidmətə rəis təyin olunandan sonra sistem tamamilə dəyişməyə başlayıb. Məsələn, daha imkanlı və imkansız dustaqlar kateqoriyası yoxdur. Eşitdiyim qədərilə hamı eyni şəraitdə saxlanılır. Cəzaçəkmə müəssisələrində çörəyi dustaqlar bişirir. Düzdür, Ədliyyə Nazirliyi hansısa səbəblərdən bunun qarşısını almağa çalışır, amma hər bir halda yeməklərin keyfiyyəti də daha əvvəlki kimi deyil. Yəni, yemək mümkündür. Rüşvət məsələsində də açıq bazar yığışdırılıb. Hamı bundan danışır…. Hər bir halda bu gün də bir çox müsbət hallarla qarşılaşdım. Cəzaçəkmə müəssisələrinin Sovetlərdən qalma təmiri yenilənir, türmələr səliqəyə salınır, rənglənir. Deyə bilərsiniz ki, ədalət olsun, qanunlar işləsin, türmələrə də ehtiyac qalmasın. Haqlısınız. Amma deməsəm, yazmasam ədalətimi itirərdim. Çox ağrıdıcıdır ki, nə dustaqların, nə də onları ziyarətə gələn insanların üzündə həyat işığı yoxdur. Çünki bu məmləkətdə cəzaları çox ağır kəsirlər. Məhkəmələr qanundan çox maraqlarını güddüyündən insan taleyilə oynamaq onlara asan gəlir. Təsəvvür edin ki, hər cəzaçəkmə müəssisəsində 700-800 dustaq artıq saxlanılır. Yer yoxdur “cinayətkarlar”ın əlindən. Həmin bu insanların demək olar ki, həyatları sönüb, on minlərlə insanın ailəsi dağılıb, balaları ata üzünə həsrət qalıb, ailəyə qazanc gətrən yeganə adam qəfəslikdə çapalayır, əli heç yerə çatmır. Məcbur, ailənin yükünü tək daşıyan qadınlarımız nə zülümlərlə bazarlıq edib, əzizlərini ziyarətə gəlirlər. Bunu da tez-tez edə bilmirlər, çünki maddi imkanları yerlə sürünür. Hər dəfə həbsxanaya gedəndə öz dərdimi unudub, o zavallı, bir çox halarda da savadsız insanların dərdini çəkirəm. Haqlarını belə müdafiə edə bilmirlər. Səslərini çıxarmağa qorxurlar. Biganə qalmaq mümkün deyil.
Qardaşımız Əziz Orucovu xatırrlayıram, 2 körpə balası atasız böyüyür. Əvəz Zeynallıya qarşı yalan ifadə verən Elçin Sadıqov kimi üzə durmayıb, şərəfini həbsxanadan üstün tutan Elnur Şükürovun ata-anası ciddi xəstəlik keçirirlər, üstəlik həyat yoldaşı da xəstədir. Uşaqlarının ataya ehtiyacı olan vaxtda saxta ittihamlarla içəridə yatır. Bir ailə dostumuz var, oğlu Vüsal Süleymanovu məmurlar şəxsi maraqlarına görə həbs ediblər, 6 il məhkəməsi gedib, heç bir ittiham təsdiqini tapmayıb, apelyasiya məhkəməsi 7 ildən 10 ilə qaldırıb cəzasını. 35 yaşını həbsxanada keçirdi. İndi onun ailə quran, oğul-uşaq sahibi olan vaxtıdır. Nə yazıq ki, siyahını artırmaq da olardı, vaxtım imkan versəydi. Genefondumuzu belə dağıdırlar, milli qürurumuzla belə oynayırlar. Dövlət baba olsaydı, bu halların heç biri olmazdı, Azərbaycanın hər bir vətəndaşı onun üçün əziz, doğma olardı…
Kaş ki, olsaydı…”