ABŞ prezidenti işğal altındakı dövlətin prezidentiylə az qala küçə uşağı ritorikasıyla danışır. Kriminal qrup başçısı kimi.

Özü də hansı ki, bu ölkənin əlindən 94-də nüvə silahını alıb, təhlükəsizlik təminatı verən ABŞ-ın prezidenti.

Ukrayna ölüm-qalım mübarizəsini 94-də Amerikayla aparmalıydı. Verməməliydi atom bombalarını.

Nəm-nüm eləyəni də Şimali Koreya kimi təhdid eləməliydi. Necə ki, İndi Şimali Koreyadan it kimi qorxurlar.

Zelenski bu görüşdə deməliydi ki, gətir qaytar nüvə silahımı, dəstəyin gözünə girsin.

Amma ümumilikdə Trampın belə eləməsi çox rəzalətdir. Və yenə deyirəm, qəti özfəaliyyət deyil.

Bu, ABŞ dövlətinin strategiyasının bir parçasıdır. Tramp özbaşına deyil. Ola bilməz.

Bu ABŞ-dı e. Mozambik deyil. Öz prezidenti Kennedini dövlətin maraqlarına qarşı çıxdığı üçün dünyanın gözü qabağında öldürüb, dalınca da “biz elədik, zor elədik” deyən ABŞ.

Görünən isə odur ki, ABŞ hər cür makiyajdan imtina edir.

Eyzenhauer dönəmində CIA-in rəhbəri olmuş Alan Dallas bir zamanlar “biz liberalizm, demokratiya və insan haqları adı altında bütün dünyanı öz hakimiyyətimiz altına keçirəcəyik” demişdi.

Bugün ABŞ bu makiyajdan tam şəkildə imtina edir və kobud gücə sitayiş edən, izolyasionist bir dövlətə çevrilir.

Demokratiya və liberalizmi isə nəinki təbliğ edir, əksinə, artıq ona düşmən kəsilib və dünyanın ən böyük super kiberdiktaturasını qurub dünya hakimi olmaq istəyir. Bu yolda da özünə artıq müttəfiq də seçib: Rusiya.

Pelmerstoun dediyi kimi, siyasətdə daimi dostlar və düşmənlər olmur, daimi maraqlar olur.

Dünın Rusiya düşmən idi, Ukrayna dost, bugün Rusiya dostdur, Ukrayna düşmən. Demokratiya söhbətlərini isə artıq tullayıblar bir kənara.

Trampı Ukraynanı təslimiyyətə məcbur etdiyi üçün H**lerə güzəştə getmiş BB baş naziri Çemberlenə bənzədirlər. Lakin, qəti uyğun müqayisə deyil.

Çemberlen əsl aristokrat idi, üstəlik müəyyən qədər gücsüzlükdən və çarəsizlikdən dolayı güzəştə meyilliydi.

1-ci dünya müharibəsindəki qanlı qırğından çıxan Avropanın yenidən müharibəyə girməsini istəmirdi.

Amma sonda İngiltərəni ayaqda saxlayan silahlanma proqramını da o başlatdı, ölkəsinin şərəfi söhbət mövzusu olanda da qətiyyətlə müharibəyə girdi.

Trump isə özünü rəsmən avstriyalı rəssam kimi aparır və yenə deyirəm, bu onun özfəaliyyəti deyil.

Əksi olsaydı, indiyə ABŞ siyasi isteblişmentindən normal etirazlar görərdik. Görürükmü? Zırt. 3-5 kövrək səs. Vəssəlam. Qalan hamısı susub.

Çünki, Tramp Taleyranın dediyi, pis işləri görən “bir cüt çirkli əl”dir və onun bugün etdikləri ABŞ dövlətinin xəttidir.

Bu videoda gördüyünüz isə yeni ABŞ-dır. Dünyanın liderliyindən imtina edib ağası olmaq istəyən ABŞ.

İlkin Rüstəmzadə