
Azərbaycan muğam tarixinin müasir mərhələsi olan Arif Babayev bu dünyadan köçdü. Mən onu ilk dəfə orta məktəbdə oxuyanda – 1968-ci ildə görmüşdüm. Süleyman Abdullayevlə birlikdə Həsən kişinin oğlu Mirzağanın toyuna gəlmişdilər. O, zamanlar kəndə toylar 2-3 gün olurdu. Bu bir toy olmadı, sənət, musiq bayramı oldu.
Arif müəllim o zaman Filarmoniyadan yenicə Operaya keçmişdi, Süleyman Abdullayev isə Filarmoniyanın solisti idi. Bizim rayonda toyları Sabir Mirzəyev, Teymur Mustafayev kimi gənc xanəndələr aparsa da, bu iki gənc xanəndənin toya gəlməsi böyük səs-küyə çevrilmişdi. Arıq, uca boylu, qara saçlı, səsinə bənzər cöhrəsi olan Arif Babayevin səsindən bal damırdı. Süleyman Abdullayev bir qədər Qarabağın məşhur xanəndəsi Ağabala Abdullayevin yolu ilə gedirdi. Səsinin şirinliyindən doymaq olmurdu.
Sonralar Arif müəllimin konsertlərində çox oldum. Operada Məcnun, Kərəm, Aşıq Qərib, Camal obrazlarını tarixə yazdı. İndi də onun Məcnun obrazındakı səsinin tembri yaddaşımda olduğu kimi qalıb.
Sonralar Arif müəllimlə şəxsi tanışlığı başladı. Bir üzgüçülük hövuzu vardı Mirzə Fətəli küçəsində. Ara-sıra ora gəlirdi. Mən də ora üzməyə gedirdim. Əslində Arif müəllim üzmürdü, suda yeriyirdi, mən isə üzürdüm. Yanaşı irəllədikcə maraqlı söhbətlər edirdi. Sonra isə hövuzun çayxanasında çay içirdik. Həmin vaxtlar sonralar avtomobil qəzasında həlak olan Oqtay Əliyev də həmin hövuza gəlirdi. Çay süfrəsi ətrafında Arif müəllimin musiqidən, sənətdən, muğam ifaçılığından təkrarsız söhbətləri, səhnə xatirələri olurdu.
O, sözün tam mənasında böyük bir muğam ustası idi. Seyid və Xan Şuşinskilərdən, Zülfü Adgözəlovdan gələn, Mütəllim Mütəllimov, İldırım Həsənov və Yaqub Məmmədovla davam edən muğam sənətinin müasir mərhələsi idi Arif Babayev.
Keçmiş zamanlarda bazar günləri saat 2-3 arası müğamat saatı olurdu. Arif Babayevin “Rast” muğamı, Süleyman Abdullayevin “Mirzə Hüseyn Segahı” həmin saatın inciləri idi. Fəxri adların layiq olamayan “sənətkarlara” paylandığı son illərə baxanda, Dədə Süleyman “Əməkdar artistdən” yuxarı ad ala bilmədi. Onu da 2012-ci ildə aldı.
Arif Babayevin bir özəlliyi də Azərbaycan mədəniyyətində, Azərbaycan sənətində şəxsiyyət obrazı olmasında idi. Yüksək səhnə mədəniyyəti, alicənablığı, sənətinə böyük sədaqəti vardı Arif Babayevin. O, yalnız muğam ifaçısı deyildi, həm də muğam məktəbi idi. Özü getdi, səsi qaldı. Və bu səs Azərbaycan var olduqca, deməli əbədi olaraq qalacaq. Cabbarın, Seyidin, Xanın, Zülfü Adgözəlovun, Əbülfət Əliyevin, Ağabala Abdullayevin, Yaqub Məmmədovun, müasiri Sabir Mirzəyevin səsi kimi.
Cəmil Həsənli Milli Şuranın Sədri