“Elektron məhkəmə” informasiya sisteminin əsas məqsədi şəffaflıqdır. Bu sistemin yaradılması üçün böyük pullar xərcləndi…
Dünya Bankının maliyyəsi ilə yaradılmış elektron sistemin ictimaiyyət üçün yalnız adı qalıb, özü yoxdur. Hakimlərin fotolarından, tərcümeyi-hallarından tutmuş, məhkəmələrdə baxılan işlərə qədər hamısını sistemdən yığışdırıblar.
Bunun nəyi şəffaflıq oldu?
Hansısa saytlar, onların əməkdaşları murdarlıq edir, məhkəmələrdə tərəf olan şəxslərdən pul istəyir ki, bu barədə məlumatı ictimailəşdirməsin. Bəli, bu cür hallar var. Belələrinə görə bütövlükdə sistemi bağlamaq anormaldır. Qanunsuzluq edənlər sərt şəkildə cəzalandırılsın, onu təkrarlayan olmasın.
Məhkəmələrdə hər gün çoxsaylı ictimai əhəmiyyətli işlərə baxılır. İctimaiyyət bundan necə xəbər tutmalıdır? Siz o proseslərin yerini, vaxtını gizli tutursunuzsa…
Belədirsə, dövlətin milyonları boş yerə niyə xərclənirdi?
Hakimlərlə bağlı məsələyə gəlincə, yayılan söz-söhbətlərə görə, bəzi hakimlər fotolarının sosial şəbəkələrdə yayılmasından, təhqir olunmalarından narahatlıq keçirirlər. Həmin hakimlər başqaları haqqında haqsız qərarlar verəndə narahat olsunlar. Çünki o insanlar da kiminsə övladı, kiminsə atasıdır…
Mən isə hesab edirəm ki, səbəb başqadır. Sistem bağlanana qədər hakimlərin tərcümeyi-halında nə qədər maraqlı məlumatlar oxumuşdum. Tamamilə başqa ixtisas sahibi olub, sonradan hansısa özəl universitetin diplomunu əldə edən kim, hakimlikdən əvvəl hüquqşünas kimi fəaliyyət üçün tələb olunan təcrübəsi olmayanlar…

Aytən Məmmədova