
Nə acı xəbər oldu…
Azərbaycan elminə böyük itki üz verib. Azərbaycanın, Türk dünyasının böyük alimi, görkəmli dilçi, türkoloq, pedaqoq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu əbədiyyətə qovuşub.
Kamil müəllim Azərbaycan dilçilik elminin son mogikanlarından idi. Çox gənc yaşlarından elmi-pedoqoji karyerasına başlamış Kamil Vəli Nərimanoğlu təkçə qazandığı böyük elmi uğurları, istedadı ilə deyil, insanlığı, şəxsiyyəti, yaşadığı vicdanlı və şərəfli həyat yolu ilə də bir örnək idi. Kamil müəllim həyatının böyük bir hissəsini Türkiyədə yaşadı, Türkiyə universitetlərində çalışdı, ancaq sədr müavini olduğu AXCP-yə, rəhbərliyində təmsil olunduğu Milli Şuranın prinsiplərinə, dostlarına heç vaxt arxa çevirmədi.
Onu tanıyıb sevməmək mümkün deyildi. Səmimiyyəti, saflığı, insanlığı ilə tam bir sevgi orbiti yaradardı çevrəsində.
Kamil müəllimin ölümü mənim üçün bir az da şəxsi itkidir. Atamın ən çox sevdiyi dostlarından biri, tələbə yoldaşı idi. Mən Kamil müəllimi ilk öncə atamın dilindən tanıyıb sevmişəm. Onun ölümü ilə sanki atamla bağlı kövrək xatirə ağacımdan bir yarpaq da qopub düşdü, mənə “qızım” deyən insanların çevrəsi bir az da daraldı… Bu hisləri yaşamaq çox üzücüdür.
Allah əziz Kamil müəllimə rəhmət eləsin. Doğmalarının, əzizlərinin başı sağ olsun.
Onun xatirəsini unutmayacağam.