Tofiq Yaqublu: “Mən son sözümü qəhrəman Ukrayna xalqına, prezident Zelenskiyə ithaf edirəm. Bu cinayət işini elə ifşa edəcəm ki, onun saxta olduğunu etiraf etməkdən başqa yolunuz qalmayacaq!”

Bu gün yenə bir gərgin məhkəmə prosesini geridə qoyduq. Tofiq Yaqublu son sözünü yekunlaşdıra bilməsə də bir daha bu cinayət işinin saxta, qondarma olduğunu sübut etdi. Bu aylar ərzində cinayət işinin qurama olduğunu faktlarla kifayət qədər ictimailəşdirmişəm. Ancaq bu günə qədər ittiham tərəfi Tofiq Yaqublunun cinayət törətdiyinə dair bircə dənə də olsun ortaya sübut qoya bilməyib. Dələduz müstəntiq Abdulla Cəlilli cinayət işi materiallarına T.Yaqublunun cinayətinin “sübutu” kimi Qubad bəyin məhkəmə önündə jurnalistlərim hazırladığı videoreportajlardan götürülmüş şəkillər qoyub. Şəkillərdə isəTofiq Yaqublunu sadəcə məhkəmə önünə gələnlərlə söhbət etdiyi, müsahibə verdiyi əks olunub. Onun Elnurla nə danışdığını, nə görüşdüyünü əks etdirəm bircə şəkil belə yox.

Elnur Məmmədov ilkin ifadəsində demişdi ki, guya T.Yaqublu ilə 2000-ci ildən dostdurlar. Sonra məhkəmədəki ifadəsində dedi ki, 3-4 il olar möhkəm dostdurlar və Qələbə kinoteatrının önündə müxalifətin keçirdiyi mitinqdə tanış olublar, dostluqları da oradan başlayən. T.Yaqublu son sözündə bildirdi ki, Qələbə kinoteatrının önündə axırıncı mitinq 2005-ci il 26 noyabrda olub. Mən Elnurla necə 3-4 əvvəl Qələbənin önündə tanış ola biıərdim?

T.Yaqublu:

“Mənim tanıdığım xeyli imkanlı tanışlarım, dostlarım var. Onlardan rahat pul da istəyə bilərdim, amma bu qədər çətin vəziyyətdə yaşamağıma baxmayaraq heç vaxt üzüm tutub tanışlarımdan pul istəməmişəm. İndi siz necə düşünürsünüz, imkanlı tanışlarımdan pul istəyəm mən Elnur tiplərindənmi pul istəmişəm? Evimizdə axtarış zamanı Maya xanımın qeydiyyat dəftərlərini götürmüşdünüz. Bizim ailənin maliyyə işlərinə Maya xanım baxır. Mənim nə pulum olsa, gətirib Maya xanıma verirəm, sonra da ondan cib xərcliyi alıram. Bu dəftərlərdə isə Maya xanım kimə borcumuz olduğunu, kimin borcunu qaytardığımızı qeyd edib. Bu dəftərin özü elə bu cinayət işinin saxta olduğunu əyani sübut edir”.

“Elnur Məmmədov guya Elşən Hüseynovla danışarkən ona deyib ki, Tofiq Yaqublu miqrant alverində nömrə 1-dir və xeyli adamı miqrant kimi Avropaya göndərib. Əgər mən nömrə 1 idimsə, mənim onda gərək maddi sıxıntım olmasın. Məni 28 May metrostansiyasında həbs etdilər. Mənim maşınım ola-ola niyə metro ilə getdiyimi deyim. Maşında cəmi 10 litr benzin var idi. Benzin almağa imkan yox idi deyə, metro ilə getməli oldum. Nömrə 1 olan Tofiq Yaqublunun maşınına benzin almağa pulu yoxdur, ancaq evindən avrolar, dollarlar, manatlar çıxır. Necə olur mənim evimdən 7 min avro və 5 min manat “tapırlar”, amma cibimdə həmin gün cəmi 23 manat pul olur?”

“Məni həbs etmək planı əvvəlcədən var idi. Araya birini salmışdılar. Guya mənə xüsusi rəğbəti varmış və mənim belə çətin şərtlər altında yaşadığımı bilir. Həmin adam da guya çevrəsindəki imkanlı tanışlar vasitəsi ilə mənə sanballı dəstək olmaq istədiklərini bildirdi. Sanballl dəstək isə 60 min manat idi. İndi bildinizmi bu 60 min manatın kökü haradan gəlir?”

“Elşən Hüseynov polisə şikayətində deyib ki, T.Yaqublu ona 1 günə Almaniyaya viza və bu ölkənin vətəndaşlığını söz verib və bunun üçün ondan 60 min manat alıb. Ancaq bir günə düzəltmədiyi üçün pulu mənimsənilib. Sonra ifadəsində deyir ki, 25 min avro və 10 min manat vermişəm. Adamın qızıl dükanları var, Almaniyada maşın biznesi ilə məşğul olur, ancaq avronun kursunu bilmir. Bu necə mümkün ola bilər şikayətdə 60 min manat desin, ifadəsində 25 min avro və 10 min manat? Bunu ona görə ediblər ki, bu işin bir ucunu Ganimat Zayidova bağlasınlar. “Çox ağıllı” Abdulla hələ bilmir ki, Qənimət bəy Fransada yaşayır, Almaniyada yox. Heç özünün Fransada vətəndaşlığı yoxdur, amma Elşən Hüseynova vətəndaşlıq düzəldir.
Adamın 25 min avrosu və 10 min manatı mənimsənilib, ancaq ifadəsini verdikdən-mənə şər atdıqdan sonra aradan əkilib. Özü xəstədir, ölürsə, arvadı Sədaqət Hüseynova məhkəməyə gələrdi, o da gəlmirdisə, dostu Amil Dadaşov gələrdi və o da gəlmirdisə, vəkili gələrdi. Niyə ortada yoxdurlar? Bu adamlar sadəcə onlara tapşırılanı etdilər və aradan çıxdılar!”

T.Yaqubludan hakim Elnur Nuruyevə replika

“Yuxulamayın, diqqətlə qulaq asın”.

Məhkəmədə T.Yaqublu son sözünü deyərkən hakim Elnur Nuruyev əsassız yerə “ittihamdan kənara çıxmayın” deyib T.Yaqubluya xəbərdarlıq edirdi ki, məhkəməni onun iştirakı olmadan keçirəcək.

Buna cavab olaraq T.Yaqublu bildirdi ki, bəhanə gətirməyin, son sözüm uzundur deyə, dinləməyə hövsələniz çatmır, prosesi tez yekunlaşdırmaq istəyirsiniz.

Elnur Nuruyev: “Siz bunları məhkəmə istintaqı zamanı detallı demisiz. Son sözünüzü deyin”.

T.Yaqublu: “Bunu mənə Tural Yaqubov dedi ki, son sözümü deyim”.

Hakim Elnur Nuruyev duruxur.

T.Yaqublu: “Mən aylarla məhkəməyə bu cinayət işini ifşa edən o qədər sübutlar, faktlar təqdim etdim, amma Tural Yaqubov gəlib mənə 10 il azadlıqdan məhrumetmə cəzası istədi. Gördüm ki, mənim ifşalarım, sübutlarım, faktlarım ona çatmadı. Ona görə bir də sizin üçün bu ifşaları edirəm ki, hər şey bir daha aydın olsun”

P.S Bu gün məhkəmə binasının ətrafına xeyli sayda maşınlarda, avtobuslarda polis dəstələri gətirmişdilər. Bir ”dələduz” üçün bu nə həyəcan təbilidir, görəsən? Demirsinizmi ki, Tofiq Yaqublu siyasi məhbus deyil, onda bu təşviş nədəndir? Əgər Tofiq Yaqublunun cinayətkar, dələduz olduğunu deyirsinizsə, niyə məhkəmə prosesindən canlı yayım etmirsiniz? Niyə xalqa “dələduzu” tanıtmırsınız? Niyə məhkəmə önünə Tofiq Yaqublunu müdafiə etmək üçün gələn adamlardan narahatsınız? Hanı o “ölkədə siyasi məhbus yoxdur” deyən təyinatlı deputatlar, haradasınız? Niyə gəlib adamı necə siyasi məhbus etdiklərini öz gözünüzlə görmürsünüz?

Bu məhkəmənin tək qalibi Tofiq Yaqubludur!

Dəstək üçün məhkəməyə gələn hər kəsə təşəkkür edirəm. Var olun! Dəstəyiniz bizim üçün dəyərlidir.

Nigar Həzi