Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Günüdür. Hər ilin bu tarixi dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da qadınlara məxsus xüsusi gün kimi qeyd edilir. Bu gün bütün qadınlara diqqət göstərilir, qadınların üzünə sevinc qonur. Qadın xoşbəxt olunca ətrafını, bütün dünyanı səadətə bələyir.
Tarixin bütün dövrlərində Azərbaycan qadınları xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermiş, Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişlər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalmışdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanmış qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamış, yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Bu gün Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə dövlət qadın siyasətinin dövlət səviyyəsinə qaldırılmasının Ümummili Liderimiz Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev sosial həyatın bütün sahələrində qadınların önə çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüş, qadın problemlərinə xüsusi diqqət yetirmiş, məhz dahi liderin rəhbərliyi ilə 1998-ci ildə qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, ölkəmizdə Azərbaycan qadınlarının ilk qurultayı keçirilmişdir. 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması isə respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ olmuşdur.
Ölkəmizdə dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Azərbaycanda qadınların hüquqları bir sıra dövlət proqramları və məcəllələrlə təsbit olunur, cəmiyyətdə yeri və nüfuzu daha da artmış müasir Azərbaycan xanımları mühüm dövlət qurumlarında fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib.
Bu gün həm də xalqımıza qələbə sevinci yaşatmış, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, onları əsl qəhrəman kimi böyüdən analara da bir o qədər də borcluyuq.
Mən cəmiyyətimizin əziz parçası olan Azərbaycan qadınlarının hər birini 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı və xoşbəxtlik arzu edirəm.

Nigar Eminli
Dòvlət Idarələri və Ìctìmaì Xidmət Işçiləri Həmkarlar
Ìttifaqı Zaqatala rayon komitəsìnin sədri