Dünən ölkənin ən dürüst adamı Tofiq Yaqubluya “dələduzluq” ittihamı ilə 9 il iş verdilər.

O, ssenarişləşdirlimiş, dedektiv kimi qurulmuş bir ittihamla mühakimə edildi. Tofiq Yaqublunun artıq 4-cü dəfə saxta ittihamla həbsi ölkənin hüquq sisteminin həm üzünü, həm də astarını ortaya qoydu. Tofiq Yaqublu nəinki 9 il, heç 9 saat, heç 9 dəqiqə, heç 9 saniyə cəzayə uyğun gələn əməl törətməmişdi.

Onu siyasi fəaliyyətinə görə, tənqidi mülahizələrinə, sosial mediada fəal vətəndaş mövqyinə görə tutdular. Şübhəsiz ki, Tofiq Yaqublunun həbsinin müstəntiqi də, prokuroru da, hakimi də İlham Əliyevdir. Hökm də onun hökmüdür. Tofiq Yaqublu bilavasitə İlham Əliyevin məhbusudur.

Azərbaycanda məhkəmlər ədalət simvolu olmaq meyarını artıq çoxdan itirib, hüquq institut olmaqdan çıxaraq siyasi cəza aparatına çevrilib. Ötən 10 ay ərzində Tofiq Yaqublu parlaq bir məhkəmə prosesi apardı. Bəli, prosesi məhz Tofiq Yaqublu apardı, ona qarşı irəli sürülən saxta ittihamları darmadağın etdi. Daşdan keçən sübutlar qoydu ortaya. Amma hakim Elnur Nuriyev yuxarıdan gələn hökmü oxudu. Bunun üçün 9-10 ay məhkəmə keçirməyə nə ehtiyac vardı.

Telefon şirkəti arayış verdi ki, iddia edilən vaxtda rüşvət verənlə “rüşvət alan” arasında 15-20 km məsafə olub. Yəni sseniradə Zabart kimi qeyd edilən yerdə rüşvət faktı “həyata keçiriləndə” Tofiq Yaqublu Pirşağıda olub. Bu fakt işi, prosesi, ssenarini yerli-dibli dağıdırdı. Yalnız bu fakt cinayət işinə xitam vermək üçün yetərli idi.

Tofiq Yaqublu 130 səhifəlik son söz dedi. Başına gələnləri və gətrilənləri öz son sözündə müfəssəl şəkildə təsvir etdi. Dedektiv kimi bir əsərdir. Proses göstərdi ki, Tofiq Yaqublu qanuna zidd heç bir addım atmayıb, hər hansı bir cinayət əməli törətməyib. Əksinə ona qarşı cinayət törədilib, ssenari yazılıb, saxta ittiham quraşdırılıb, hüquq, xalq, millət, əgər varsa dövlət adına saxta məhkəmə hökmü oxunub.

Tofiq Yaqublu bu ölkənin örnək şəxsiyyətlərindən biridir, sözün tam mənasında bir qəhrəmandır, onun həyatı dürüstlük, xalqa, millətə sədaqət örnəyidir. Həyat hekayəsini vicdanının meyarı ilə yazan belə bir qəhrəmanı, vətəndaşı, yurddaşı dələduzluqda ittiham etməkdən daha böyük rəzalət ola bilməz. Oğrular, dələduzlar, rüşvətxorlar, korrupsionerlər, kleptokratlar birləşərək Tofiq Yaqublu kimi təmiz, vicdanlı, aydan-arı, sudan-duru tər-təmiz bir adamı şərlə, böhtanla, həyasızlıqla tutdular, onun da ömrünün 9 ilini oğurladılar.

Dünən axşam məhkəmədən sonra Qənimət bəylə “Azərbaycan saatı”nda bu saxta istintaq, məhkəmə və hökm haqqında geniş söhbətimiz oldu. Orada çox şeyə toxunduq.
Link şərhdə.

CƏMİL HƏSƏNLİ MİLLİ ŞURANIN SƏDRİ