
Rusiyanın Azərbaycanı işğal təhlükəsi nə qədər realdır ?
Moskvanın hədələri demokratiyanı necə milli təhlükəsizlik məsələsinə çevirir ?
Dəfələrlə qeyd etmişik ki, Rusiya Ukrayna müharibəsində strateji məğlubiyyətə uğramasa, bu, təkcə Avropanın təhlükəsizliyi üçün deyil, bütün keçmiş sovet məkanında var olan dövlətlərlə bağlı böyük təhdidlər yaradacaq.
Dünən Rusiya XİN sözçüsü Zaxarova rəsmi olaraq bunun anonsunu etdi. O, deyib ki, ümid edirik ki, NATO-kimi “aqressiv hərbi blok”la əməkdaşlığını dərinləşdirən Azərbaycan və Ermənistan Rusiyanın narahatlığını başa düsəcəklər.
Aydın görünür ki, 3 il öncə bənzər bəhanələrlə Ukraynaya hücum edən Rusiya, indi oxşar tezisləri Cənubi Qafqazla bağlı dilə gətirir. Ancaq bu gün nə Azərbaycan, nə də ki, Ermənistan bəzi təlim proqramları istisna olmaqla NATO ilə heç bir əməkdaşlıq, birgə fəaliyyət həyata keçirmir. O, halda Zaxarovanın NATO deyəndə bu blokun üzvü olan Türkiyəni nəzərdə tutduğu özlüyündə aydın olur. Bu bəyanatdan belə çıxır ki, Ukraynanın Avrointeqrasiya kursu Moskva üçün nə idisə, indi də Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Ermənistanın bu ölkə ilə münasibətləri normallaşdırması da, Kreml üçün eyni dərəcədə təhlükəli risqlər yaradır.
Rusiya bütün resurslarını Ukrayna cəbhəsinə yönləndirdiyi bir vaxtda, Türkiyə Cənubi Qafqaz ölkələri ilə əlaqələri dərinləşdirərək öz geosiyasi təsir gücünü artırımaqdadır. Bu Rusiyanın vaxtı ilə özünün arxa baxçası saydığı bu regionda Ankaraya uduzması deməkdir. Ancaq Moskvanın narahatlığı təkcə bununla da bitmir. Kreml bunun ardınca özünün əsas geosiyasi rəqibi saydığı Avropa Birliyinin regionda möhkəmlənə biləcəyindən, ona qarşı Türkiyə ilə müttəfiqlik edəcəyindən cox əndişələnir.
Kremldə görürlər ki, bir zamanlar Avropa müşahidəçilərinin sərhəddən çıxarılmasını sülhün şərtlərindən biri kimi tez-tez səsləndirən Azərbaycan, indi bu tələbini daha dilə gətirmir, arxa plana keçirib. Putin rejimi üçün bu məsələ, onun anti-Qərb strategiyasından kənara çəkilmək deməkdir.
Eyni zamanda bu yaxınlarda Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiyanın Ukraynadakı işğalına qarşı cavab tədbirlərinin əsas müzakirə mövzusu olduğu Avropa Siyasi Cəmiyyətinin toplantısına qatılması və növbəti toplantının 2026 -cı ildə İrəvana, 2028 – ci ildə isə Bakıya təyin olunması, Avropanın Cənubi Qafqaza təsiri ilə bağlı Kremlin geosiyasi narahatlıqlarını daha da artırıb.
Son zamanlar Kremlə bağlı rəsmi və qeyri-rəsmi şəxslərin səsləndirdikləri hədələyici bəyanatlar da Rusiyanın Cənubi Qafqaz ölkələrinin, o cümlədən də Azərbaycanın suverenliyi üçün getdikcə artan bir təhlükəyə olduğunu göstərməkdədir. Ötən ay Putinin müşaviri Anton Kobyakov SSR-ni dağılmağını bildirən açıqlaması ilə, əslində, gücü yetəcəyi təqdirdə Moskvanın bütün keçmiş Sovet məkanına yönəlmiş işğalçı iddiasını legitmləşdirməyə çalışdı. Onun bu açıqlamasını Putinin Ukrayna müharibəsindən sonrakı hədəflərinin hüquqi əsaslandırması da saymaq olar.
Ondan sonra isə Putinin baş ideoloqu Duqin daha açıq şəkildə bildirdi ki, Ukrayna Rusiya imperiyasının bir vahidinə cevrildikdən sonra, bütün keçmiş sovet respublikaları Rusiya imperiyası tərkibində udulacaq. Bunudan sonra isə “hər hansı muxtariyyətin və liberal dəyərlərin olmadığı sərt şaquli hakimiyyətin idarə etdiyi millətlərüstü makrodövlət yaranacaq. Bu qədər açıq və təhlükləli.
Bütün bunlar 2022-ci ildə Azərbaycan hakimiyyətinin müttəfiqlik münasibətləri qurduğu dövlətin əsas niyyətini göstərməkdədir. Ona görə də Azərbaycan hakimiyyəti öz müttəfiqinin suverenliyiniz üçün yaratdığı strateji təhlükəsini ciddi dəyərləndirərək, Türkiyə ilə yanaşı, getdikcə hərbi strateji sahədə də güclənən Avropa Birliyi ilə daha çox yaxınlaşmağa çalışmalıdır.
Bunun üçün gərək Azərbaycan hakimiyyəti Avrointeqrasiya ilə bağlı öz mövqeyini açıq ifafə etsin və ölkəni diktaturaya doğru sürükləmək planlarından imtina etsin. Bu həm də ona görə lazımdır ki, Avropa Siyasi Cəmiyyətinin üzvü kimi Azərbaycan AB -yə inteqrasiya hədəfini bəyan edərsə, o zaman Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizlik strategiyası çərçivəsində dəyərləndiriləcək bir məsələyə çevrilə bilər.
Ancaq bunun da yolu olkədə repressiyalara son verilməsindən, demokratik dəyərlərə düşmən münasibətin dəyişməsindən, insan hüquqları və media azadlıqlarının təmin edilməsindən keçir. Əgər bunlar olmayacaqsa Azərbaycan dəyərlər zəminində Avropa ilə yaxınlaşa bilməyəcək və münasibətlər ticari-iqtisadi partnyorluqdan o tərəfə keçməyəcək. Bu isə Azərbaycan dövlətini təhdid edən Rusiya təhlükəsinə adekvat deyil.
Yuxarıda qeyd etdiiklərimiz onu göstərir ki, demokratiya bu gün həm də ölkəmizin milli təhlükəsizlik məsələsinə çevrilib. Bu baxımdan Rusiya təhlükəsi qarşısında Azərbaycanın cəmiyyətin daxili birliyini və müqavimət imkanlarını artırmağın yolu, siyasi mübarizəni düşmənçilik səviyyəsinə qaldırmadan, insanlara milli maraqlar ətrafında birləşə bilmək imkanları saxlamaqdan keçir.
Fuad Qəhrəmanlı