İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, bu ilin səviyyəsində götürülüb.

Bu barədə Maliyyə Nazirliyinin bu gün, aprelin 15-də açıqlamasında qeyd edilir.

2017-ci ilin martından Azərbaycanda manatın məzənnəsi sabit saxlanır. O vaxtdan 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabər sayılır. 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş vermişdi, nəticədə manat iki dəfə dəyər itirmişdi. Sonrakı 1 il 3 aylıq dönəmdə isə manatın məzənnəsində müəyyən düşüş və artım yaşanmışdı.

Həmin devalvasiyalar öncəsi dünyada neftin qiymətində kəskin ucuzlaşma baş vermişdi.

Son bir ayda da dünyada neftin qiymətində müəyyən azalma baş verir. Hazırda bir barel neftin qiyməti təqribən 65 dollardır. Azərbaycanın 2025-cü il dövlət büdcəsində neftin bir bareli 70 dollar götürülüb.

Müstəqil iqtisadçılardan Zöhrab İsmayıl bugünlərdə AzadlıqRadiosuna bildirib ki, neftin qiyməti 65 dollardan da aşağı düşərsə, manatın kursunu saxlamaq problemə çevrilə bilər: “Hazırkı tarazlıq neftin bir bareli 70 dollar olarsa, qoruna bilir. Hələ keçən ilin son rübündə biz gördük ki, Mərkəzi Bankın ehtiyatları azalmağa başladı. Bu ilin əvvəlindən də görürük ki, Mərkəzi Bank ehtiyatlarını artıra bilmir və ya çox az artıra bilir. Yəni, bu qiymət Azərbaycan iqtisadiyyatında sabitlik üçün son həddir… Bu, uzun müddət davam etsə, yeni bir devalvasiya dalğasına gətirib çıxara bilər”.

Azadlıq radiosu