AXCP sədri İsrail-İran savaşı ilə bağlı cəmiyyətə nə təklif etdi?

“İsrail-İran savaşı davam etdikcə hər gün daha böyük faciələrə səbəb olur.

Hər gün çoxlu sayda dinc sakin də savaşın qurbanı olur. Artıq mülki obyektlər, xüsusilə də şəhər infrastrukturu və yanacaq enerji kompleksi hədəfə çevrilir. Uşaqlar, dinc insanlar öldükcə, yaşayış binaları dağıdıldıqca qarşılıqlı nifrət daha da artır. Qarşılıqlı nifrət savaşın daha qanlı, daha amansız və daha böyük miqyaslı mərhələyə keçməsinə zəmin yaradır.

Azərbaycan cəmiyyətində qonşuluğumuzdakı savaşa münasibət birmənalı deyil.

Əhalimizin bir hissəsi qonşu dövlət olaraq İrana rəğbətlə yanaşır. İranla ortaq tarix, mədəniyyət bağları, əhalimizin əhəmiyyətli hissəsinin inanc yaxınlığı səbəbindən həmin insanlar İranın ağır bombardmana məruz qalmasına kəskin etiraz edirlər.

Ancaq xalqımızın başqa bir hissəsi də 2-ci Qarabağ savaşında yanımızda olan, Azərbaycana açıq dəstək verən İsrailə rəğbətlə yanaşır. İranın nüvə proqramının İsrailə mövcudluq təhlükəsi yaratdığına diqqəti cəlb edirlər. İran hakimiyyətinin zaman-zaman Azərbaycanı da təhdid etdiyini xatırladırlar.

Azərbaycan əhalisinin daha böyük çoxluğu isə İsrail – İran savaşına daha çox Təbrizin, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın gözü ilə baxır. Təbriz viran olarsa, Azərbaycanda kimsənin üzü gülməz. İranda yaşayan 30-40 milyon cənubi azərbaycanlı məmnun olarsa, o məmnunluq bizə də sirayət edər.

Bu qədər fərqli fikirlərin, cərəyanların qarşılaşdığı Azərbaycan toplumunda məncə, ən azı üç məsələ var ki, onlara münasibətdə biz xalq olaraq konsensusa gələ bilərik.

  1. Bu müharibə daha da böyüməsin və heç bir halda bizim ölkəmizə sıçramasın.
  2. Bu savaşda dinc insanlar ölməsin, daha bir humanitar fəlakət yaşanmasın. Təəssüf ki, heç bir savaşda dinc insanların itkisindən tam yayınmaq olmur. Ancaq 2-ci Qarabağ savaşı zamanı Azərbaycan ordusu sübut etdi ki, yaşayış binalarını dağıtmadan da müharibə aparmaq olur. Ona görə də hər iki ölkənin raketləri, bombaları yaşayış binalarına tuşlanmamalıdır.
  3. Savaşdan öncə ABŞ-la İran arasında ümidverici sülh danışıqları gedirdi. Hər iki tərəf bəyan etmişdi ki, pozitiv nəticəyə çox yaxınlaşıblar. Həmin danışıqları bərpa edib, qarşılıqlı kompromislər tapmaq və bu savaşı bir an öncə bitirmək lazımdır”.

Əli Kərimli
AXCP sədri.