AXCP lideri Əli Kərimli: “Əgər Tramp istəsə, Əliyevin bütün 375 nəfər siyasi məhbusu azad etməsinə nail ola bilər”

Dostlar, Fransa Beynəlxalq Radiosu (fransızca qısa şəkildə RFİ) məndən çox əhatəli müsahibə götürüb. Çox aktual suallar verilib, mən də onları əhatəli cavablandırmişam. Fransa Beynəlxalq Radiosu çoxmilyonluq auditoriyası olan mühüm KİV-lərdən biridir. Onu Fransa parlamenti təsis edib. Bu radioda çalışan 1042 nəfər jurnalist radionun informasiyalarını 15 dildə bütün dünyaya yayır. Mənimlə müsahibənin rusca variantının linkini şərh bölümünə əlavə edəcəm. Burada isə müsahibənin 1-ci hissəsini azərbaycan dilində təqdim edirəm. Müsahibə böyük olduğundan 2-ci hissəni sizə növbəti dəfə təqdim edəcəm.

Fransa Beynəlxalq Radiosu müsahibəyə belə giriş edib:

ABŞ Dövlət Departamenti bu həftə dünyada insan haqlarının vəziyyətinə dair 2024-cü il üzrə hesabatını dərc edib. Azərbaycanla bağlı bölmədə işgəncə və qanunsuz qətllər, söz azadlığının məhdudlaşdırılması, ictimai fəallara və müxalifətçilərə qarşı təqiblərdən bəhs edilir. Hesabat Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfərindən bir neçə gün sonra dərc edilib. Bu səfər zamanı Donald Trampın vasitəçiliyi ilə Ermənistanla sülh sazişinin mətni razılaşdırılıb. RFİ-nin Rusiya xidməti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə Əliyevin xarici və daxili siyasəti, Trampla dostluğu və Putinlə çəkişmələri, demokratik dəyişiklik perspektivləri və Avropanın gələcəyi, eləcə də ermənilərin Qarabağa və azərbaycanlıların Ermənistana nə vaxt qayıda biləcəkləri barədə danışıb.

RFİ: Həftənin əvvəlində Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri sülh sazişinin razılaşdırılmış mətnini dərc ediblər. Bu sənədi necə qiymətləndirirsiniz?

  • Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi əsasən beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən əsas prinsipləri əsasında hazırlanıb. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, bir-birinə qarşı zor işlətməkdən və zor tətbiq etmək hədəsindən imtina və digər beynəlxalq hüquq prinsipləri ölkələrin dinc yanaşı yaşaya bilməsinin əsas şərtləridir. Hazırlanmış sülh sazişinə Azərbaycanda ciddi etirazlar yoxdur. Biz də müxalifət olaraq bu sülh sazişinin mümkün qədər tez imzalanmasından yanayıq.

RFİ: Əliyevlə razısınızmı ki, Tramp Nobel Sülh Mükafatına namizəd olmağa layiqdir? Yoxsa o, sadəcə olaraq, Moskvanın, Avropanın və Ağ Evdəki sələfinin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında illərlə aparılmış danışıqların nəticələrini mənimsəyib?

  • Əvvəla, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının hazırda obyektiv əsası var. Əvvəllər bu iki ölkə ona görə müharibə edirdi ki, Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinin bir hissəsini işğal etmişdi. Azərbaycan da bu işğal faktı ilə barışmırdı. Həmin vəziyyət qaldıqca kimin vasitəçi olmasından asılı olmayaraq, bu iki ölkənin arasında sülh mümkün deyildi. Azərbaycan ordusu Ermənistanın əvvəllər işğal etdiyi əraziləri azad etdikdən və Ermənistan hökuməti də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdikdən sonra müharibənin davamı üçün obyektiv zəmin qalmadı. Hətta mən deyərdim ki, Rusiya tərəfindən sülhə maneələr olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh sazişi indiyə qədər çoxdan bağlanmış olardı.

Həqiqətən də Avropa ölkələri, ABŞ-ın əvvəlki adminstrasiyası və Türkiyə bu gün əldə edilməkdə olan sülh razılaşması üçün çox iş görüblər. Ancaq o da faktdır ki, onlar hamısı birlikdə sülh üçün əsas maneəni – Rusiya maneəsini axıradək zərərsizləşdirə bilməyiblər. Azərbaycan – Ermənistan sülhü üçün Rusiya faktorunu hələlik yalnız ABŞ prezidenti Tramp zərərsizləşdirə bilib. Putin üçün ABŞ prezidenti Trampla münasibətləri qoruyub saxlamaq çox önəmlidir. Ona görə də o Trampın Cənubi Qafqazda sülh yaratma işinə ən azı hələlik təmkinli yanaşır.

Ona görə də deyə bilərik ki, Azərbaycan və Ermənistanın məhz bu günlərdə sülh barədə razılaşma əldə etməsi məhz prezident Trampın xidmətidir. O bu sülhyaratma səylərinə görə Nobel Sülh Mükafatını da haqq edir.

Ancaq ona da şübhə etmirəm ki, prezident Trampın Nobel Sülh Mükafatı almasının taleyini daha çox onun hazırda davam edən iki qanlı savaşı dayandıra bilməsi həll edəcək. Söhbət Rusiya – Ukrayna savaşının və Qəzza bölgəsindəki savaşın durdurulmasından gedir. Bəşəriyyətin hazırda iki böyük bəlası olan bu fəlakət müharibələrin dayandırılmasına yalnız ABŞ prezidenti Tramp nail ola bilər. Dünyada sülh yaratmağı özü üçün prioritet vəzifə elan etmiş ABŞ prezidenti Trampdan dünyanın əksər hissəsinin hazırkı gözləntisi Rusiya-Ukrayna savaşının və Qəzzadakı savaşın beynəlxalq hüquqa və ədalətə uyğun həllinə nail olmaqdır.

RFİ: Bakı ilə Moskva arasında münasibətlərin kəskin soyumasını necə izah edirsiniz? Siz dəfələrlə Əliyevi Putinin Qafqazdakı əsas müttəfiqi adlandırmısınız və birdən o, belə bir qarşıdurmaya getdi… Burada məlum səbəbdən – Yekaterinburqda azərbaycanlıların işgəncələrə məruz qalması və qətlə yetirilməsindən, hansı ki, Əliyev bunları “görməyə” bilərdi – başqa geosiyasi hesablama da var idimi?

  • Mənim müşahidəmə görə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Əliyev Putinlə arasına məsafə qoymağa başladı. Əliyev gördü ki, Rusiya son illərdə çox zəifləyib və artıq ən yaxın müttəfiqlərini də qoruya bilmir. Əksinə, indi Putinin yaxın müttəfiqi olmaq daha təhlükəlidir. Ona görə də Əliyev Əsədin devrilməsinə Rusiyanın bu hadisəyə münasibətindən 180 dərəcə fərqli münasibət ifadə etdi. Rusiya üçün böyük itki olan Əsədin devrilməsini təqdir etdi. Bu artıq Əliyevin Rusiya ilə arasına müəyyən məsafə qoymaq cəhdi idi.

Ötən ilin son günlərində Azərbaycana məxsus sərnişin təyyarəsini Rusiya silahlı qüvvələri vuranda isə Əliyev hesab etdi ki, beynəlxalq təcrid vəziyyətində olan Rusiya öz azsaylı müttəfiqlərindən biri olan Azərbaycanla daha hörmətli davranmalı idi.

Əliyev Putinlə strateji ittifaqı, müttəfiqliyi pozmadan Rusiya ilə münasibətləri onun mövqeyinin də nəzərə alınacağı şəkildə yenidən nizamlamağı təklif edirdi. Əliyev hesab edirdi ki, zəifləmiş Rusiya indi onun maraqlarına daha ciddi hörmət etməlidir. Ancaq Putin ikitərəfli münasibətlərdə Rusiyanın zəifləməsi reallığını nəzərə almaq fikrində deyildi. Tam əksinə, o özü də Əliyevlə münasibətlərdəki status – kvonu dəyişmək fikrindəydi. Putin Azərbaycan rəhbərliyindən tam tabelik tələb edirdi və Azərbaycana münasibətdə saymazyana davranışını davam etdirirdi. Bu səbəbdən də ikitərəfli münasibətlərdə müəyyən gərginlik yarandı.

Ancaq tərəflərin hər ikisi bir-birinə lazım olduqlarını bilirlər və aralarındakı körpüləri tam yandırmırlar. Mövcud gərginliyə baxmayaraq, Əliyev və Putinin hələ də aralarındakı bağı qoparmamasının səbəbi isə onların ideoloji yaxınlığı, hər ikisinin demokratik idarəetməyə nifrəti və beynəlxalq “avtoritarlar klubunu” qoruyub saxlamaq istəyidir. Onları Cənubi Qafqazın Avropaya inteqrasiyasına mane olmaq istəyi də birləşdirir.

RFİ: Vaşinqtona səfər, sülh müqaviləsi üzrə danışıqlar, Naxçıvana yol vədi… İlham Əliyevin indi diplomatik uğurlarının pik nöqtəsində olduğunu demək olarmı?

  • Əlbəttə ki, dəyişən beynəlxalq şərait diplomatiya baxımından Əliyevin mövqeyini xeyli gücləndirib. Ancaq onun repressiya və korrupsiyaya əsaslanan anti – demokratik daxili siyasəti Azərbaycanın dünyaya açılmasına imkan verməyib. Son baş verənlər Əliyevlə bağlı beynəlxalq ictimai rəydəki stereotipləri dəyişməyib. Beynəlxalq mətbuat və bütövlükdə beynəlxalq ictimaiyyət Əliyev hakimiyyətini hələ də sərt avtoritar rejim kimi tanıyır. Dəyişən bir şey yoxdur. Əliyev özü beynəlxalq “avtoritarlar klubunu” tərk etməyib, ölkəyə xarici sərmayə gəlişi daha da azalıb, insan hüquqları ilə bağlı ABŞ və Avropanın, beynəlxalq təşkilatların tənqidi mövqeyi aradan qalxmayıb.

RFİ: Gələk insan haqları məsələsinə. ABŞ administrasiyası ilə xoş münasibətlərin nəhayət Əliyevin bu məsələdə əl-qolunu açacağı ilə bağlı narahatlıqlar varmı?

  • Əliyev daha əvvəllər də beynəlxalq təşkilatlardan və demokratik dövlətlərdən gələn insan hüquqlarına hörmət çağırışı ilə hesablaşmırdı. Açıq etiraf edək ki, bu çağırışlar da çox vaxt çağırış xatirinə çağırış olurdu. Bu çağırışları edən beynəlxalq təşkilatlar və liderlər sanki nəticə əldə etmək üçün yox, vicdanlarını və beynəlxalq demokratik ictimaiyyəti sakitləşdirmək üçün bu çağırışları edirdilər. Daha açıq ifadə edim fikrimi. Əgər Azərbaycan kimi avtoritar rejimlərin olduğu ölkələrdə insan hüquqlarının kütləvi pozuntusu həmin rejimlərlə demokratik dövlətlərin və birliklərin münasibətinə xələl gətirmirsə, davamlı və iqnor edilən çağırışlardan sonra avtoritar rejimə ciddi təsir edəcək praktik addımlar atılmırsa, avtoritar rejimlərin belə dişsiz çağırışları iqnor etməsinə təəccüblənmək lazım deyil. Başqa sözlə, Əliyevin əlləri Trampla yaxşı münasibətlərdən əvvəl də açıq idi. Əlləri bağlı olsaydı, Azərbaycanda 375 nəfər siyasi məhbus olmazdı.

Prezident Trampla Əliyev arasında yaranmış hazırkı xoş münasibətlərin onun repressiya baxımından əl-qolunu daha da açacağına gəldikdə isə bunu birmənalı qiymətləndirmək çətindir. Bir tərəfdən dünyanın ən güclü dövləti olan ABŞ-ın prezidenti ilə normal münasibətlər psixoloji cəhətdən Əliyevin özgüvənini artıracaq. Ancaq digər tərəfdən məsələn, prezident Tramp günlərin birində Əliyevdən Azərbaycandakı siyasi məhbusları azad etməsini istəsə, onun bu çağırışını iqnor etmək asan olmaz. İlk baxışda paradoksal görünən hadisə baş verə bilər. Prezident Tramp istəsə, Azərbaycandakı 375 nəfər siyasi məhbusun azad edilməsinə və digər demokratik dəyişikliklərə nail ola bilər. İndi onda bu imkan hamıdan artıqdır.

Ardı olacaq

azadlıq qəzeti