Allah rəhmət eləsin sənə şəhidim🇦🇿

Qayıtmayacaq Səhər

Hacıhətəmli kəndində günlər bir az yavaş doğurdu. Dağlar susqun, yollar səssiz, insanlar sanki bir xəbəri eşitmək istəmirmiş kimi danışmağa çəkinirdilər. Hər kəsin içində bir boğuntu, bir ümidsiz ümid var idi. Sentyabrın o axşamı kəndin üstündən keçən külək sanki nəsə pıçıldadı. Amma heç kim eşitmədi… təkcə bir ana – gözləri pəncərəyə dikilmiş, əlləri dizində, dodaqları dua pıçıltısında idi.

Qədim doğulanda, martın 28-i idi. Yazın öz nəfəsi təzə-təzə duyulurdu. Körpə səsini ilk dəfə verdiyi anda kəndin qocaman ağaclarında bir quş yuva qurmuşdu. Elə bil təbiət özü də Qədimin doğuluşuna şahidlik edirdi. O gün kənddə bir başqa sevinç vardı. Amma bu sevincin bir gün hansısa şəhid məzarında boy göstərəcəyini kim biləydi…

Orta məktəbi kənddə bitirdi. Sakit idi, amma içində ildırım kimi çaxan bir qeyrət vardı. Vətənlə bağlı danışanda gözləri alovlanardı. Sonra… sonra o könüllü oldu. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi – MAXE kimi döyüş sıralarına qatıldı. Nəfəsi dağlarda, ayaq izi sərhədlərdə, baxışları isə daim göylərdə idi.

2022-ci ilin sentyabrında kənddə narıncı payız başlanmışdı. Ancaq bir gecə… 12-dən 13-nə keçən gecə, sakitliyin səsi pozuldu. Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı Qədim ön cəbhədə idi. Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan – torpaqların hər qarışı onu çağırırdı.

Səhəri gün xəbər gəldi. Kənd susdu. Bir uşağın ilk dəfə məktəbə getdiyi yollar bu dəfə bayraqlarla bəzəndi… amma bu dəfə gülüş yox idi. Qədim şəhid olmuşdu. Vətən üçün, torpaq üçün, gələcək üçün…

15 sentyabrda kəndin qəbiristanlığına bir tabut gətirildi. Bayrağa bükülmüş, əziz, müqəddəs bir tabut. İnsanlar ağlaşmırdı. Sadəcə sükut – fəryadın ən ağır şəkli. Deputatlar, icra nümayəndələri, hərbçilər – hər kəs orada idi. Dualar oxundu, “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” sədaları göyə qalxdı.

Qədim elə həmin qəbiristanlıqda, illər əvvəl Birinci Qarabağ müharibəsində şəhid olmuş əmisi ilə yanaşı dəfn olundu. Sanki tale onu yenidən əmisinin yanına gətirdi. İki şəhid, iki nəsil, bir vətən.

İndi Hacıhətəmlidə bir uşaq doğulanda yaşlı qadınlar deyir:
— Qədim kimi olsun, amma… qayıdan olsun.

Müəllif Rəşad Abidoğlu