Siyasətçi Ruslan İzzətlinin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədəki ifadəsi;

“Stalin metodu ilə hərəkət edirlər…”

Siyasətçi, siyasi məhbus Ruslan İzzətli Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə verib. O bildirib ki, həbsi siyasi sifariş əsasında həyata keçirilib və hakimiyyət uzun illər ona qarşı təyziqləri davam etdirib.
Ruslan İzzətli deyir ki, ilk cəza sağlamlığında problemlərin olmasına baxmayaraq məcburi hərbi xidmətə aparılması ilə olub. Bu cəzaya səbəb 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyəti ilə bağlı olub: “Hakimiyyət düşünürdü ki, məni hərbi xidmətə göndərməklə siyasətdən çəkilməyə məcbur edəcək. Ona görə də ordudan “cərimə batalyonu” kimi istifadə etdi. Saxta sənədlə məni hərbi xidmətə göndərdi.Göndəriş üçün verdikləri sənəddə mənə sağlam yazmışdılar. Necə sağlam idimsə hərbi xidmətin 4-cü ayında böyrəyimdən əməliyyat olundum. Əminəm ki, əgər sovet dövrü kimi Sibir düşərgələri mövcud olsaydı, ora da sürgün edərdilər”.

Ruslan İzzətli bildirib ki, eyni metodlardan Stalin NKVO-si də cümhuriyyətçilərə qarşı istifadə edib. İndi də hakimiyyət siyasi sələflərinin yolu ilə gedir.
Siyasətçi bildirib ki, 2020-ci ildə Parlament seçkilərinə qatılıb və 33 saylı Xətai birinci seçki dairəsində aktiv çalışıb. Saxtakarlıqları ifşa ediblər və dairənin nəticələri ləğv edilib. Bu da hakimiyyəti ona qarşı qəzəbləndirib: “Kin və nifrət üzərində bərqərar olan hakimiyyət dairədə təkrar seçki keçirmək əvəzinə məni cəzalandırmağı hədəf seçdi”.

Ruslan İzzətli deyir ki, ittiham aktı tamamilə saxtadır. İttiham aktında qeyd edilib ki, o, 2021-ci ilin ilk 3 ayı sürücüsünə 1200 manat pul verib. Halbuki həmin ilin iyul ayına qədər Xocavənd istiqamətində təmas xəttində hərbi xidmətdə olub.
Onun sözlərinə görə evində tapılan 4800 avro pulu da polis əməliyyatçıları qoyub: “6 mart 2024-cü ildə saxlanılır və həmin gün sərbəst buraxılıram. 8 mart, yəni iki gün sonra həbs olunuram və hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim edir. İndi ortaya sual çıxır. Əgər evə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?”
Ruslan İzzətli qeyd edib ki, haqqımda məhkəmə qərarı olmadan hakimiyyət rəsmiləri, hakimiyyətin nəzarətində olan media orqanları onun barəsində qaçaqmalçı ittihamı yayaraq təqsirsizlik prizumpsiyasını pozublar. O, bunu Stalin dönəmi ilə müqayisə edib.

“Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə qarşı həmin metodla yanaşır”.

“Toplum TV işi” üzrə həbs edilən siyasətçi deyib ki, o internet televiziyasına könüllü dəstək olub. Dostlarının çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarını burada çalışan könüllü gənclərlə bölüşüb. Toplum TV, FaktYoxla və İDİ-ə qarşı repressiyanı da siyasi qərar adlandıran siyasətçinin sözlərinə görə bu qəddar münasibət III Respublika Platformasının yaranması ilə bağlı olub. O, qeyd edib ki, hakimiyyət tənqidçiləri və alternativləri ilə stalinizm metodları ilə mübarizə aparır.
Onun fikrincə siyasi alternativlərindən və açıq tənqiddən qorxan hakimiyyət xalqı qorxu altında saxlamaq üçün xəyali təhlükə mənbələri və düşmən obrazı yaradır. Qoxu altında saxladığı xalqın sərvətlərini bu yolla asanlıqla talayır.
“Gənc nəsildən və siyasətçilərdən qorxurlar. Anlayırlar ki, gəncləri keçmişin olan və olmayan hadisələri ilə manipulyasiya edib aldada bilməzlər. Ona görə də xalqla və onun təmsilçiləri ilə hüquq- mühafizə orqanlarının dili ilə danışırlar”.

Ruslan İzzətli bu qorxunu hətta Qarabağ müharibəsindən sonra xalqın səsini ala bilməyən , buna görə də seçkini saxtalaşdıran hakimiyyətin isterikaları ilə əlaqələndirib: “Xalq hətta müharibədən sonra seçkiyə getmədi. Ona görə də yüzbaşılar, onbaşılar və admistrativ resurslar seçkini saxtalaşdırdılar, məntəqələrin qarşısında süni görüntü yaratdılar. Müstəqil media və jurnalistlər bu kampaniyanı ifşa etdilər”.
Ruslan İzzətli hakimiyyəti xüsusi qəddarlığı ilə seçilən Kamboca despotu Pol Potun hakimiyyəti ilə müqayisə edib: “Despot Pol Pot rejimi savadlı insanlardan elə qorxurdu ki, hətta gözdə eynəyin olması ölüm hökmünə səbəb olurdu. İndi də bizim “şanlı hakimiyyət” qərb demokratiyasından elə qorxur ki, əlində, evində dollar, avro olanları qaçaqmalçı kimi həbs edir”.

Ruslan İzzətli ifadəsinin sonunda bildirib: “Hakmiyyətin repressiya siyasəti xalqda ümidsizlik, inamsızlıq yaratmasın. Unutmayın, repressiyalar xalqın müqavimət hissini boğmağa xidmət edir. Bu kin və nifrət siyasətinə birlikdə dur deməliyik. Bunun üçün prosesdə seyirci yox, iştirakçı olmalısınız. Bizim və məmləkətin azadlığı sənin addımından asılıdır”.

Qeyd edək ki, Ruslan İzzətli İkinci Qarabağ müharibısi veteranıdır, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

azadlıq qəzeti