Ədəbiyyat səngərinin layiqli əsgəri

Bu gün Remarkın doğum günüdür.

Onu müharibə ədəbiyyatının ən yaxşı nümayəndələrindən hesab edirlər. Remarkın keşməkeşli həyatı olub. Bir vaxtlar onun kitablarını Göbbelsin göstərişiylə yandırırdılar, ədəbiyyat aləminin nümayəndələri onun haqqında qara kampaniya aparırdılar, hətta onun alman vətəndaşlığı ləğv edilmişdi. Amma bir müddətdən sonra ədalət yerini tapır, Almaniya Fedarativ Respublikası qarşısında xidmətlərinə görə orden də alır. Remark müharibədə də iştirak etmişdi, yaralanmışdı və bu dövr onun yaradıcılığı üçün əvəzsiz təcrübə olmuşdu.
Mən onu “Zəfər Tağı”yla tanımışam. Bu əsəri oxuduqdan sonra bir müddət Ravikin obrazı göz önümdə canlanırdı. Daha sonra “Qərb cəbhəsində yenilik yoxdur”, “Üç yoldaş” əsərlərini mütaliə etdim. Məncə, Remarkın müharibə mövzusuna yanaşması təkrarsızdı və onun müharibə romanlarını sevgi romanı da adlandırmaq olur. O müharibə dövrünün müharibədən kənar mövzulara təsirini açıb göstərə bilir. Eyni zamanda Remarkın qəhrəmanlarının dilaoqları düşündürücüdür, aforizmdir.

Remarkın şəxsi həyatı da enişli-yoxuşlu olmuşdu. Həyatından xeyli qadınlar gəlib keçmişdi. Səhv etmirəmsə sonuncu dəfə Çarli Çaplinin keçmiş həyat yoldaşı Qoddarla ailə qurmuşdu.
Remarkın Marlen Ditrixslə sevgi hekayəsi isə ayrıca bir mövzudur. Marlen dünyasını dəyişəndən sora qızı Mariya Remarkın məktublarının dərc etdirir. O, deyirmiş ki, bütün məktublar göz yaşı içində yazılıb.
Ümumiyyətlə, araşdırmaçılar deyirlər ki, Remarkın əsərlərinin baş qəhrəmanları onun məşuqələrinin prototipidir.
“Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar”.
“Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə”.
“Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır”.
“Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir”.
Bu fikirlər Remarkın qadınlar haqqında yazdığı çoxlu fikirlərdən az bir hissəsidir.
Ədəbiyyat səngərinin layiqli əsgərini hörmətlə anırıq.

İlham Hüseyn.