XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən festivalın açılış konsertində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunub.
Mərasimdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirmiş, 2009-cu ildən keçirilən festivalın dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq, beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrildiyini qeyd etmişdir.
Musiqi tariximizin inciləri ilə dolu axşamda Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun ifasında tanınmış bəstəkarlar – Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin musiqiləri, eləcə də xalq mahnıları dinlənilib.
İyulun 29-dək davam edəcək festivalda Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək. Azərbaycanla yanaşı Latın Amerikası, Litva, Gürcüstandan dünyaşöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri öz rəngarəng çıxışları ilə məharətlərini nümayiş etdirəcəklər.