
Oktay Gülalıyev – 55
Öz sağlamlığı bahasına ölkəmizdəki işgəncə rejimini cəsarətlə ifşa etmiş Milli Şura Kordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyevin 55 yaşı tamam olur. Bu yubiley günündə Allahdan arzu edirəm ki, Oktay bəyə şəfa versin.
Oktay bəy Tərtər cinayətlərini ifşa etməyə başlayanda çox təhlükəli bir işlə məşğul olduğunu bilirdi. Bilirdi ki, quyruğunu tapdaladığı cinayətkar dəstə öz məqsədinə çatmaq üçün qurbanlarını işgəncə ilə öldürəcək qədər amansız və qəddar dəstədir.
Oktay bəy həm rəsmən güc strukturları tərəfindən xəbərdar edilmişdi, həm də qeyri – rəsmi hədələnmişdi ki, Tərtər cinayətlərini araşdırmasın. Ancaq Oktay bəy dayanmadı, cəsarətlə cinayətkar dəstəni ifşa etdi.
Nəticəni bilirsiz. Bu gün 55 yaşı tamam olan Oktay bəy son 5 ildən artıq müddətdə koma vəziyyətindədir. Oktay bəyin bu hala salınması nəinki Milli Şuraya, bütövlükdə ölkəmizin demokratik qüvvələrinə və xalqımıza vurulmuş ağır zərbədir.
Oktay bəyin yubiley günündə 5 ildən artıq bir müddətdə Oktay bəyin bütün əziyyətlərinə sevə – sevə qatlaşan ailəsinə dərin hörmətimi ifadə edirəm. Allahdan arzu edirəm ki, Oktay bəyin həyatı bahasına hüquqlarını müdafiə etdiyi minlərlə hüquqsuz, çarəsiz azərbaycanlının dualarını qəbul edib, Oktay bəyə şəfa versin.
Əli Kərimli
AXCP sədri.
Azadlıq qəzeti