Adamlar gecə – gündüz “işləyirlər”. Korrupsiya yolu ilə boş qoyduqları büdcəni doldurmaq üçün baş sındırırlar.
Hərlənib-fırlanıb gəldilər, metro və avtobusda gediş haqqını yenidən artırdılar (sonuncu dəfə bir il öncə artırılmışdı).
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “islahatların” növbəti mərhələsini elan edib: Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;
Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən olunur.
O saat hiss olunur ki, iş başında xaricdə təhsil almış “islahatçı” komandadır. Görürsünüz insanları necə kreativ üsullarla aldadırlar?
Metroda və avtobusda gediş haqqının 10 qəpik artırılmasını xeyli adam hətta məmnunluqla qarşılayacaq. Axı “islahatçılar” dezinformasiya buraxıb, xalqı qorxutmuşdular ki, gediş haqqı 1 manat olacaq. Birinci “kreativlik” bu: gediş haqqını 1 manat edəcəklərilə qorxutduqları insanları 60 qəpiklik gediş haqqı ilə xeyli rahatlatdılar.
“İslahatçıların” 2-ci “kreativliyi”: metro və avtobusda gediş haqqı bu dəfə də 10 qəpik artırılıb. Mentalitetimizi öyrənirlər yavaş-yavaş. Azərbaycanlılar hələ – hələ 10 qəpik söhbəti etməzlər axı. Əslində isə cəmi 1 il ərzində metro və avtobus qiymətləri 50 faiz artırıldı. Fakt budur ki, 2024-cü ilin iyun ayına qədər 40 qəpik olan metroda və avtobusda gediş haqqı əvvəlcə 50 qəpiyə, indi də 60 qəpiyə qaldırılmaqla düz 50 faiz (40 qəpikdən 60 qəpiyə) artırıldı. Xalqı kiçik dozalarla alışdıra – alışdıra yükləyirlər.
Görürsüz, necə pambıqla baş kəsirlər? İlham Əliyev həm də belə qərarlarına görə inanır ki, “nəyi, necə və nə vaxt etməyi yalnız o bilir”.
Siz necə düşünürsüz, xalqı həqiqətən də aldada bilirlər, yoxsa xalq xəbər tutub ki, rejim xalqın cibinə girir, soyğunçuluqla məşğuldur?
azadlıq qəzeti



















