Azərbaycanda hüquqi dövlət quruculuğunu arzulayan hər kəsdən bu müraciəti paylaşmalarını xahiş edirəm

Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə Hüquq-Şurasının sədri Cənab İnam Kərimova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Əli Nağıyevə

Vəkil Aslan İsmayılovdan

AÇIQ MƏKTUB

Hörmətli İnam müəllim!
Asan Xidmətdə nail olduqlarınız mənim kimi bir çoxlarında məhkəmə sistemində olan biabırçılıqlara da son qoyacağınıza böyük ümid yaratdı və çoxlarımız, o cümlədən mən uzun müddət məhkəmə sistemində baş verən qanunsuzluqlara müvəqqəti də olsa susduq. İlk dəfə 4 fevral 2025-ci il tarixdə Sizə ünvanladığım açıq məktubla konkret işlərdə yol verilmiş qanunsuzlaqları sadaladım və (facebook.com/Aslan.Z.Ismayilov/posts/1190855642395747) ümid etdim ki, qanuni tədbirlər görüləcək. Ancaq o işlərin heç birində dəyişiklik olmadı, əksinə elə həmin işlərdə olan qanunsuzluqlar daha kobud formada davam etdi və hazırda davam etməkdədir.

Vəkil Aslan İsmayılov olaraq Sizin, Baş Prokurorun və DTX rəisinin tutduqları vəzifələrin əhəmiyyətini və yazdıqlarımda məsuliyyətimi çox yaxşı dərk edirəm. Ancaq onu da çox yaxşı bilirəm ki, Dövlətimizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün Məhkəmə hakimiyyətinin rolu əvəzsizdir. Məhz buna görə Ölkə Başçısı, cənab Prezident İlham Əliyev Sizi Kənd Təsərrüfatı naziri vəzifəsindən Ali Məhkəmə sədri təyin edəndə bir çoxlarından fərqli olaraq bunun çox uğurlu təyinat olduğuna inandım, çünki Sizin ASAN xidmətdəki bacarığınızı və nailiyyətinizi işdə görmüşdüm. Bu gün də inanıram ki, Siz Prezidentin bu tapşırığını yerinə yetirmək istəyirsiniz. Azərbaycan balaca bir ölkədir və burada kimin kim olduğu, vəzifəsinə necə yanaşdığı qısa zamanda bilinir. Xüsusilə mənim kimi 42 illik hüquqşünas təcrübəmdə hakim, məhkəmə sədri, prokuror, Prezident Administrasiyasında işləmiş, son illər isə vəkil olan şəxs üçün baş verənləri görmək elə də çətin deyil. Onu da gözəl bilirəm ki, qanunlarda hakimlərin müstəqilliyi, qanunların aliliyi yazılsa da reallıqda nə baş verdiyindən də xəbərdaram.

Bu sahə uzun illər o qədər korrupsiyalaşıb ki, qısa müddətdə gözəçarpacaq dəyişikliklər qeyri-mümkündür, çünki uzun illərdir ki, bu sahə bir çoxları üçün heç bir biznes aləminin gətirmədiyi qazanc yerinə çevrilibdir. Ona görə də bu sadə işlə bağlı Sizə müraciət etməyimə təəccüblənməyin. Məhz bu işdə konkret faktlarla, sübutlarla məhkəmələrdə nələrin baş verdiyini görmək olar. Çox istərdim ki, bu yazımdan başqa hər iki məhkəmə prosesində aparılmış çəkilişləri də incələyəsiniz, çünki hər məhkəmə iclasında əvvəlcədən nələrin baş verəcəyini məhkəmələrə bildirmişəm. Məhkəmələrdə dediklərim də tək öz mülahizələrim deyil, həm də aldığım məlumatlar olub. Əminəm ki, bu məktuba ədalətli yanaşılsa məhkəmələri qazanc yerinə çevirənləri görüb cazalandırmaq heç də çətin olmayacaq. Nə qədər çətin olsa da heç olmasa bircə dəfə bunu edin, günahkarların, Sizin fəaliyyətinizə mane olanların adlarını ölkə rəhbərinə çatdırın. Ona görə ki, uzun illərdir bir hakim belə korrupsiya faktına görə cəzalandırılmayıb. Bu davam edəcəyi təqdirdə məhkəmə sistemində heç bir dəyişikliyin olmayacağına əminəm.

Sizə ünvanlanmış bu müraciətim tək vəkil kimi apardığım konkret bir işlə bağlı deyil. 2016-cı ildə icraatıma götürdüyüm Humay Hüseynova işi ilə bağlı elə həmin illərdən dəfələrlə yazılarım, canlı müraciətlərim olub. Bu iş artıq mənim həyatımın bir hissəsinə çevrilib, çünki bu işdə gördüklərim artıq qanun prizmasından çıxıb. Bu işdən xəbərdar olan hər kəs artıq insanlığın, əxlaqın, vicdanın, dinin, imanın rüşvət qarşısında aciz olduğunu anlayar. Ona görə də bu işdə baş verənləri qısaca diqqətinizə çatdırıram.

Təxminən 2006-ci ildə Humay Hüseynova ilə Hüseyn Vəliyev arasında olan ailə münasibətləri (sonuncunun burada yaza bilmədiyim davranışları ucbatından) pozulur və 2009-ci ildə ərinin artıq başqa arvadından da uşağı olduğuna görə H.Hüseynova 2 azyaşlı oğlunu götürüb ata evinə getməyə məcbur olur. Heç bir maddi imkanı olmayan H.Hüseynova təxminən 2 il ərzində kasıbçılıqla uşaqları böyütməklə məşğul olur. 2010-cu ildə H.Hüseynova boşanma və əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət edir. Bu iş qeyri-məhdud maddi imkanları, on milyonlarla varidatı olan, ölkənin ən tanınmış vəkillərini işə cəlb etməyi bacaran H.Vəliyevin atası, zəngin iş adamı Vəli Vəliyevin başçılığı ilə 2014-cü ilə qədər uzadılır. Bu müddət ərzində heç bir əsas olmadan yenə V. Vəliyevin başçılığı ilə 2 oğlan uşağı maddi imkanı və heç bir himayəsi olmayan, keçirdiyi streslərdən xərçəng xəstəliyinə tutulan anadan alınıb guya atalarına verilir. Faktiki isə uşaqlar anadan alınır və babaları ilə yaşamağa başlayırlar, çünki H. Vəliyevin ayrı arvadı və ondan uşaqları olur.

Bu məqamda işdə baş verənlərin mahiyyətini anladan H.Hüseynova ilə qayınatası V.Vəliyevin arasında olan söhbəti diqqətinizə çatdırıram. Məhkəmələrdə heç nəyə nail ola bilməyən, üstəlik balaları da əlindən alınan H.Hüseynovanın V.Vəliyevə “Vəli əmi, axı bu etdikləriniz Allaha ağır gələr” sözlərinə V.Vəliyevdən “sən get işini Allahla gör, mən isə pulla görəcəm. Görək kim udacaq” cavabını alır. Bu yerdə qarşı tərəfin bütün haqsızlıqlarına, Allahsızlıqlarına baxmayaraq bir nüansda haqlarını yemək istəmirəm. Bu iş davam edən 15 il ərzində qarşı tərəf bircə dəfə də olsun müdafiə etdiyim tərəfə əxlaq və mədəniyyətlə bağlı irad bildirməyib.

2014-cü ildə Məhkəmə son qərarını verir və H.Hüseynovaya ancaq H.Vəliyevə məxsus onlarla mülklərdən yalnız adına rəsmiləşən bir əmlakın yarısını verir. 2014-cü ildən 2023-cü ilə qədər bu məhkəmə qərarı dəfələrlə uydurma əsaslarla V.Vəliyevin imkanları və əlaqələri hesabına uzadılır. Qeyd edim ki, bu işə 2016-cı ildə qoşulmuşam və nələrin necə baş verdiyinin əhəmiyyətli hissəsi mənim gözlərim qarşısında baş verib. Nəhayət, 2023-cü il Ali Məhkəmənin son qərarı icraya yönəlir və qarşı tərəf bütün vasitələrlə qərarın icrasını yubatmağa çalışır. Bir müddət məhkəmə icraçılarına əmlaka daxil olmağa və icra işini aparmağa icazə verilmir, sonra əmlakın icarədarlarının icraya mane olmalarını təşkil edilir və s. Sonuncu dəfə 18.04.2024-cü ildə yenə icraya gələn zaman artıq H.Vəliyevin iddiaçıya çatacaq əmlakı məhv edəcəyi bilindiyindən məhkəmə icraçıları və bizim tərəfimizdən əmlakın mübahisəli hissəsi olduğu kimi videoya alındı. Nəhayət, məhkəmə icraçıları 22 apreldə artıq polisi işçilərinin də köməyi ilə icraya gələndə əmlakın H.Hüseynovaya məxsus hissənin darmadağın olduğunu görüb bu barədə akt tərtib etdilər.

Hörmətli İnam müəllim!

Məktubumun bu hissəsində təqsirləndirilən şəxs və onun vəkilinin qanunsuz əməlləri, məhkəmə iclaslarında tək mənə və müdafiə etdiyim şəxsə olan hörmətsizliklərini demirəm, Nəsimi rayon məhkəməsində hakimə, Apellyasiya məhkəməsində isə məhkəmə heyətinə göstərdikləri hörmətsizliyə, hakimin və məhkəmə heyətinin onların qarşısında aciz olmalarına xüsusi fikir verməyinizi xahiş edirəm.

Nəsimi məhkəmə icraçısı onun qanuni tələbini yerinə yetirmədiyinə görə Nəsimi rayon məhkəməsinə müraciət edir. Mənim təkidli xahişimə baxmayaraq məhkəmə iclası videoçəkiliş aparılmadan həyata keçirilir. Məhkəmə zamanı H.Vəliyev özünü çox kobud aparır, proses iştirakçılarına qarşı hörmətsizlik edir. “Əməli törətdiyinə peşmansan?” sualına isə “etmişəm və çox yaxşı da etmişəm” deyir. 13 iyun 2024-cü ildə hakim Elməddin Hüseynov Hüseyn Vəliyevi İnzibati Xətalar məcəlləsinin 528-ci maddəsi ilə təqsirli bilib ona maddədə nəzərdə tutulan ən yüngül cəzanı təyin edir, hərçənd ki, maddədə 500 manatdan 1000 manata qədər və ya 1 ay müddədində inzibati həbs nəzərdə tutulur. Bu barədə verdiyimiz əsaslı şikayətimiz də 22 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya məhkəməsinin hakimi Anar İbrahimov tərəfindən rədd edilir.

Hörmətli İnam müəllim!

H.Vəliyev 2024-cü ilin aprel ayında əmlak kompleksinin H.Hüseynovaya məxsus hissəsində dağıntı-söküntü işləri apararaq onun əmlakını qəsdən məhv etməklə 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat məbləğində ziyan vurduğuna görə Nəsimi Rayon Polis İdarəsində aparılmış istintaq nəticəsində H.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmiş və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq araşdırılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işi Nəsimi Rayon Məhkəməsinə 02.10.24-cü ildə daxil olub və hazırlıq iclası 15.10.24-ə təyin edilib. Məhkəmə baxışı isə 29.10.24-ə təyin edilib. 29 oktyabrda təqsirləndirilən şəxs məhkəmə prosesinə gəlmədiyindən baxış iclası 31 oktyabra təyin edilib. 31 oktyabrda təqsirləndirilən şəxsin vəkili işlə tanış olmadığı bəhanəsilə işin baxışının yenidən 5 noyabra təxirə salınmasına nail olur.

5 noyabrda təyin olunan baxışın ilk dəqiqələrindən təqsirləndirilən şəxs və vəkili prosesi tamaşaya çevirməklə prosesin maksimum uzanmasına nail olmaları aydın oldu və bu barədə dəfələrlə iclasa sədrlik edən hakimə xəbərdarlıq etsəm də, hakim bizim vəsatətlərə heç bir məhəl qoymadan prosesi uzatmaqda davam etdi. Nəsimi məhkəməsində inzibati icraat zamanı əməli “özü törətdiyini və yaxşı etdiyini” deyən H.Vəliyev bu dəfə cinayət məsuliyyətindən yayınmaq üçün onun bu işdən xəbəri olmadığını, tapşırıqları isə İstanbulda komada olan atası V.Vəliyev tərəfindən verildiyini deməyə başlayır. V.Vəliyev hadisədən çox əvvəllər uzun müddət aparata qoşulu olub və sonra da elə o vəziyyətdə xüsusi təyyarə ilə İstanbula aparılıb. Məhkəmə prosesi zamanı özlərini heç bir əndazəyə sığmayan şəkildə aparmaları barədə dəfələrlə tərəfimdən verilmiş vəsatətlər də qulaq ardına vurulub. Tərəflərin məhkəmə iclaslarında yol verdikləri özbaşınalıqları görən dövlət ittihamçısı da hakimdən təqsirləndirilən şəxsə və özünü vəkil adına yaraşmayan tərzdə aparan vəkilə xəbərdarlıq etməsini xahiş etsə də, heç bir tədbir görülməyib. Bu barədə dəfələrlə Nəsimi rayon məhkəməsinin sədri İlqar Qaralova da müraciət etdim. Bu minvalla uzaqbaşı 1 aya, maksimum 2-3 iclasa yekunlaşmalı olan cinayət işinin baxışı 7 ay davam etdi və bu müddət hakim tərəfindən bilərəkdən uzadılaraq 14 iclasa nəticələndi. Bu müddət ərzində dəfələrlə təqsirləndirilən şəxs və onun vəkili tərəfindən təhqir olunsaq da, heç bir tədbir görülmədi.

Xüsusilə qeyd etmək istəyirəm ki, məhkəmə baxışının gedişində dəfələrlə hakimə təqsirləndirilən şəxs və onun vəkilinin məqsədləri Cinayət Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq işin yekunlaşmasını ən azı 2 il müddətində uzatmaq və cinayət məsuliyyətindən azad olmaq olduğunu bildirmişdim. Bu şikayət ərizəsində yazdıqlarımın doğruluğuna iş materiallarına və məhkəmə prosesinin videoyazılarına baxmaqla əmin ola bilərsiniz. Məhkəmə prosesini hakim Solmaz Mustafayeva tərəfindən yox, təqsirləndirilən şəxs və onun vəkili tərəfindən idarə edildiyini də məhkəmə prosesinin videoyazılarından açıq görünür.

Eyni zamanda Məhkəmə işin gedişində bir sıra prosessual pozuntulara yol vermişdir. Belə ki, oxşar cinayət işlərində məhkəmələr adətən 2 və ya 3 məhkəmə iclasında yekun qərar qəbul edirlərsə, Nəsimi Rayon Məhkəməsində 1 hazırlıq iclası, 13 baxış iclası keçirildikdən sonra H.Vəliyevə hökm elan edilmişdir. Gecikmələrin əsas səbəbi isə H.Vəliyevin müdafiəçisi Bəhruz Xıdırovun məhkəmə baxışını aşkar surətdə uzatmasına yönələn əsassız, qanunsuz və bilərəkdən yalan ifadələr səsləndirməsi, işə baxan hakimin də təqsirləndirilən şəxs və onun müdafiəçisi lehinə davranışlar sərgiləməsi olmuşdur.

Xüsusilə qeyd edim ki, 4 fevral 2025-ci il tarixdə Sizə ünvanladığım açıq məktubda bu biabırçılıqları da qeyd etməyimə baxmayaraq hakim yenə prosesi uzadıb ancaq 03.04.2025-ci il tarixdə qanunsuz olaraq H.Vəliyevə AR CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, yenə ən yüngül cazanı, yəni vurulmuş ziyanın iki misli, 41.964 manat miqdarda cərimə cəzasına məhkum etdi. Bu dəfə də qeyd edirəm ki, 186.1. maddəsinin sanksiyasında vurulmuş ziyanın iki mislindən üç mislinə cərimə, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Bu hökmdən də 18 aprel 2025-ci il tarixində apellyasiya şikayəti vedik. 15 may 2025-ci il tarixdə hakim Emin Mehdiyevin sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində ilkin məhkəmə baxışı keçirildi. Baxış iclası 29 may 2025-ci ilə təyin edildi. İlk dəqiqələrdən vəkil B.Xıdırovun müdafiə etdiyi şəxslə birlikdə prosesi uzatmaq cəhdini görüb yenə məhkəməyə xatırlatdım ki, bunların məqsədi bu prosesi 2 il müddətinə uzadıb işə xitam verilməsinə nail olmaqdır. Bu iclasda da tərəf heç bir əsası olmayan vəsatətlərlə prosesin təxirə salınmasına nail oldu. 12 iyuna təyin edilmiş proses də eyni qaydada davam etdi və sədrlik edən məhkəmə istintaqının yekunlaşdığını elan edib çıxışlara keçmək istədikdə B.Xıdırov çıxışa hazır olmadığını bildirdiyindən işə baxış yenidən 18 iyuna təyin edildi. 18 iyunda ona qədər tək bizi aşağılayan vəkil B.Xıdırov artıq hakimləri də aşağılamağa başladı. Bununla bağlı məhkəməyə müraciət edib “biz cəhənnəmə, heç olmasa Sizə qarşı hörmətsizlik etdiyinə görə vəkilə qarşı tədbir görün” dedim. Mənim bu vəsatətimi hakim Mehriban Qarayeva müdafiə etsə də hakim E.Mehdiyev bu halı görməzliyə vurdu və heç bir qanuni əsas olmadan vəkilin təqdim etdiyi tam eyni vəsatətlər barədə qərar qəbul etməyinə baxmayaraq, vəsatətləri yenidən müzakirə etməyə başladı. Mənim və işdə iştirak edən prokurorun artıq məhkəmə istintaqının yekunlaşdığını və məhkəmənin tərəflərə çıxış üçün vaxt verdiyini desək də hakim bizim dediklərimizi nəzərə almayıb həmin vəsatətlərin müzakirəsinə başladı. Sonda vəkil B.Xıdırov yenə “mən hələ çıxışa hazır deyiləm və çıxış etməyəcəyəm” dedikdə hakim yenidən işə baxışı 19 iyuna təxirə saldı.

19 iyunda, yəni bu gün də vəkil heç bir əsas olmadan prosesə gəlməməsinə baxmayaraq hakim E.Mehdiyev tələm-tələsik müşavirə otağına keçib qanunsuz qərarı qüvvədə saxladı. Həmin vaxt hakimlərin davranışını seyr edənlər onların qərarının necə və hansı biabırçı şəkildə qəbul etdiklərini görməyə bilməz. Həmin qərarın nəyin əsasında qəbul edildiyini dəqiq bilməsəm də bunun əsla qanun əsasında qəbul edilmədiyini əminliklə bildirirəm.

Hörmətli İnam müəllim!

Vaxtınızın məhdudluğunu çox yaxşı bilirəm, ancaq məhkəmələrin rəzil durumunu görmək istəyirsinizsə, heç olmasa ancaq Bakı Apellyasiya məhkəməsində keçirilən iclasların videoyazısına baxın. Mən bir vəkil, bir vətəndaş olaraq Azərbaycan Dövlətinin adından qərar verən məhkəmələrimizin bu halına çox acıyıram. Buradan bir daha bildirirəm ki, Sizin həqiqətən məhkəmə sisteminə yeni nəfəs verib məhkəmələri “pulunu ver, haqqını al məkanı”ndan ədalət məkanına çevirmək istədiyinizə inanıram və bu məktubumla da qarşıma kimləri aldığımı görüb, Sizə bacardığım köməkliyi etməyə çalışıram.

Sonda, Baş Prokuror və Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə müraciətimlə bu işlə bağlı öz araşdırmalarını aparmağı xahiş edirəm. Onu da bildirirəm ki, bəzi vəzifəli şəxslər üzümə qarşı məni cazalandıracaqlarını deməklərindən başqa, bu yolda çalışdıqlarını da bilirəm. Əgər maraqlanan olarsa konkret kimlərin və hansı yolla mənə qarşı tədbir görmək istədiyini, buna görə kimlərə qarşı təsir edib haqqımda yalan ifadələr verməyə məcbur etdiklərini də açıqlamağa hazıram.

P.S. Xüsusilə son dövlər təyin olunan gənc hakimlərin əksəriyyətinin qanuni və ədalətli qərar çıxarmağa daha çox meyilli olduğunu da bilirəm. Ancaq onların əksəriyyəti istəklərini məhz yaşlı məhkəmə sədrlərinin işlərə birbaşa qanunsuz müdaxilələrinə görə edə bilmədikləri də aydındır. Bu gün ən çox qanunsuzluq məhz yaşlı nəsil hakimlər tərəfindən edilir.

Vəkil Aslan İsmayılov