Rusiya dronları avqustun 6-sı gecə saatlarında Ukrayna-Rumıniya sərhədi yaxınlığında, Odessa vilayətində Ukraynanın Qazötürmə Sistemi Operatorunun kompressor stansiyasına hücum edib. Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Trans-Balkan boru kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşruta daxildir, bu marşrutla artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və sınaq həcmində Azərbaycan qazı tədarük olunur.

“Bu tədarükləri təmin edən avadanlıq dünən gecə onlarla zərbə dronunun hücumuna məruz qalıb. Bu, Rusiyanın sırf mülki infrastruktura, enerji sektoruna, eləcə də Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarımızla münasibətlərə qarşı hücumudur”, – Ukraynanın Energetika Nazirliyi bildirib.

Qeyd olunub ki, mütəxəssislər hücumun nəticələrini qiymətləndirmək üçün hadisə yerində işləyir.

İyulda Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

azadlıq radiosu