Bildiririk ki, 1986-cı il təvəllüdlü Ərkivan qəsəbə sakini Həsənov Hasil Çingiz oğlu Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən vətəndaş qəbulunda bir neçə dəfə iştirak etmiş, müraciətlərində qeyd etdiyi məsələlərlə bağlı qanunvericiliyin tələbləri ona ətraflı izah edilmişdir.
Əvvəlki və eyni məzmunlu müraciətləri ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 20 iyun 2022-ci il tarixdə Hasil Həsənova 250 (iki yüz əlli) manat, 2024-cü ilin noyabr ayında Ərkivan ərazi nümayəndəliyi tərəfindən 100 (bir yüz), Ərkivan bələdiyyəsi tərəfindən 100 (bir yüz) manat, 2025-ci ilin iyun ayında Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 100 (bir yüz) manat olmaqla ümumilikdə ona 550 (beş yüz əlli) manat maddi yardım göstərilmişdir.
Müraciəti ilə bağlı Hasil Həsənova rayon ərazisində vakant olan iş yerləri barədə ətraflı məlumat verilmiş, “Güvənli” MMC, “İnternational Kredit Təşkilatı”, “Elit Lombard”, “Qarant Kredit”də kredit mütəxəssisi, “Şənlik” kafedə işçi, “İrşad”, “Baku elektroniks”də satıcı işləri təklif edilmiş, lakin o, həmən iş yerlərindən müxtəlif səbəblər göstərərək imtina etmişdir. Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində Hasil Həsənova yığım işi təklif olunmuş, lakin təhsili (yazı bacarığı) olmadığı üçün həmin işdən imtina etmişdir. Hasil Həsənovun iştirakı ilə Məşğulluq Mərkəzi ilə əlaqə saxlanılmış və işsiz kimi MEİS-də (Məşğulluq Elektron İnformasiya Sistemi) qeydiyyatının olmadığı məlum olmuşdur. Vətəndaşın istəyinə uyğun işlə təmin olunması üçün 05.03.2025-ci il tarixdə MEİS-də qeydiyyata alınmasına müvafiq köməklik göstərilmişdir.
Videomüraciətdə Hasil Həsənovun səsləndirdiyi işlə təmin olunmasından ötrü ondan 4000 manat pul vəsaitinin istənilməsi barədə təsdiqləyici sübut təqdim edə bilməmiş, şəhid Famil Əlizadə ilə heç bir qohumluq əlaqəsinin olmadığı və digər qeyd etdiklərinin şər və böhtan xarakterli olmaqla həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir.
Əlavə olaraq bildiririk ki, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin verdiyi 18-1-60/2-827/2025 nömrəli 05 may 2025-ci il tarixli arayışında Ərkivan qəsəbə sakini Həsənov Hasil Çingiz oğlunun 2001-ci il tarixdən həmin xəstəxananın ruhi-əsəb kabinetində “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə disponser qeydiyyatında olduğu məlum olmuşdur.

Masallı rayon icra hakimiyyəti