
AB-nin ABŞ- n yaratdığı boşluğu tutması Azərbaycan üçün nə vəd edir?
Yeni dünya düzənində demokratik dəyərlər yenədəmi prioritet olacaq ?
Strateji təhlil:
Trampın hakimiyyətə gəlişi ilə ABŞ-n “America First” doktrinası çərçivəsində dünya liderliyi öhdəliyindən geri çəkilməsi, beynəlxalq ittifaqlara münasibətdə selektiv yanaşması, ABŞ-ın əvvəllər təşviq etdiyi liberal dünya nizamının əsas sütunlarını sarsıdaraq qlobal güc güc tarazlığının pozulmasına səbəb oldu. İndi Amerika mərkəzli köhnə tək qütblü dünya düzəninin yerini öz maraq zonalarını müəyyənləşdirməyə çalışan və təhlükəsizlik arxitekturalarını inşa etmək istəyən güc mərkəzləri arasında rəqabət əvəzləməkdədir. Bu prosesdə necə bir qüvvələr tarazlığı meydana çıxacağını, beynəlxalq münasibətlərdə köhnə dünyanın liberal dəyərlərinin və təsisatların, eləcə də oyun qaydalarının yerinin nə olacağını öncədən qəti şəkildə demək hələ ki, mümkün deyil.
Ancaq indidən aydın görünür ki, yeni dünya düzənində qlobal güc tarazlığının yaranmasında Avropa Birliyi əsas güc mərkəzlərindən biri kimi çıxış edəcək. Bu gün uzun zaman ərzində üz dövlətlərin iqtisadi ortaqlığı əsasında mövcud olan, lakin Ukrayna müharibəsindən sonra siyasi və strateji hədəflər ətrafında da təmərküzləşən, Trampın hakimiyyətə gəlişindən sonra isə təhlükəsizlik sahəsində də müstəqil strategiyalar həyat keçirməyə başlayan AB, artıq bu sahədə ABŞ müdafiə çətiri altından çıxaraq, müstəqil geosiyasi güc mərkəzinə çevrilmək yolumdadır. Bu prosesdə üzv ölkələr arasında konsensus əsasında qərar qəbul etmə mexanizmi prosesi nə qədər ləngitsə də, görünən odur ki, AB bu istiqamətdə ortaq iradə ortaya qoymaqdadır. Bu xüsusilə ilə Rusiya məsələsinə münasibətdə daha aydın görünür.
Bu gün AB-nin Ukrayna savaşına Avropanın təhlükəsizliyi konteksindən yanaşması, ABŞ-n Kiyevə hərbi dəstəyinin kəsilməsindən sonra bu boşluğu doldurmağa çalışması, hərbi sənaye kompleksinə və orduya ayrılan vəsaitlərin artırılması və bu təşəbbüsləri dəstəkləyən yüksək iqtisadi -texnoloji imkanların və demoqrafik potensialın olması, AB-nin yaxın bir neçə ildə həm də dünyanın əsas hərbi güclərindən birinə çevriləcəyini deməyə əsas verir. Bu baxımdan 450 milyon əhalisi, 19,99 trilyon dollar ilə ABŞ-dan sonra ikinci ÜDM- sahib olan AB istər Çin, istərsə də Rusiya ilə müqayisədə, öz müdafiə sənayesini inkişaf etdirmək və güclü ordu qurmaq sahəsində daha üstün imkanlara malikdir.
2025-ci ilin mart ayında Avropa Komissiyası “Readiness 2030” təşəbbüsü çərçivəsində hərbi sahəyə 800 milyard avroya qədər vəsait səfərbər etməyi nəzərdə tutur. Bu plan çərçivəsində üzv dövlətlərə birgə müdafiə layihələri üçün 150 milyard avro dəyərində kreditlərin verilməsi planlaşdırılır. Buna plan çərçivəsində Avropa Komissiyası hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına 650 milyard vəsait yatırmağı planlaşdırır. Bu pulun 392 miyard avrosunu isə Aİ-nin az inkişaf etmiş regionlarının inkişafı üçün nəzərdə tutulmuş “Birlik Fondu”nun vəsaiti təşkil edəcək.
Biz AB tərəfindən hərbi sahayə diqqətin artırılması ilə yanaşı, həm də əlavə olaraq birlik üzvlərinin öz hərbi xərclərini artırdığını və Rusiya təhlükəsinə qarşı Ukraynaya daha qətiyyətli dəstək verdiyini də görməkdəyik. Makronunun ABŞ-n çəkilməsinin yaratdığı boşluğu doldurmaq üçün Fransanın nüvə arsenalını bütün Avropaya qoruma çətiri kimi təklif etməsi və hələ ötən il ilk dəfə olaraq Ukraynaya Avropa ordularını göndərmə təklifi ilə çıxış etməsi, yeni təhlükəsizlik arxitekturası yaradılması istiqamətində göstərilən önəmli strateji yanaşma və qərarlılıq hesab olunmaqdadır. Məhz, belə bir zamanda Rusiyaya qarşı sərt xətt tərəfdarı olan Mersin Alımaniya kansleri seçilməsi, Parislə Berlininin birgə səyləri ilə Avropanın təhlükəsizliyinin təmin edilməsi və AB-nin geosiyasi maraqlarının qorunması imkanlarını xeyli artırmış oldu. Almaniyanın hərbi xərclərini 100 miyard avroya çatdırmaq planı, Latviyada 5 min nəfərlik hərbi baza qurması və bu il Ukraynaya 5 milyard avroluq yardım göstərmək qərarı, Berlininin AB -daxilində hərbi liderliyi öz üzərinə götürdüyünü göstərir.
Fransa və Almaniyanın AB-nin təhlükəsizlik maraqlarının qorunması istiqamətindəki mühüm strateji təşəbbüsləri və qərarlılığı, eyni zamanda İngiltərə ilə koordinasiya olunmuş fəaliyyət çərçivəsində həyata keçirilməkdədir. Baş nazir Starmerin ingilis ordusunun müharibə rejiminə keçdiyini bildirməsi və hökumətin hərbi xərcləri artırması, Rusiya təhlükəsinə qarşı ən sərt və qətiyyətli mövqeyunə sadiq qalaraq Ukraynaya dəstəyi artırması onu göstərir ki, Britaniyanın da daxil olduğu vahid Avropa təhlükəsizlik strategiyası yeni yaranacaq dünya düzənində əsas mərkəzi rol oynayacaq.
Belə bir vəziyyətdə Avropa Birliyi və Britaniya ittifaqı beynəlxalq səviyyədə ABŞ – i təkcə qlobal təhlükəsizlik məsələsində deyil, həm də öz quruluş əsaslarına və inkişaf maraqlarına görə, liberal – demokratik dəyərlərin müdafiəsi işində də əvəz etməli olacaq. Çünki Avropanın təhlükəsizliyini təhdid edən Rusiya bu təhlükəni ərazi işğalları ilə yanaşı, həm də Qərb dəyərlərinə qarşı demokratiya düşmənçiliyi ilə yaradır. Hazırda geosiyasi proseslərin dinamikasına əsasən onu demək olar ki, AB -i tədricən toparlanaraq ABŞ- dan sonra yaranmış boşluğu doldurmağa çalışdıqca, ilk növbədə öz coğrafi hüdudlarından kənardakı siyasi sərhədləri daxilində demokratik dəyərlərə öz dəstəyini artırmalı olacaq.
İndiki halda isə AB-nin siyasi sərhədləri Avropa Siyasi Cəmiyyətinə daxil olan 47 ölkəni əhatə edir. Bu qurumun növbəti sammitlərinin 2026- cı ildə İrəvana, 2028-ci ildə Bakıya salınması o deməkdir ki, AB Cənubi Qafqazı öz siyasi sərhədləri daxilində görür və bu səbəbdən də qarşıdakı dönəmdə Rusiyaya ilə getdikcə kəskinləşən geosiyasi rəqabətə şahid olacağıq. Mühüm geosiyasi və geostrateji xüsusiyyətləri olan Cənubi Qafqaz, AB – yə həm də Mərkəzi Asiyada Çin və Rusiya varlığına qarşı mübarizə aparmaq üçün gərəkdir. Xatırladaq ki, bu ilin aprelində AB “Gateway Investment Package” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya ölkələrinə etdi. nəqliyyat, təmiz enerji, rəqəmsal rabitə və kritik xammal sahəsində fəaliyyətlər üçün 12 miyard avro vəsait ayırıb və bunun getdikcə artırılması nəzərdə tutulur. Bu investisiya qoyuluşuları AB nin Mərkəzi Asiyaya qədər uzanan nəhəng geosiyasi maraqlarını gostərməklə yanaşı, həm də o deməkdir ki, bu region uğrunda rəqabətdə Çin bə Rusiyaya qarşı üstünlük qazanmağın yolu, Cənubi Qafqazı özünə inteqrasiya etdirməkdən keçir.
Azərbaycanın demokratikləşmə perspektivləri baxımdan müsbət cəhəti odur ki, AB-yə inteqrasiya, məhz Avropanın demokratik standartlarına uyğunlaşmaq tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu da o deməkdir ki, AB-ni Cənubi Qafqazda möhkəmlənməsi və genişlənməsi, adı çəkilən ölkələrə qarşı rəqabətlə birlikdə, həm də region ölkələrinin demokratikləşmə tələbələrini də daha çox gündəmə gətirəcək.
Fuad Qəhrəmanlı.