“Ares Leaks” haker qrupu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) səkkiz səhifəlik məxfi daxili yazışmasını ələ keçirib və The New York Times qəzetinə ötürüb(satıb). NYT-nin istinad etdiyi sənəddə FSB-nin bu günə qədər ictimaiyyətə məlum olmayan bölməsi Çini birbaşa düşmən dövlət adlandırır. Sənəddə qeyd edilir ki, Çin kəşfiyyat xidmətləri fəal şəkildə Rusiyada agentura fəaliyyəti aparır, məxfi hərbi texnologiyaya çıxış əldə etməyə və məyus rus alimlərini öz tərəfinə çəkməyə çalışır. FSB-nin məlumatına görə, Çinin akademik dairələri Rusiyaya qarşı “ərazi iddiaları irəli sürmək üçün zəmin hazırlayır”. NYT vurğulayır ki, bu, Rusiya əks-kəşfiyyatının Çinə baxışına dair bu günə qədər edilən ən ətraflı daxili dəyərləndirmədir.
Rusiyada at oynadan Çin kəşfiyyatının Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı ilə bağlı kəşfiyyat məlumatları əldə etməməsi inandırıcı görünmür. Xüsusilə də, dronların Çindən idxal edildiyini nəzərə alanda, Çin xüsusi xidmət orqanları “Hörümçək toru” əməliyyatı ilə bağlı məlumatlı olduqları, ancaq bu məlumatı Rusiya xüsusi xidmər orqanları ilə paylaşmadığını daha inandırıcı hesab edirəm.
Çinli strateqlər Çin dövlətin gələcəyinin Rusiyadakı torpaqların geri alınmasından birbaşa asılı olduğunu gözəl bilirlər. Xüsusilə, Çinin iddia etdiyi torpaqlardakı su mənbələri olmadan Çini yaxın gələcəkdə çox böyük problem, hətta fəlakət gözləyir. Bu su mənbələrini ələ keçirmədən Çin nəyinki iqtisadi inkişafını qoruyub saxlaya bilməyəcəyi kimi, əhalisini içməli su ilə də təmin edə bilməyəcək. Ona görə Çinin ABŞ-la rəqabətdə Rusiyaya ehtiyacı olduğu haqqında nağıllara inanmayın. Qənaətimcə, Çin Böyük Britaniya ilə gələcək dünya düzəni ilə bağlı anlaşan kimi Rusiyanın parçalanmasına start verəcək.
Çinin tarix kitablarında Rusiyanın sərhədləri daxilindəki 1.54 milyon kvadrat kilometr ərazi qədim Çin torpağı olduğu qeyd edilib. Son zamanlar Çinin bəzi dairələri Rusiyanın sərhədləri daxilindəki “qədim” Çin torpaqlarının 6 milyon kvadrat kilometr olduğundan bəhs etməyə başlayıblar.
P.S. Xəzəryanı ölkələrin, o cümlədən Azərbaycanın gələcəyi də önəmli şəkildə Rusiyanın ərazisindəki su mənbələrindən asılıdır. Bu barədə daha ətraflı yazmağa çalışacağam.

Xəqani Cəfərli politoloq