Teokratik rejimin yaşamaq şansı varmı?

İran ətrafında geosiyasi vəziyyət 1828-ci ildən bəri ilk dəfədir ki, İranın mövcudluğunu təhdid edəcək səviyyəyə çatması İranın daxili vəziyyətinə marağı da ən yüksək səviyyəyə çatdırıb. İranda rejim dəyişikliyi, dövlətin federallaşması və yaxud bölünmə ehtimalı ətrafında müzakirələr qızışıb. Qənaətimcə, həmin təhlillərin əksəriyyətində ciddi çatışmamazlıqlar olduğu üçün, nəticələr də bir qayda olaraq səhv olur.
Qənaətimcə, İrandakı vəziyyəti dəqiq müəyyən etmək üçün üç məsələnin araşdırılması önə çəkilməlidir. Bu məsələlərdən birincisi İranda dinə münasibətin hansı səviyyədə olmasıdır. Çünki bütün totalitar dövlətlərdə rejimin taleyini müəyyən edən iki amil var. Bunlardan biri hakim ideologiyaya münasibət, digəri sosial-iqtisadi vəziyyətdir. Sovet İttifaqının çöküşü kommunist ideologiyasının gözdən düşməsinin və iqtisadiyyatın iflasının eyni zamanda baş verməsinin nəticəsi idi.
Sovet İttifaqının bütün xarici hərbi əməliyyatları kommunist ideologiyasının yayılmasına yönəldiyi kimi, İranın İsraillə qarşıdurması da ideolojidir. İran İsrailə qarşı siyasətini ümmətin mənafeyinin və müqəddəs məkanların qorunması adı altında həyata keçirir.
İranda dinə münasibətin önəmini göstərən digər bir önəmli məqam ondan ibarətdir ki, 1975-ci ildə – İslam İnqilabından 4 il əvvəl keçirilən araşdırma İran xalqının 80 faizindən çoxunun mütamadi namaz qıldığını və oruc tutduğunu üzə çıxarmışdı. İndi isə vəziyyət dəyişib.
İran cəmiyyəti ilə bağlı aparılmış araşdırma zamanı məlum olub ki, cəmiyyətin 20 faizindən çoxu Allahın varlığına inanmır, yəni ateistdir. Cəmiyyətin 78 faizi Allahın varlığına inansa da, yalnız 30 faiz cənnət və cəhənnəmə inanır. Respondentlərin 48 faizi isə cənnət və cəhənnəmə inanmır. Məlum olduğu kimi İslam dininə görə, hər bir müsəlman qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə göndəriləcəyinə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, peyğəmbərləri də inkar etmiş sayılır.
Qeyd edim ki, 2020-ci ildə dövlət tərəfindən həyata keçirilən sorğuda rəyi soruşulanlrın 60 faizi ramazan ayında oruc tutmadığını bildirmiş, ancaq bunu “xəstəlik”lə əlaqələndirmişdilər. Bəhs etdiyim araşdırma zamanı respondentlərin 60 faizindən çoxu mütamadi namaz qılmadıqlarını bildiriblər. Namaz və orucun İslamın beş təməl şərtindən biri olduğunu nəzərə alsaq, İranda dinə münasibətin necə kəskin dəyişdiyi haqqında aydın təsəvvürlər yaranar.
Araşdırma zamanı İran cəmiyyətin 72 faizinin qadınların hicab taxmasını məcburi edən qanunun əleyhinə olduqları da üzə çıxıb. İran parlamenti “ictimai yerlərdə saçlarını örtməyən” qadınlara qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu qəbul etsə də, Prezident Məsud Pezeşkian bu qanunu imzalamaqdan imtina etdi. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumunda CNN müxbiri Fərid Zəkəriaya verdiyi müsahibədə o zaman İranın strateji məsələlər üzrə vitse-prezidenti olan Məhəmməd Cavad Zərif Prezident Məsud Pezeşkianın qərarını belə şərh etmişdi: “Tehran küçələrinə çıxsanız, saçlarını örtməyən qadınları görərsiniz. Bu, qanunsuzdur, lakin hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”.Məhəmməd Cavad Zərif müsahibəsinin də onu da ələvə edib ki, bu qərar Prezident Məsud Pezeşkianın seçkiqabağı vədi olub və yerinə yetirilib.
İranda dinə münasibətin öyrənilməsinə həsr edilmiş araşdırma zamanı o da məlum olub ki, respondentlərin 43 faizi dini prozelitizmə qarşı çıxıb və bildirib ki, heç bir din ictimai ifadəyə malik olmamalıdır. Bütün bunlar hazırkı İran cəmiyyətinin İslam İnqilabı ərəfəsindəki cəmiyyətdən nə qədər fərqləndiyini, dini dəyərlərin nə qədər böyük ölçüdə gözdən düşdüyünü göstərir.
Teokratik rejimin ideoloji əsasları sarsıldığı kimi, iqtisadi imkanları da iflas edib. İran valyutası hər ötən gün dəyər itirir və bir ABŞ dolları 1.2 milyon riala çatıb. İnflyasiya və işsizlik tuğyan edir. İşsizlik gənclər arasında daha yüksəkdir. Dünyanın neft və qazla ən zəngin üçüncü ölkəsi olan İran tarixinin ən dərin sosial-iqtisadi böhranını keçirir.
İranın daxili vəziyyətini müəyyən etmək üçün yuxarıda qeyd etdiyim məsələlərlə yanaşı milli kimlik məsələsinə münasibətin nə yerdə olduğunu dəqiqləşdirmək lazımdır. Çünki, İran teokratik dövlət olmaqla yanaşı, bu günə qədər mövcudluğunu qoruya bilmiş azsaylı imperiyalardan biridir. İqtisadi çöküş və ideoloji böhranın olduğu imperiyada mərkəzdənqaçmanı tətikləyən əsas faktor milli məsələ olur. Sovet İttifaqının, Osmanlı Dövlətinin taleyi buna bariz nümunədir.
İran cəmiyyətinin bütövlüyünü təmin edən dini kimlik dağılıb. İran rəsmiləri ölkə əhalisinin 99.5 faizinin müsəlman olduğunu toplumun bütövülüyünün əsas dəlili kimi göstərsələr də, hər kəs anlayır ki, bu çoxluq yalnız kazğız üzərində mövcuddur. Dağılan dini kimliyin yerini isə sürətlə yüksələn milli kimlik tutur. Son prezident seçkilərinin nəticələri də göstərdi ki, milli kimlik dini kimlikdən önə çıxıb. Azərbaycanda və türk ailəsində dünyaya gəldiyini bəyan edən Məsud Pezeşkian Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində seçicilərin 75 faizindən çoxunun səsini qazanmışdı. Seçkilərin birinci turunda Məsud Pezeşkian Şah İsmayılın doğulduğu Ərdəbildə 382 600 seçicinin səsini aldığı halda, onun əsas rəqibi Səid Cəlili cəmi 72 800, Məhəmmədbaqir Qalibaf isə 36 300 səs almışdı. Milli kimliyin dini kimlikdən önə çıxdığını görən teokratik rejim qələbəsində maraqlı olduğu Səid Cəlilinin anasının dövlət televiziyasında çıxış edərək türk və Ərdəbil doğumlu olduğunu söyləməsini təşkil etməyə məcbur olmuşdu.
Cəmiyyətin bütövlüyünü təmin edən ümumi kimliyin dağılması, milli kimliklərin önə çıxamağa başlaması etnik və milli zəmində gərginliklərə də yol açır. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində yaşayan bir qrup kürdün bu ilin martın 18-də Novruz şənlikləri zamanı Urmiyaya ilə bağlı iddiaları Azərbaycan türklərinin qəzəbinə səbəb olmuşdu. Bu gərginlik bu gün də qalmaqdadır. Suriya, İrak və Türkiyədə gedən proseslər İrana da ciddi təsir edərək milli münasibətləri yeni mərhələyə keçirir.
Bütün bu qeyd olunan və burada yer almayan məqamlar İranın böyük bir dəyişiklik ərəfəsində olduğunu göstərir. Aydın görünür ki, teokarik rejim son günlərini yaşayır. İranın 180 nəfər ictimai-siyasi xadimin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq xarici və daxiki siyasətdə, idarəetmədə köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir.
Daxili və xarici faktorların üst-üstə düşməsi dəyişiklikləri qaçınılmaz edir. Rejim dəyişikliyi ilə yanaşı İranın iki dövlətli federasiyaya çevrilmə ehtimalı ilə yanaşı parçalanma prespektivi də mövcuddur.

Xaqani Cəfərli