Turkiyə səfiri Tağıyevi Almaniyadan necə qurtardı?

1914-cü il iyunun 28-də ers-hersoq Frans Ferdinand və həyat yoldaşı Sofi fon Qoqenberq Sarayevoda öldürülür və bu, müharibənin başlaması üçün bəhanə olur. Hacı Zeynalabdin Tağıyev həmin vaxt ailəsi ilə Almaniyada istirahət edirdi.
Bu zaman bir rus keşişi Tağıyevin yanına gəlib deyir ki, onu Rusiyanın Almaniyadakı səfiri göndərib. Keşiş bildirir ki, Almaniya Rusiyaya müharibə elan etdiyi üçün Tağıyev və ailəsi tez bir zamanda ölkəni tərk etməlidirlər. Əks tədqirdə, bütün Rusiya təbəəliyində olanlar əsir alınacaq.
Hacı Zeynalabdin ailəsi ilə Berlinə gələndə Almaniyanın Rusiya imperiyasına müharibə elan etməsi xəbəri hər yerə yayılmışdı. Rusiya vətəndaşları olanlar saxlanılmalı və onlar əsir götürülməli idi. Berlində heç bir böyük otel Tağıyevin ailəsini qəbul etməyir. Hacı Zeynalabdinin Berlin bankındakı hesabından bir qəpik də olsun ona verməyirlər. Çarəsiz qalan Tağıyev Frankfurt-Maynda olan və Bakıya Şollar kəmərini çəkmiş mühəndis Uilyam Lindleyə zəng edir. Lindleyin sayəsində Berlin bankı Tağıyevin bütün xərclərini ödəməyə razılaşsa da, amma ona nağd pul verməkdən imtina edir. Bundan sonra Tağıyev Türkiyə səfirliyinə gedir. Tağıyevin qızı Sara xanım danışır ki, (M.Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından): “Atam Türkiyə səfirliyinə gedərək, çıxılmaz vəziyyətdə olduğunu bildirir və kömək istəyir. Türkiyə səfiri birbaşa olaraq Almaniya kayzeri II Vilhelmə müraciət edərək, müsəlman dünyasının ən məşhur aristokratı, neft milyonçusunun vətəni Bakıya qayıtmasına kömək etmək xahişi ilə müraciət edir… Kayzer Vilhelmin şəxsi əmri ilə bizi dənizdəki çoxsaylı minalardan qorumaq üçün gəmi və kreyser verildi”. Sara xanımın dediyinə görə, Tağıyev bu gəmidə Almaniyadan daha 35 nəfəri: Rusiya imperiyasının vətəndaşı olan rusları, erməniləri, gürcüləri və yəhudiləri götürür və bununla da onları əsirlikdən xilas edir.

Elşad Səfərov.