Gözlərimiz önündə Rusiya – Ukrayna savaşının taleyini həll edəcək, xeyli dərəcədə Rusiyanın və regionumuzun gələcəyini müəyyənləşdirəcək hadisə baş verir. ABŞ prezidenti Tramp təsdiq etdi ki, yeni dövrdə də NATO əsas təhlükəsizlik arxitekturası, Avropa, eləcə də Ukrayna ABŞ-ın vacib müttəfiqləri olaraq qalır. Rusiyanın işğalçı müharibədə qalib gəlməsi Tramp adminstrasiyası üçün də qəbuledilməzdir.

ABŞ prezidenti Trampın Rusiyanı sərt sanksiyalarla hədələməsi və Ukraynaya verilmək üçün Avropa dövlətlərinə 10 milyard dollarlıq silah satmağa razılaşmasını yalnız satılacaq silahların və tətbiq ediləcək sanksiyaların Rusiyanı necə zəiflədəcəyi baxımdan təhlil etmək natamam olardı. Əlbəttə ki, Ukraynaya Avropanın istehsal etmədiyi 10 milyard dollarlıq ən müasir ABŞ silahlarının, o cümlədən 3-4 batareya Patriot sisteminin, onun 100-lərlə raketinin, Rusiyanın dərinliklərinə zərbə vurmağa imkan verəcək uzaqvuran raketlərin verilməsinin birbaşa hərbi nəticələri də çox ciddi olacaq. Ukraynanın HHM sustemləri və hücum potensialı da xeyli güclənmiş olacaq, Aİ-nın bəlkə də bu gün (uzaqbaşı yaxın günlərdə) razılaşdıracağı 18-ci sanksiya paketi (xüsusilə də Rusiya neftinin bazar qiymətindən 15% ucuz satılması ilə bağlı sanksiya), Putin atəşkəsə razılaşmayacağı təqdirdə Trampın Rusiya neftini alan dövlətlərə təyin edəcəyi 100 faizlik əlavə rüsumlar Rusiyanı iqtisadi baxımdan çox zəiflədəcək və Ukraynanın özünə və müdafiəsinə ikinci nəfəs verəcək.

Ancaq şəxsən mənə görə, ABŞ prezidenti Trampın son açıqlamalarının ən önəmli hissəsi bu sözlərdir: Avropanın güclü olması çox yaxşıdır və Ukraynanın Putin rejimi tərəfindən dağıdılması qəbuledilməzdir. Əsas bu mövqelərdir. Bu siyasi mövqe olandan sonra lazım gələcəksə, Ukraynaya və Avropaya dünən elan olunandan da dəfələrlə artıq silah satıla, Rusiyaya daha ağır sanksiyalar qoyula bilər.

ABŞ – Avropa birliyinin yenidən format olunması həm də ona görə önəmlidir ki,
dünyanın bütün anti-demokratik rejimləri ABŞ – Avropa strateji birliyinin pozulacağı və bunun da Rusiya başda olmaqla bütün avtoritar rejimlərə əlavə manevr imkanı yaradacağına ümidlənmişdilər. Ancaq indi məlum olur ki, bu baş verməyəcək və gələcək Putin və digər avtoritar rejim başçılarının planladığı kimi yox, xalqların istədiyi kimi olacaq. Bir az tez, bir az gec, böyük Rəsulzadənin dediyi kimi, “dünyada insan haqlarından yana olanlar qalib gələcək”.

Əli Kərimli Axcp sədri