Musiqi məktəbinin rəhbərliyi haqqında yazılan yazıya cavab verdi.

Son günlər bəzi onlayn platformalarda və sosial media səhifələrində Mingəçevir şəhəri Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbinin direktoru Vüsal Məmmədov barəsində yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və şəxsi qərəz üzərində qurulmuş dezinformasiyadır.

İctimaiyyətin doğru məlumatlandırılması məqsədilə bildiririk ki:

Vüsal Məmmədovun musiqi təhsili olmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Vüsal Məmmədov uzun illərdir musiqi sahəsində fəaliyyət göstərən, müvafiq ixtisas üzrə ali təhsil almış və pedaqoji təcrübəyə malik bir şəxsdir. Onun hazırda hansısa təhsil müəssisəsində əlavə təhsil alması, təhsilin davam etdirilməsi faktı onun musiqi savadına və rəhbərlik qabiliyyətinə xələl gətirmir.

“Ölücanlı müəllim və şagirdlərin məktəbdə qeydiyyatda olması” barədə yayılan iddialar böhtan xarakterlidir. Bu cür ciddi ittihamların heç bir hüquqi və faktiki əsası yoxdur. Məktəbdə keçirilən dərslər, müəllim heyəti və şagird qəbulu prosesləri Nazirliyin müəyyən etdiyi qaydalar çərçivəsində tam şəffaf şəkildə həyata keçirilir.

Şagird qəbulu üçün pul tələb edilməsi və dərs saatlarının “satılması” kimi iddialar əsassız və böhtan xarakterli ittihamlardır. Bu cür şayiələrin məqsədi məktəb rəhbərliyinin nüfuzuna xələl gətirmək, təhsil müəssisəsinin fəaliyyətinə kölgə salmaq və ictimai rəyə təsir etməkdir.

Mingəçevir şəhəri
Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbinin rəhbərliyi