
ABŞ -n çəkilməsi AB-ni necə qlobal güc mərkəzinə çevirir?
AB Putinin ümidlərini boşa çıxarmaqdadır.
Sankt – Peterbur formunda Putinin çıxışı göstərdi ki, Ukrayna müharibəsinin taleyi savaş meydanında həll olunmasa, hər hansı danışıqlar təşəbbüsünün heç bir mənası yoxdur. Onun bu öz nitqində Ukraynanın tamamının Rusiya aid olduğunu, rus əsgərinin ayağı dəyən hər yerin rusların olduğunu deməsi, danışıqlar yolu ilə sülhə inananların növbəti dəfə nə qədər yanıldığını göstərməkdədir.
Bu ilin əvvəlindən başlayaraq Putinin reaksiyalarından belə görünürdü ki, o, Trampın hakimiyyətə gəlişini və Ukrayna ilə bağlı siyasətiini öz işğal planları üçün geosiyasi fürsət kimi dəyərləndirməkdədir. Ona görə də, ABŞ-n vasitəçiliyi ilə Səudiyyə Ərəbistanında və İstanbulda keçirilən danışıqlarda, “müharibənin səbəblərininin” aradan qaldırılması ilə bağlı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü inkar edən tələblərini əsas şərt kimi irəli sürərək, atəşkəs təklifindən imtina etdi.
Putinin bu mövqeyinə baxmayaraq, artıq demək olar ki, Kremlin ABŞ -n çəkilməsi ilə Avropanın təhlükəsizlik sisteminin çökəcəyi, Ukraynanın müdafiəsiz buraxılacağı ilə bağlı hesablamaları özünü doğrultmur. Ancaq Putinin son açıqlamalarından belə görünür ki, o hələ də ABŞ -n iştirakı olmadan Avropanın öz təhlükəsizlik problemlərini həll edəcəyinə və Ukraynaya yetərli qədər dəstək verə biləcəyinə inananmır. Bundan əlavə Avropa daxilində ifrat sağın yüksəlişinin yaradacağı mərkəzdənqaçma, Orban, Vuciç kimi Putinə yaxın liderlərin daxildə aparacaqları pozuculuq işləri kimi məsələlər də, Moskvanı xeyli ümidləndirmişdi.
Ancaq Moskvanın gözləntilərinin əksinə olaraq, Fransa, Almaniya, Polşanın liderlyi ilə Avropa Birliyi ortaq iqtisadi mənafelərdən əlavə, həm də Rusiya təhdidinə qarşı ortaq təhlükəsizlik maraqları ətrafında birləşərək müstəqil geosiyasi güc mərkəzi kimi çıxış etməyə başladı. Bu prosesdə AB üzvü olmasa da, İngiltərənin kənardan verdiyi dəstək və ortaya qoydugu liderlik təşəbbüsləri də həlledici rol oynadı. AB-nin hazırkı mövqeyinə əsasən demək olar ki, Kremlin Ukraynanı təkləmək və güc yolu ilə öz iradəsini Avropaya diktə etmək gözləntiləri özünü doğrultmamaqdadır.
Artıq açıq şəkildə görünür ki, Avropa getdikcə öz əvvəlki ehtiyatlı davranışlarından imtina edərək, Putini “qaydasız döyüş” şərtlərinə daha çox uyğunlaşmaqdadır. Bu dəyişiklik və qətiyyət həm qitə daxilində ultra sağa, Putinçi liderlərə, həm də Ukraynaya verilən dəstəkdə aydın görünür. Fransada Rusiyapərəst siyasət tərəfdarı olan Le Penə siyasət yasağının qoyulması, Almaniyada AFD -i gələcəkdə bağlaya bilməsi üçün Konstitusiya məhkəməsi tərəfindən ekstremist təşkilat kimi qiymətləndirilməsi, onu göstərir ki, bundan sonra Putinin Avropanın daxilində bundan sonra separatizmi dərinləşdirməsinə və siyasi əməliyyatlar qurmasına imkan verilməyəcək. Hazırda AB-də Putinin maraqlarını təmsil edən Orbana görə 7-ci maddənin tətbiqi ilə Macarıstanın səs hüququndan məhrum edilməsi məsələsi müzakirə olunmaqdadır.
Ukrayna məsələsinə gəldikdə isə, Avropa indi Baydenin dönəmində olduğundan daha qətiyyətli görünməkdədir. Bu baxımdan Almaniya kansleri Mertz hakimiyyətə gəldikdən sonra konstitusiyada hərbi xərclərə qoyulmuş 1%-lik baryeri qaldıraraq, gələcək 10 il üçün hərbiyə əlavə olaraq 400 miyard avro ayırmağın yolunu açdı. “Almaniya bunda sonra qlobal təhlükəsizliklə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazırdır” bəyanatını verən Mertzin kollektiv Avropa adından “Ukrayna Qərb silahları ilə Rusiyanın istənilən dərinliyi vurula bilər” deməsi, həm də AB-nin hərbi ittifaq kimi formalaşmaqda olduğunu və bunun üçün gərək olan cəsarətin, kollektiv iradənin olduğunu göstərməkdədir. Bu bəyanat fonunda Almaniyanın Ukraynanın silahlanmasına və bu ölkədə orta mənzilli raket istehsalına 5 mlrd avro ayırması, strateji baxımdan Rusiya qarşı edilmiş açıq demarşdır və Kremlin qırmızı xətlərini numayişkaranə şəkildə tapdalamaqdır. Ancaq Almaniyanın bu cəsarətli addımından sonra Rusiya rəhbərliyi əvvəlki tək hədələyici bəyanatlar səsləndirmədi. Yalnız Lavrov Ukraynanın Fransız raketləri ilə Rusiyanın içərilərini vurduğunu deyərək çarəsiz şəkildə gileyəndi. Almaniyanın bu qərarları fonunda Makronun Fransanın nüvə silahını bütün Avropaya təhlükəsizlik çəti kimi təqdim etməsi isə, AB -nin kollektiv müdafiə əzmini nümayiş etdirməklə yanaşı, Rusiyanın bu sahədəki əsas üstünlüyünü də neytrallaşdırmış olur.
Bir məqamı da ayrıca qeyd edək ki, Zelenski Ağ evdən qovulduqdan dərhal sonra Starmerin onu Londona dəvət edərək, ən yüksək protokolla qarşılaması, o gərgin anlarda Avropanı Rusiya qarşısında strateji çöküşdən qurtaran bir addım oldu və sonrakı mərhələdə AB -nin toparlanaraq Ukraynya dəstək göstərilməsinə zəmin yaratdı. Bundan əvvəl isə Boris Consonun vaxtında İstanbulda keçirilən sülh danışıqlarında İngiltərə son anda müdaxilə edərək, Ukraynanın kapitulyasiyaya bərabər şərtləri qəbul etməsinin qarşısını almışdı.
Bütün bunlar onu göstərir ki, gün London AB dən kənarda olsa da, reallıqda vahid Avropa təhlükəsizlik sisteminin əsas liderlərindən hesab olunur. Rusiya təhlükəsinə qarşı öz ordusunu müharibə rejiminə keçirən İngiltərə bu gün həm də ayrılıqda Ukraynaya etdiyi böyük hərbi yardımlarla Kiyevin rus işğalına qarşı müqavimətini fəal şəkildə dəstəkləyir.
ABŞ-n siyasətindəki dəyişiklikdən dərhal sonra Avropanın qısa müddət ərzində toparlanaraq Rusiya təhlükəsinə qarşı ortaq iradə və cəsarətli mövqe nümayiş etdirə bilməsi, Putinin hələ də ümid etdiyi geosiyasi fursəti hər gün onun əlindən daha çox almaqdadır. İndi Rusiyanın qarşında ABŞ-n buraxdığı geosiyasi boşluğu doldurmağa iddali o yeni bir güc mərkəzi var. Bu güc mərkəzi təkcə Ukrayna məsələsində deyil, həm də Rusiyanın imperiya maraqlarının hüdudlarına daxil olan regionlarda belə, onunla rəqabət aparmağa, öz sərhədlərini genişləndirməyə iddalıdır.
Fuad Qəhrəmanlı.