ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun detalları bəlli olub. “Nyu York Times” iyunun 22-də hücumda 6 B-2 bombardmançısının iştirak etdiyini yazıb. Məlumata görə, B-2-lər Fordo nüvə obyektinə ümumilikdə 12 bomba atıblar. Qəzet yazır ki, Natanz və İsfahandakı obyektlərə isə zərbələr ABŞ-nin sualtı qayıqlarından atılan 30 “Tomaqavk” raketi ilə endirilib. Natanza həmçinin B-2-dən iki bunkerəleyhinə bomba da atılıb.

Qəzet adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən qeyd edir ki, Missuridən havaya qalxan B-2-lər 37 saat ərzində enişsiz uçuş həyata keçiriblər və bir neçə dəfə havada yanacaq qəbul ediblər.

“ABC News” isə ABŞ və İsrailin İrana bu gün endirilən zərbələrin hələ bir il əvvəl hazırladığını yazıb. Televiziya iddiasını adının çəkilməsini istəməyən mənbəyə istinadən qeyd edib:

“Bu təlimlər Bayden administrasiyası dövründə planlaşdırılıb və reallaşdırılıb, lakin bir il əvvəl düşünmürdük ki, bu indi baş verəcək”.

Hələlik bu iddiaya ABŞ və İsraildən rəsmi açıqlama gəlməyib. Lakin “Radio Farda” yazır ki, ABŞ-nin İrana zərbəsi Vaşinqtonda heç də hamını razı salmayıb. Respublikaçılar Partiyasının çoxu, o cümlədən Nümayəndələr Palatasının sədri Mayk Conson Trampın addımını alqışlayıblar. Demokrat konqresmenlər isə bu addımı tənqid edərək, onun ABŞ-nin İrana qarşı müharibəyə qoşulması anlamına gəldiyini deyiblər.

Senator Berni Sanders isə İrana hücumu qeyri-konstitusion adlandırıb. Konqresmen Aleksadriya Okasio-Kortes isə Trampın impiçmentinə çağırış edib.

İsraildə isə ABŞ-nin addımı təqdir edilir. İsrail baş naziri Benyamin Netanyahu hücumdan az sonra Trampın addımının tarixi dəyişəcəyini açıqlayıb.

“ABŞ dünyanın heç bir ölkəsinin edə bilmədiyini etdi. Tarix prezident Trampın dünyanın ən təhlükəli hökumətinin ən təhlükəli silahı almasına imkan vermədiyini yazacaq”.

İran Xarici İşlər Nazirliyi isə ABŞ-nin hücumunu BMT-nin təməl prinsiplərinin kobud və misilsiz pozulması adlandırıb. Rəsmi Tehran həmçinin BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırış edib.

Azadlıq radiosu