Rusiya prezidentliyinə ən real namizədlərdən biri olan tanınmış siyasi liderin AXCP sədrinə məktub göndərib, AXC-nin yubileyi münasibətilə cəbhəçiləri təbrik etməsini təsəvvür edə bilirsinizmi? Əlbəttə ki, indi bu, mümkün deyil. Çünki SSRİ-nin dağılmasına səbəb olan AXC hərəkatını təbrik edə biləcək qədər gerçək demokrat olan Rusiyalı lider Boris Nemtsov artıq 10 ildir ki, öldürülüb. Rusiya hakimiyyəti isə dünyanın ən sərt, qəddar avtoritar rejimlərindən birinə çevrilib.
Gerçək demokrat, tanınmış və cəsur lider Boris Nemtsovu siyasi sifarişlə öldürülməsinin 10-cu ildönümündə böyük hörmətlə xatırlayıram.

AXC-nin 25 illik yubileyi münasibətilə Boris Nemtsovun mənə göndərdiyi təbrik məktubunu sizlərə yenidən təqdim edirəm:

“İyulun 16-da Azərbaycanda demokratik düşərgəni təşkil edən dostlarımız Xalq Cəbhəsinin 25 illik yubileyini keçiriblər.
Ötən əsrin 80-ci illərinin sonunda Bakıda minlərlə insan azadlıq və müstəqillik ideyaları ilə meydana çıxıb Xalq Cəbhəsini elan etdi. Eyni proses keçmiş SSRİ-nin bir sıra başqa respublikalarında da təkrarlandı. Məhz Azərbaycandakı və “xalqlar həbsxanası”ndan çıxan başqa respublikalardakı hərəkatlar SSRİ-nin dağılmasına, milli dövlətlərin meydana gəlməsinə səbəb oldu.
Çox təəssüf ki, o tarixi hadisələrin üstündən 25 il keçəndən sonra da nə biz burda, vətənimiz Rusiyada, nə də Azərbaycan xalqı öz ölkəsində demokratik cəmiyyət quruculuğunun bəhrəsini dada bilirik. SSRİ-dən qalma totalitar idarəçilik, sərt avtoritar sistem onun subyekti olmuş bir neçə respublikada bu gün də yaşayır. Təəssüf ki, hələ 1918-ci ildə Demokratik Respublika qura bilmiş Azərbaycan da bunların içərisindədir.
Azərbaycanda, eləcə də Rusiya və başqa keçmiş müttəfiq respublikalarda xalq hərəkatları hələ də bütün cəmiyyət üzvlərinin qanun qarşısında bərabərliyini təmin edə bilməyib, bununla belə Azərbaycanın gələcəkdə azad və çiçəklənən respublika olacağına inam yaradan nişanələr var.
Avtoritar rejimlərlə mübarizə həmişə böyük cəsarət, mərdlik, siyasi iradə tələb edib. Xalq Cəbhəsi Partiyası bu keyfiyyətlərin layiqli daşıyıcısı olduğunu sübut edir. Bu illər ərzində siyasi qətllər, təqiblər, təzyiqlər, qanunsuz təqiblərlə üzləşən partiya üzvləri tutduqları yolun doğruluğuna bir an belə tərəddüd etməyiblər və Azərbaycanda demokratik cəmiyyət quruculuğunun perspektivinə inamlarını itirməyiblər.
Xalq Cəbhəsi Partiyasına öz mübarizəsində uğurlar arzulayırıq. Yubiley münasibətilə partiyanın sədri Əli Kərimlini və onun bütün üzvlərini təbrik edirik”.

P.S. Boris Nemtsov Ukraynaya güclü dəstək verirdi. Rusiyanın Krımı və digər Ukrayna torpaqlarını 2014-cü ildə işğal etməsinə qarşı çıxırdı. Boris Nemtsovun Putinin Ukraynaya qarşı başlatdığı işğalçılıq siyasətini ifşa edən çıxışlarından birini şərh bölümünə yerləşdirirəm.