
ABŞ prezidenti Ronald Reyqan 1985-ci ildə Cenevrədə yalnız tərcüməçilərin müşaiyyət etdiyi gəzinti zamanı Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovdan soruşur ki, əgər Amerika yadplanetlilərin hücumuna məruz qalsa, biz sizin hərbi yardımınıza güvənə bilərikmi?
Qorbaçov tərədüd etmədən cavab verir ki, şübhəsiz. Ardınca da əlavə edir ki, SSRİ və ABŞ eyni səngərdə olacaqlar. Fantastik filmlərin qəhrəmanların yadplanetlilərə qarşı mübarizəsinə bənzəyən bu söhbət Soyuq Müharibənin başa çatmasının və “dəmir pərdə” aradan qalxmasının təməli hesab olunur.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev İlon Maska 2029-cu ildə Marsa birgə missiya təşkil etməyi təklif edib. İlon Maska məxsus olan X sosial şəbəkəsindəki bununla bağlı paylaşımında Dmitriyev yazıb ki, bizim ağlımız və texnologiyamız bəşəriyyətin məhvinə deyil, uğuruna xidmət etməlidir.
Kirill Dmitriyevin bu fikirlərini oxuduğum zaman Reyqanla Qorbaçov arasında yadplanetlilərin hücumuna qarşı birgə müdafiə olunmaqla bağlı söhbətini xatırladım.
Nadir torpaq metallarının, neft-qaz yataqlarının və Arktikanın birgə işlənilməsi ilə bağlı Putinin Trapma təklifi də Dmitriyevin ideyasıdır. Məlumata görə, məhz onun təkidlərindən sonra Putin bu təkliflərlə çıxış edib.
Dmitriyevin təmsil etdiyi qüvvələr Putini hakimiyyəti Dmitriyevə ötürməyi razı sala bilsələr, tamamilə yeni geosiyasi vəziyyət yaranacaq. Dmitriyev Rusiyanın üzünü yenidən Şərqdən Qərbə çevirə, postsovet respublikalarının azad seçiminə razı ola bilər.
Stenford Universiteti və Harvard Biznes Məktəbinin məzunu, Putinin varisi hesab olunan qızı Yekaterinın dəstəyi ilə vəzifə pillərində sürətli yüksəlmiş, cəmi bir neçə il əvvəl Kiyevdə Viktor Pinçukun investisiya fondunda işləmiş, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dostu Kirill Dmitriyevin İlon Maska başqa planetləri birgə fəth etmək təklifi təsadüfi hadisə ola bilməz.