
Pistorius Ukrayna ilə bağlı beşlik formatında təcili virtual görüş çağırdı – Tramp Zelenskiyə tənqidlərini yenilədi
Almaniyanın müdafiə naziri Pistorius Avropanın dörd böyük NATO ölkəsinin müdafiə nazirləri ilə birlikdə Ukraynaya siyasi və hərbi yardımların davam etdiriləcəyini bir daha təsdiqləyib. Berlində Almaniya Müdafiə Nazirliyi Kiyevin bundan sonra da Almaniya, Fransa, Polşa, Böyük Britaniya və İtaliyaya güvənə biləcəyini bildirib.
Virtual görüş ABŞ-ın prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında baş verən gərginlik fonunda keçirilib.
Tramp Zelenskiyə qarşı tənqidlərini yenidən dilə gətirib. O, Truth Social platformasında yazıb ki, Zelenski ABŞ-ın dəstəyinə arxalandığı müddətcə sülh istəmir. Tramp həmçinin vurğulayıb ki, Amerika buna daha dözüm göstərməyəcək.
Ağ Evin təhlükəsizlik müşaviri Uoltz isə Fransa və Böyük Britaniyanın Avropa sülh planı və Ukraynada atəşkəs üçün göstərdiyi səyləri alqışlayıb. Vaşinqtonda jurnalistlərə açıqlamasında o bildirib ki, Avropalıların öz təhlükəsizlikləri üçün liderlik etmək istəmələri müsbət bir addımdır.
Sarvan Səmədoğlu