Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondu arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.

Sözügedən memorandum “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən imzalanıb. Memorandum 44 günlük Vətən müharibəsinin şəhid və qazi ailələrinə mənəvi dəstək üçün birgə əməkdaşlıq sahələrini müəyyən edir.

Əməkdaşlıq sahələri aşağıdakılardır:

  1. Peşəkar səriştə, bacarıq, texniki bilik və digər sahələrdə öyrənmə və inkişaf imkanlarını araşdırmaq;
  2. Şəhid övladlarına və qazilərə qayğı göstərmək məqsədilə DİM tərəfindən təşkil olunacaq tədbirlərin hazırlanması və keçirilməsi üçün müvafiq mütəxəssislərin cəlb olunmasına köməklik göstərmək;
  3. Şəhid övladlarının və qazilərin bilik və bacarıqlarını artırmaq, həmçinin karyeralarını yüksəltmək üçün yeni imkanlar araşdırmaq və yaratmaq;
  4. Şəhid övladlarının və qazilərin akademik göstəricilərinin təhlilinə dair elmi konfrans keçirmək;
  5. Potensialın artırılması təşəbbüsləri ilə məktəbli və tələbə olan şəhid övladları və qazilərin məşğulluğunu artırmaq.
    Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondu arasında ilk əməkdaşlıq memorandumu 2021-ci ildə imzalanıb.