
Ağlı ilə deyil, duyğuları ilə mühakimə yürüdən toplumlar heç bir zaman inkişaf edə, modern dövlət qura bilməzlər. Təəssüf ki, Azərbaycanda vəziyyət məhz belədir. Soydaşlarımız ağlı ilə deyil, duyğuları ilə münasibət bildirirlər. Ötən gün Suriyada baş verənlərlə bağlı yazdığım şərhdə Türkiyənin yanlış siyasəti ilə bağlı kiçik qeydlərimə münasibət bildirənlərin bir hissəsi ağlı ilə deyil, duyğuları mühakimə yürüdürlər. Duyğuları ilə mühakimə yürüdənlər də iki yerə bölünür. Bir hissəsi dini inanclarından çıxış edir, digəri isə türkçülük kimi anladıqları Türkiyəçilik hissinin təsiri ilə münasibət bildirirlər.
Təxminən eyni münasibəti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Nas” siyasətini tənqid edəndə də müşahidə etmişdim. Çağdaş dövrün iqtisadi münasibətləri ilə ziddiyyət təşkil edən “Nas” siyasətinin nəticəsi Türkiyəyə çox bahaya başa gəldi. Bu gün Türkiyədə infilyasiya üç ildən artıq bir zamanda özündən dəfələrlə güclü düşmənə qarşı rəşadətli müqavimət göstərən Ukraynadan, müharibənin bir saatına 2 milyard rub xərcləyən Rusiyadan çox-çox yüksəkdir. Halbuki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən ən çox gəlir götürən bir neçə dövlətdən biri, bəlkə də birincisi Türkiyədir.
Suriya siyasətini BMT-nin, dünyada söz sahibi olan dövlətlərin böyük əksəriyyəti tərəfindən rəsmən terrorçu kimi tanınan bir təşkilat və bir şəxs üzərində qurmaq “Nas” siyasətindən daha təhlükəlidir. Türkiyənin Avropa dövləti statusundan Yaxın Şərq dövləti statusuna keçirilməsi ilə bağlı Senatdakı təşəbbüs də belə yanlış siyasətin nəticəsidir.
Böyük Britaniyanın Rusiyaya qarşı formalaşdırmağa çalışdığı koalisiya Türkiyənin son şansı ola bilər. Ankara Azərbaycanın bəzi təşəbbüslərini də yüksək qiymətləndirməli, nəticəsiz qalmasına imkan verməməlidir. Əgər bu iki prosesdən istifadə edilməsə Türkiyənin aqibəti Yaxın Şərq ölkələrinin aqibətindən fərqli olmayacaq.