
ABŞ-ın 30 günlük atəşkəs çağırışına Putin nə cavab verəcək?
Zelenski və bütövlükdə Ukrayna rəhbərliyi çevik hərəkət edərək ABŞ-la münasibətləri bərpa edə bildilər. İndi faktiki olaraq Ukrayna və ABŞ eyni cinahda hərəkət edirlər. Ukrayna “sülhə mane olmaq” məsuliyyətini öz üzərindən ata bilib. Beynəlxalq ekspertlərin də dediyi kimi “top artıq meydanın Rusiya tərəfindədir”.
Əslində müharibəni məhz indi bitirmək strateji olaraq hamıdan daha çox Rusiyanın maraqlarına uyğundur.
Putin atəşkəsdən imtina etsə, Avropa Birliyi və digər müttəfiqlərin dəfələrlə artacaq hərbi yardımları, üstəlik ABŞ yardımlarının da davam etməsi bir müddətdən sonra Ukraynanın mövqelərini daha da gücləndirəcək.
Rusiyanın isə onsuz da tükənməkdə olan resursları (insan, maliyyə, texnika və s) daha sürətlə tükənməyə doğru gedəcək.
Ancaq buna baxmayaraq indi Putin üçün atəşkəs çağırışını qəbul etmək də asan deyil. Onun özünün maksimalist ritorikası Rusiya cəmiyyətində Ukrayna üzərində tam və qəti qələbə gözləntisi yaradıb. Ukraynanın 4 vilayətini Rusiya ərazisi olaraq Konstitusiyaya daxil etməsi isə özünün geriyə yolunu bağlayıb.
Bütün bu səbəblərdən Rusiya ordusu hücumda ikən savaşın dayandırılmasını Rusiya cəmiyyəti qələbənin Rusiyadan oğurlanması, Putinin aldadılması kimi qəbul edər.
Digər tərəfdən Putin Trampın atəşkəs çağırışına açıq və birmənalı yox deyib, Trampı incitməyi, ABŞ -Ukrayna müttəfiqliyini daha da gücləndirməyi də gözə ala bilməz. Ona görə də böyük ehtimalla Putin rəsmən yox demədən, atəşkəs üçün əlavə şərtlər irəli sürərək danışıqlar prosesini uzatmağa çalışacaq.
Əli Kərimli
AXCP sədri