Sərhədsiz Reportyorlar Azərbaycanda xarici medianın susdurulmasını pisləyir

Azərbaycan hakimiyyəti bu yaxınlarda bir neçə xarici media orqanının jurnalistlərinin akkreditasiyasını ləğv edib, buna “qarşılıqlıq” kimi saxta arqument gətirib”. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu “əsassız” qərarın “avtoritar” rejimin mətbuat azadlığına təzyiqini daha da gücləndirdiyini bildirir. Qurum jurnalistlərin akkreditəsini dərhal bərpa etməyə çağırır.

Ötən ay xarici media orqanları üçün işləyən jurnalistlərin akkreditəsi ləğv olunub və bu da onların xəbərləmə işini davam etdirməsini mümkünsüz edib. 1994-cü ildən bəri Azərbaycandan xəbər verən BBC fevralın 13-də Bakı ofisini bağlayıb.

ABŞ-nin “Bloomberg” biznes mediası, “Amerikanın səsi” dövlət mediasının akkreditəsi də ləğv edilib. Britaniyanın “Reuters” xəbər agentliyinin təmsilçisi RSF-ə deyib ki, “”Reuters” üçün işləyən iki frilans jurnalistin də daha Azərbaycanda akkreditəsi yoxdur, çünki hökumətin yeni siyasətinə görə, hər bir xarici media orqanına yalnız bir akkreditə verilir”.

“Jurnalistlərdən diplomatik münaqişələrdə, xüsusən də saxta “qarşılıqlıq” bəhanəsi ilə “piyada” kimi istifadə oluna bilməz. Bu əsassız qərarlar mətbuat azadlığına növbəti ciddi zərbədir, Azərbaycanı kənar baxışdan daha da təcrid etmək məqsədi güdür. Hakimiyyəti ləğv olunmuş akkreditasiyaları dərhal bərpa etməyə, xarici medianın tam redaksiya müstəqilliyi ilə sərbəst fəaliyyət göstərməsini təmin etməyə çağırırıq”, – bunu RSF-in Şərqi Avropa və Orta Asiya bölməsinin başçısı Janna Kavelye deyib.