“30 günlük atəşkəs Ukrayna Silahlı Qüvvələri üçün müvəqqəti fasilədən başqa bir şey deyil”. Bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bəyan edib.

O deyib ki, Rusiya uzunmüddətli sülh razılaşmasının tərəfdarıdır.

Uşakovun sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts onu Ciddədə Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqların əsas nəticələri barədə məlumatlandırıb.

İki gün əvvəl ABŞ Səudiyyə Ərəbistanında keçirilən danışıqlar zamanı Ukraynaya heç bir ilkin şərt olmadan 30 günlük atəşkəs təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev yalnız hava və dəniz məkanında atəşkəs təklif edib, lakin ABŞ nümayəndə heyəti ümumi atəşkəsin vacibliyində israr edib və nəticədə Ukrayna tərəfi bu təklifi qəbul edib.

Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Mayk Uoltsla söhbəti zamanı ABŞ və Ukrayna arasında əldə edilmiş müvəqqəti atəşkəs razılaşmasını şərh edib.

“Bizim mövqeyimiz belədir ki, bu, Ukrayna Silahlı Qüvvələri üçün müvəqqəti fasilədən başqa bir şey deyil. Bizim əsas məqsədimiz uzunmüddətli sülh nizamlanmasıdır. Buna can atırıq. Elə bir sülh razılaşması ki, bizim qanuni maraqlarımızı da nəzərə alsın. Sülh prosesini imitasiya edən addımlar hazırkı vəziyyətdə heç kimə lazım deyil”, – deyə o əlavə edib.

Mətbuatda yayılan məlumatlara görə, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff martın 13-də Moskvaya gedib. Lakin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Uitkoff Vaşinqton və Moskva arasında danışıqlarda vasitəçi rolunu oynamır.

“Bloomberg” agentliyi isə bildirib ki, amerikalı rəsmi Moskvada Vladimir Putinlə görüşməyi planlaşdırır.

Ciddədə aparılan danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun nümayəndələri “hazırda Rusiyaya gedir”. “İndi hər şey Rusiyadan asılıdır”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, həftə ərzində Putinlə danışmağı planlaşdırır. Bununla yanaşı, əgər danışıqlar uğursuz olarsa, o, Rusiyaya qarşı “dağıdıcı” sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.

“Bu, Rusiya üçün çox pis olardı. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm”, – deyə Tramp bəyan edib.