İmamoğlunun gözlənilən həbsi

Donald Trampın prezident seçilməsinin doğuracağı təsirlərlə bağlı dostlarla apardığımız bir müzakirədə Baydenin səlahiyyət müddəti bitəndən dərhal sonra İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun həbs ediləcəyini bildirmişdim. ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin Ekrem İmamoğluna rəğbəti vardı və Ankarada bunu bilirdilər. Buna görə də Ərdoğan əsas rəqibinin həbsinə cəsarət edə bilmirdi. İndi artıq Ağ Evin sahibi Bayden deyil və Ərdoğan əsas rəqiblərini zərərsizləşdirmək üçün çoxdan arzuladığı əlverişli şəraitdən istifadə edir.
İmamoğlunun həbsini qaçınılmaz edən üç əsas şərt vardı. Birincisi, demokratiyanı məqsəd deyil, hakimiyyəti ələ keçirmək üçün vasitə hesab edən siyasi islamçılar demokratik mexanizmlərdən istifadə edərək ələ keçirdikləri hakimiyyətdən getmək istəmirlər. Sona kimi də bu yanaşmaları dəyişməyəcək.
İkincisi, Ərdoğan hakimiyyətdən gedəcəyi halda ailə üzvlərinin əksəriyyətinin korrupsiya iddialarına görə ölkə daxilində və Qərbdə cinayət məsuliyyəti ilə üzləşəcəyindən qorxur.
Ərdoğanın özü və ətrafı dövlətin qurucusu Cümhuriyyət Xalq Partiyasının Cümhuriyyət dəyərlərinə qəsdə görə sərt qisas alacağından qorxur. Adnan Menderesin aqibəti siyasi islamçıları hər addımda təqib etdiyi üçün iqtidardan getməyə qorxurlar. Ərdoğanın və siyasi islamçıların davranışlarını müyyənləşdirən üçüncü məqam da budur.
Ərdoğanla İmamoğlu arasında mübarizə Türkiyənin yaxın və orta müddətdə taleyini müəyyən edəcək. Ərdoğan bu prosesdən qalib çıxsa Türkiyə tədricən Yaxın Şərq ölkələrin sırasına keçəcək. Türkiyə toplumu İmamoğluna sahib çıxsa, dövləti Atatürkün Cümhuriyyəti qurduğu təməl və dəyərlər üzərinə qaytarmaq üçün bəlkə də son şansı qazanacaq.
Şansın bol olsun Türkiyə!

Xəqani Cəfərli politoloq