Respublikaçı Partiyası parçalanır? Tramp sanksiyalardan imtina edir, Senat isə Rusiyanı dağıdıcı sanksiyalarla təhdid edir

Görünən odur ki, Trampın Putinə davamlı siyasi reveransları nəhayət Respublikaçı Partiyasında ciddi narahatlıq doğurmağa başlayıb. Trampın Rusiyaya qarşı sanksiyalara qarşı çıxmasına baxmayaraq, Senatdaki respublikaçıların bir çoxu Rusiyanı dağıdıcı sanksiyalarla təhdid edir. Bu isə partiyanın daxilində fikir ayrılığının dərinləşdiyini göstərir.

İlk növbədə qeyd edək ki, respublikaçılar Konqresin hər iki palatasına nəzarət etsələr də, Trampa olan loyallıq baxımından palatalar arasında fərqlər var. Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampa tam loyaldır, lakin Senatda əksəriyyət lideri Con Tyun fərqli mövqe tutur.

Kiçik xatırlatma

Ötən il Senatın lideri Mitç Makkonnell postunu tərk etdikdən sonra yeni lider seçilməsi üçün qapalı səsvermə keçirildi. Tramp, Floridadan senator Rik Skottun namizədliyini dəstəkləyirdi. Skott həm Trampa sadiqliyi, həm də Rusiya yönlü mövqeyi ilə tanınırdı. Lakin Trampın dəstəyinə baxmayaraq, Skott seçkini uduzdu. 53 səslə qalib gələn Con Tyun Senatın yeni lideri oldu. Tyun isə Trampa qarşı mənfi münasibəti ilə seçilir.

Son hadisələr kontekstində

Senatda əksəriyyət lideri, respublikaçı Con Tyun Putini xəbərdar etdi ki, əgər o, Ukrayna ilə dərhal atəşkəs barədə ciddi təklif irəli sürməsə, Senat Rusiya hökumətinə qarşı yeni sanksiyalar qəbul edəcək. Bu zaman Dövlət Katibi Marko Rubio da senatorları xəbərdar etdi ki, əgər sanksiyalarla təhdidlər artarsa, ruslar danışıqları dayandıra bilər.

Con Tyun Ağ Evə bildirib ki, senatorlar Lindsi Qremin təqdim etdiyi qanun layihəsini 26 maydan sonra gündəliyə salmaq istəyirlər.

Senator Kevin Kramer bildirib: “Mən lider Tyunun mövqeyinə hörmət edirəm. Bu, indiki dövr üçün doğru yanaşmadır. Bir məqamda artıq 82 imzanı görməməzlikdən gəlmək mümkün deyil.”

Respublikaçı senator Qrem Senat rəhbərliyinə və həmkarlarına müraciət edərək Kremlin lideri Vladimir Putini sülh danışıqlarını uzatdığı üçün cəzalandırmağa çağırıb.

Qrem deyib: “Biz çox uzun müddət kənarda qaldıq. Problem Ukraynada deyil, Rusiyadadır. Rusiya Ukraynaya hücum etdi. Bu məsələlərdə mənəvi tərəf çox vacibdir. Putin, məncə, bizim hamımızla oyun oynayır.”

Qrem əlavə edib: “Çinə də aydın mesaj verməyin vaxtıdır: əgər normal dövlət kimi qəbul olunmaq istəyirsinizsə, normal davranın. Əgər Çin Putini dəstəkləməyə və onun hərbi maşınını gücləndirməyə davam edərsə, ABŞ Senatı ilə heç vaxt normal münasibətlərə malik olmayacaq.”

O daha sonra bildirib: “Putindən ucuz neft almağın cəzasız günlər başa çatır. Biz tədbir görəcəyik.”

Sülh danışıqları ilə bağlı Qrem Senata xatırladıb ki, Tramp 30 günlük atəşkəs çağırışı etmişdi – Ukrayna razılıq verib, Rusiya isə imtina edib.

Maraqlısı odur ki, 100 senatordan artıq 82 senator bu sanksiyaları dəstəkləyir və məsələnin səsverməyə çıxarılması təqdirdə 82 senatorun səsi prezidentin vetosunu da aşmaq gücündədir, yəni Trampın imzası olmadan sanksiyalar tətbiq olunacaq.

Partiyanın daxilində çox ciddi böhranın ilk ayaq səsləri gəlir…

P.S. Şəkildə Lindsi Qrem Kiyevdə.