
Türkiyə Statistika İdarəsinin məlumatına görə, hər 100 nəfərdən yalnız 14-ü “insani” həyat meyarlarına cavab verən həyat sürür. Ancaq dörd nəfərlik bir ailə üçün yoxsulluq həddi 79 min lirə olaraq götürüldükdə bu nisbət yüzdə 90-a yaxınlaşır. Ekspertlər isə gerçək vəziyyətin rəsmi məlumatlarda olduğundan daha ağır olduğunu iddia edirlər. Bu məlumat Türkiyənin səfalətin ən yüksək olduğu ölkələrdən biri olması haqqında beynəlxalq təsisatların və mütəxəsilərin fikirlərinin gerçəkliyi əks etdirdiyini təsdiq edir.
Ərdoğan hakimiyyətinə yaxınlığı ilə tanınan Cübbeli Ahmet İŞİD-in Türkiyədə 2 min qrup yaratdığını bildirir. Cübbeli Ahmet son günlər İŞİD-ə qarşı keçirilən təhlükəsizlik əməliyyatlarının da məhz onun verdiyi məlumatlar əsasında gerçəkləşdiyini bildirib. Hüquq-mühafizə orqanlarından Cübbəli Ahmetin iddiaları ilə bağlı təkzib yoxdur. Əgər, hər qrupda ən azı 50 nəfər varsa, bu Türkiyədə İŞİD tərəfdarlarının sayının ən azı 100 min nəfər olması deməkdir. Türkiyənin özündə müridlərinin sayı milyonla ölçülən dini təriqqət və cammat adlı topluluqların varlığını da nəzərə alanda, vəziyyətin nə qədər ağır olduğu aydın olar.
Türkiyənin dini lideri Ali Arbaşın prezident Rəcəb Tayyip Ərdoğana hədiyyə etdiyi tabloda bu ayət yer alıb: “Şübhəsiz ki, ancaq sənə biət edənlər Allaha biət edərlər”.
Türkiyədə dəhşətli miqyas alan yoxsulluq, məzhəbçi radikal təşkilatların, o cümlədən terror təşkilatlarının sürətlə güclənməsinin yaratdığı mənzərə ən azından bu yüzillikdə dəyişməyəcək. Hakimiyyətin dəyişməsi yoxsulluğun qismən azalmasına, “insani” həyat meyarlarına cavab verən həyat sürənlərin faizinin 25-30 faizə yüksəlməsinə səbəb ola bilər, amma bu əsrdə 50 faizi keçməsi mümkün deyil. Siyasi islamçı iqtidarın hakimiyyətdən kənarlaşdırılması radikal məzhəbçiliyin cilovlanmasına səbəb ola bilər, amma fundamental dəyişiklik ola bilməz.
Türkiyə cəmiyyəti bu əsri yoxsulluq və dini dözümsüzlüyün artdığı bir cəmiyyətə yaşamağa məhkumdur. Belə bir dövlətlə birləşmək istərdinizmi?