Rusiya tərəfindən Ukraynada törədilmiş müharibə cinayətlərinə dair sübutların toplanmasında mühüm rol oynamış Yel Universiteti nəzdindəki qurum martın 28-də fəaliyyətinə son verəcək. Bunun səbəbi isə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyini dayandırmasıdır.

Yel Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Nataniel Reymond martın 18-də AzadlıqRadiosuna özəl müsahibəsində bildirib ki, bu addım müharibə cinayətlərinin sənədləşdirilməsi və günahkarların ədalət qarşısına çıxarılması səylərinə “katastrofik” zərbə vuracaq.

Reymondun sözlərinə görə, qurum hazırda Rusiya tərəfindən Ukraynadan qaçırılmış 35 min uşağın yerini izləyir. Uşaqların qaçırılması müharibə cinayətidir və buna görə Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunub.

“İşimizin itirilməsi həqiqəti gizlətmək və məsuliyyətdən yayınmaq istəyənlər üçün növbəti qələbədir”, – Reymond bildirib.