
Ekrem İmamoğlunun həbsi ilə zirvəyə çıxan represiyalar türklərdən, Türkiyədən və Türkiyənin müttəfiqlərindən başqa heç kimə zərər verməyəcək. Əksinə, çoxları və hətta Türkiyənin düşmənləri bundan qazanacaq. Türkiyənin imicinə dəyən zərərin nəticələri çox ağır olacaq.
İmamoğlunu həbsindən sonra Türkiyə krediti daha bahalıya alacaq ki, zərərini Türkiyə cəmiyyəti və dövləti ödəyəcək. Artan represiyalardan sonra Türkiyəyə sərmayə qoyuluşu tamamilə dayana və yerli kapitalın xaricə qaçışı tarixdə görünməmiş miqyas ala bilər. Bütün bunlar Türkiyənin son 40 ildə əldə etdiyi bütün uğurları bir neçə ilin, bəlkə də bir neçə ayın içərisində məhv edə bilər. Belə getsə Türkiyə tədricən pakistanlaşacaq. İslam dövlətləri arasında ən qüdrətli orduya sahib olan Pakistanın mövcudluğu Beynəlxalq Valyuta Fondunun (ABŞ) verdiyi kreditlərdən asılı düşüb. Represiyalar davam etsə Türkiyənin taleyi də Qərb banklarından tam asılı vəziyyətə düşəcək. Represiyalar ölkə daxilində cəmiyyətin parçalanmasını sürətlənəcək. Represiyaların doğura biləcəyi təsirlərin ən qorxuncu ola biləcək bu halın ilk işartıları artıq müşahidə olunur.
Bu yazdıqlarımın bir çoxlarının xoşuna gəlməyəcəyini bilirəm. Mənim vəzifəm sizlərin xoşuna gələni deyil, acı da olsa bilməniz gərəkən gerçəklikləri yazmaqdır. Mənim fikirlərimi nəzərə alıb-almamaq artıq sizin şəxsi işinizdir.
Azərbaycan xalqının Türkiyəyə duyduğu sevgidən yararlanaraq sizlərin rəğbətini qazanmaq istəyim olsa, bunu məndən yaxşı heç kim bacara bilməz. Heç bir siyasi iddiam, reytinq dərdim olmadığı üçün gerçək bildiklərimi ifadə etməyə çalışıram. Yanıla da bilərəm. Bir təhlilçinin yanılması faciə deyil. Faciə siyasi liderliyə iddialı şəxslərin dünyada və o cümlədən Türkiyədə baş verən proseslərin nədən ibarət olduğunu təsəvvür edə bilməmələridir.
Bütün bunları ona görə yazmaq məcburiyyətində qaldım ki, Facebook çoxsaylı şikayətlərə görə 24 ssat ərzində hesabımı bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
Xəqani Cəfərli politoloq