Həsənağa Turabov “Azdrama”da direktor işlədiyi illərdə işçilərdən biri gəlib ona deyir ki, Yaşar Nuri teatra içkili vəziyyətdə gəlib. Həsənağa Turabov buna inanmır. Xəbəri gətirən şəxs Turabovu Yaşar Nuri olan otağa aparır və vəziyyəti ona göstərir. Xalq artisti görür ki, həmkarı, həqiqətən də içkilidir. Ancaq Yaşar Nuriyə bir söz demir, həmkarını xəbərçilərin yanında pis vəziyyətdə qoymağa ürəyi razı olmur. Sakit tonda həmin adamın hərəkətinə belə cavab verir: “Sizə elə gəlir. Yaşar içkili deyil, yorğundur”. Xəbəri gətirən adam Həsənağa Turabovdan əl çəkmir və elə ordaca başlayır Yaşar Nuri haqqında başqa xəbərlər də verməyə. Sən demə, bunun Yaşa Nuri ilə gizli ədavəti var imiş. Ona görə çalışırmış ki, onu işdən qovdursun. Bunu hiss edən Turabov xəbər gətirən həmin aktyoru (həmin aktyor sağdır) işdən qovaraq deyir: “Kişi kişinin arxasınca danışmaz, onun ailəsini çörəklə sınağa çəkməz. Ayıbdır. Kişiliyindən utan!”
Bu gün unudulmaz aktyor, Xalq artisti, “Vətənin o başı da, bu başı da mənim doğma el-obamdı” deyən görkəmli sənətkar Həsənağa Turabovun doğum günüdür!