
Prezident aparatından qaziləri qovdular
Deməli müharibədən sonra aidiyyatı dövlət qurumları müharibə görmüş, yaralanmış Qazilərin böyük bir əksəriyyətinə qarşı biganəlik, süründürməçilik, diqqətsizlik, qayğısızlıq nümayiş etdirildi. Ac-yalavac günə salındı. Bunu vicdanı, ləyaqəti olan hər kəs görür, bilir.
Konkret məsələyə keçirəm. Qazilər ailələrini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olmağa başladılar. Hər rayonda qeydiyyatı üzrə 5 Qazi üçün 2 metr uzunluğu 1 metr eni olan yer götürüb, ticarətlə məşğul olurdular. Bu yerlər Yasamal, Binəqədi, Nəsimi, Sabunçu, Xətai, Nizami, Nərimanov və.s rayonlar idi. Hələ 2021- ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin idarə və bölmə rəisləri Qazilər yer pulu vermədiyi üçün müdaxilələr etməyə, imkan verməməyə başlamışdılar. Buna görə dəfələrlə DİN-nə fərdi və kollektiv müraciətlər olunub. Hətda DİN də qəbul şöbəsinin rəhbərinin, Bakı şəhər baş polis idarəsinin (Qoraddel) rəhbər şəxslərinin dəfələrlə qəbulunda olmuşuq. Bəli, normal qəbul edib, dinləyib həmən polis idarə və bölmə rəsmilərinə tapşırıq verilib ki, şikəst adamları incitməyin. Qazilərə qarşı ən çox kobudluq nümayiş etdirən, “Nəsimi rayonu mənimdir, istərəm pulla verim, istərəm pulsuz, gedin kimə şikayət edirsiz edin”- deyən Nəsimi rayon polis idarəsinin keçmiş rəis müavini polis polkovniki Anar Məmmadov idi. Nə DİN nə Bakı Şəhər Baş Polis İdarə rəhbərliyi Anar Məmmədovu bu əməllərinə, özbaşınalığına, sözlərinə görə cəzalandırmadı.
COP 29 -dan əvvəl dedilər ki, şəhərdə beynəlxalq tədbir olacaq, hamı küçə ticarətini müvəqqəti yığmalıdır. Hamı kimi Qazilər də yerlərini yığdı. Bu vaxt ərzində Nəsimi rayon polis idarəsinin rəis müavini polkovnik Anar Məmmədov Yasamal rayon polis idarəsinə rəis müavini təyin edildi.
8 Noyabr Zəfər günündə Şəhidlər Xiyabanında haqlı və təsirli çıxışım olmuşdu. Girişdə, solda geniş meydançada. Rəis müavini Anar Məmmədov da Şəhid Milli Qəhrəman Polad Həşimovun qəbrinin yanından bizə baxırdı. Həmən vaxtı Azərbaycan Xalq Cəbhəsi Partiyası da Şəhidlər Xiyabanını ziyarət edirmiş. A.Məmmədov Qazilərdən birini çağırıb deyib ki, siz müxalifətçisiz və s. Qazimiz bildirib ki, biz müxalifət partiyası deyilik, siyasi tələbi olmayan, siyasi şüar səsləndirməyən QHT-yıq. O da gülə-gülə deyib ki, bildim.
A.Məmmmdovun bizə qarşı şər böhtanı, qısası həmin gün özünü göstərdi. Zəfər bayramını haqq edən, qeyd edən, əylənən bir qrup Qazi şəxsən A. Məmmədovun əmri və tapşırığı ilə zor tətbiq edilərək, döyülmüşdü (Link şərh bölümündə).
COP 29 bitdi, Yasamal Qaziləri yerlərini açıb evlərinə 5 manat çörək pulu aparmaq istəyəndə ərazi polisləri “idarənin rəis müavini Anar Məmmədov icazə vermir, deyir onlar müxalifətçidi, olmaz” – dedi. Dəfələrlə Yasamal polis idarəsinin rəisi polkovnik Mirnemət Mirbabayevlə görüşmək istəsək də alınmayıb. İdarənin digər rəhbər şəxslərindən biri polis mayoru Şahbazov Vüsalla danışdım. Dedi küçə ticarəti ümumiyətlə qadağandı, olmaz. Dedim Vüsal bəy Yasamalda küçə ticarəti var, işləyir. Niyə Qazilərə qoymursuz, səbəb nədi? Dedi “var çəkin paylaşın, biz bəzi yerləri görə bilmirik, lazımdır lap Odnoklassnikdə paylaşın”.
Bundan sonra həqiqətən də küçə ticarətinin olduğunu lakin Qazilərə qadağan olduğunu çəkib Gənc Qazilər Ib Yasamal profilində paylaşıldı, Elşad Hacıyev də DİN də tağ edildi. Heç bir reaksiya olmadı.
Deməli bunun heç bir nəticəsi olmadığını gördükdən sonra bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş qəbul mərkəzinə getdik. Qəbul mərkəzində eşidən kimi ki, polisdən şikayət üçün prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərovun qəbuluna gəlmişik, başladılar nala-mixa vurmağa. Bir sözlə qəbula yazmadılar. Biz tələb etdik ki, hansı qanunla bizi qəbula yazmırsızsa onu deyin. Prezident mühafizənin əməkdaşı polisləri çağıraraq “Bunları sürüyüb çölə atın”- komandası verdi. Şəkildə gördüyünüz (şəkil şərh bölümündə) polis və bir qrup polis əməkdaşları bizə, xüsusi ilə mənə qarşı zorakılıq etməyə başladılar. Apardılar 17 polis bölməsinə. Dedim Yasamal rayon polis idarəsinin rəis müavini Anar Məmmədovun bizə qarşı şər böhtanı, özbaşınalığı haqqında DİN və “Qoraddel” rəhbərliyi bilir, məlumatı var, siz ona nə deyə bilərsiz?
Təxmini yarım saat 17 polis bölməsində olduq, sonra sərbəst buraxıldıq.
Polis əməkdaşları arasında özünü müharibə iştirakçısı, Qazi kimi qələmə verən polis əməkdaşının sonradan telefonunda pullu qumar oynadığı gördük. Dedi öz pulumla oynayıram, yaxşı edirəm.
Zamanında dedim ki, müharibə iştirakçılarını boş-boşuna DİN-ə yığmırlar. Bunu sırf haqqını tələb edən Şəhid ailələrinin, Qazilərin, Veteranların qabağına çıxarmaq üçün etdilər!
Polis özbaşınalığına, zorakılığına son deriyəm. Bezdirməyin bizi. Haqqımızı almaq üçün hara gedirik qabağımıza çıxırsız, təxribata çəkirsiz, şər böhtan atırsız. Bəsdirin, bəsdirin!!
Hacı Vəliyev
Qarabağ qazisi