Ukrayna Rusiya danışıqları Cənubi Qafqaz üçün hansı perspektivləri vəd edir?

Rusiyanın geri dönüş ehtimalı və Azərbaycanın milli təhlükəsizlik maraqları.

Bu gün postsovet məkanın gələcək təhlükəsizliyi həm də Ukraynada müharibənin hansı sonluqla başa çatmacağından çox aslıdır. Ukrayna rəhbərliyinin və xalqının ortaya qoyduğu dirəniş və döyüşkənlik fonunda, bu, qədər qurbanlar verildikdən sonra Rusiyanın işğal iddalarının qəbul edilməsi mümkün görünmür. Bu baxımdan ABŞ-n təklif etdiyi sülh planına uyğun olaraq atəşkəs razılaşmasına gediləcəyi təqdirdə belə, bu, Ukraynanın işğal olunmuş ərazilərindən vaz keçməsi anlamına gəlməyəcək. Atəşkəsdən sonra sülh danışıqları illərlə çəkə bilər və bu müddətdə beynəlxalq şəraitin dəyişməsi, Ukraynaya hər an yenidən öz ərazilərini azad etmək üçün hərbi yola əl atmaq imkanları yarada bilər.

Əgər Ukrayna ilə Rusiya arasında ABŞ-n vasitəçiliyi ilə atəşkəs baş tutarsa, o zaman baslanacaq sülh danışıqlarının qeyri müəyyən müddətə uzanma ehtimalı böyükdür. Aydındır ki, bu müddətdə Putin rejimi bütün itkilərə rəğmən Ukraynada işğal etdiyi əraziləri öz əlində saxlamasını, rus xalqına qələbə kimi təqdim etməyə çalışacaq. Bu halda gözləmək olar ki, müharibədə yaranmış fasilədən istifadə edən Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz üzərində öz əvvəlki nəzarətini yenidən geri geri qaytarmağa çalışacaq. O zaman Rusiya öz ənənəsinə uyğun olaraq hərbi yola da əl ata bilər. .

Ona görə də bu gün Rusiyanın hələ ki, başınım qarışıq olduğu indiki dövrə tarixi bir fürsət kimi baxıb, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin həlli üçün maksimum çalışmaq lazımdır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yaxın gələcəkdə Şimaldan gözlənilən təhlükənin qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır.

Xüsusi ilə Azərbaycan hakimiyyəti nəzərə almalıdır ki, Putinin Paşinyan hakimiyyətini ilə yarımçıq qalmış bir hesabı var və Rusiya imkan tapıb Ermənistanda hakimiyyət dəyişikliyi edə bilsə, o zaman Nikolun yerinə müharibə tərəfdarı olan revanşistləri hakimiyyətə gətirməyə çalışacaq. Əgər bu gün sülh müqaviləsinin imzalanması yubadılmaqda davam edəcəksə, o zaman Rusiyanın arxasında durduğu Ermənistanın hazırkı mövqeyi də dəyişəcək, irəli sürəcəyi tələb və iddiaları nəinki sülhə gedən yolu qapayacaq, həm də, bu, yeni bir müharibə təhlükəsi üçün risqləri daha da artıracaq.

Bu bəhs etdiyimiz ehtimal fonunda ABŞ və Rusiya münasibətlərinin bu günkü xarakterini nəzərə alsaq, o zaman Moskvaya bağlı revanşistlərin hakimiyyətə gəlməsinə görə Qərbdə Ermənistana münasibətin indikidən elə də fərqli olmayacağını da ehtimal edə bilərik. Bu vəziyyətdə Azərbaycan təqribən Ukraynanın üzləşdiyi vəziyyətə bənzər bir durumla qarşılaşa bilər.

Eyni zamanda sülh müqaviləsinin gecikməsi Türkiyənin Cənubi Qafqazda güclənməsinin də ləngitməkdədir. Məhz buna görə narahat olan Türkiyənin Ermənistanla sərhədi açmasına da, məhz Ukrayna -Rusiya müharibəsi ilə bağlı yuxarıda ifadə etdiyimiz gözlənilən perspektivlər fonunda baxmaq gərəkdir. Təsadüfi deyil ki, bu gün Türkiyə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı duyduğu təhlükəsizlik qayğılarını maksimum dəyərləndirərək, Ermənistanı öz təsir dairəsinə çəkməyə çalışır. Sərhədlərin açılması da bu məqsədə xidmət edir. Azərbaycanın buna nəyə görə aqressiv reaksiya verdiyi isə anlaşılmır.

Bizim üçün hansı daha təhlükəsizdir, Türkiyə ilə əməkdaşlıq edən, onun təsir dairəsində olan, yoxsa, Rusiya təhdidlərinə açıq olub Moskvadan gələn direktivlərə əməl edən Ermənistan? Aydındır ki, Rusiyadan gələn təhdid və barmaq silkələmələrə rəğmə, öz təhlükəsizliyini və gələcək inkişafını Türkiyə ilə yaxınlıqda və Avrointeqrasiyada görən, revanş fürsəti yerinə sülh müqaviləsi imzalamağa can atan Ermənistan Azərbaycanın təhlükəsizlik maraqlarına da uyğundur. O zaman bu yaranmış tarixi fürsətdən nəyə görə istifadə edilmir və hardan təminat var ki, bir ildən sonra da Ermənistanda vəziyyət indiki kimi olacaq?

Bu kontekstdə Azərbaycanın öz təhlükəsizlik problemlərinə yanaşması, beynəlxalq siyasətdəki hazırkı güc tarazlığı, yaranmış qeyri müəyyənlik və geosiyasi rəqabət şərtləri və onlarıdan irəli gələn risqlər baxımından anlaşılan deyil. Bu baxımdan belə təəssürat yaranır ki, Azərbaycan hakimiyyəti hazırkı həssas beynəlxalq münasibətlər şəraitində ölkənin milli maraqlarının qorunması ilə bağlı dərin təhlilə əsaslanan strateji baxışa sahib deyil və xarici siyasət daha çox impulsiv reaksiyalardan doğan taktiki addımlar üzərində qurulub.
Bu gün Türkiyənin Cənub Qafarzada güclənməsi, eləcə də militaristləşən və geostrateji güc mərkəzinə çevrilməkdə olan Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın yaxın gələcəkdə Rusiyadan gələcək təhdidlərə qarşı strateji təhlükəsizlik təminatı baxımından fövqəladə dərəcədə əhəmiyyətlidir. Lakin bütün bunları gözardı edən indiki siyasətin davam etməsi yaxın gələcəkdə ölkəmizi və Cənubi Qafqazı Şimaldan gələə biləcək təhdidlər və təzyiqlər qarşısında müdafiəsiz duruma sala bilər.

Fuad Qəhrəmanlı