
1918-ci ilin qış ayları idi.Axşamtərəfi olduğundan kənd alatoranlığa bürünmüşdü.Hava şaxtalı və küləkli idi.Evlərin bacalarından çıxan tüstülər havada əyri-üyrü xətlər cızaraq əriyib gedirdilər.Kəndin əhalisi öz işi ilə məşğul idi.Qadınlar inək sağır,kişilər heyvanları yemləyir,uşaqlar dərə-təpəyə səpilmiş qoyun-quzuların dalınca gəzirdilər
Minay xala həyətdə inək sağırdı.Qızları Ağca və Gilə yanında dayanıb analarının əmrini gözləyirdilər.Bəyim isə evdə,ocağın yanında oturmuşdu,yeməyin bişməsinə nəzarət edirdi.
Minay xala inəyi sağıb qurtardı,badyadakı südü Ağcaya verdı.Qızlar evə doğru getdilər.İsmayıl kişi oğlu Muradın köməyi ilə qoyun-quzunu rahatladı.Bir azdan axşam süfrəsində bütün ailə birlikdə idi.Evin içində yerə salınmış süfrənin kənarında əyləşdilər.Minay xala qazanı ocağın qırağına,yerə qoyub buğlanan südlü aşı mis qablara tökdü.Bəyim taxta qaşıqları süfrəyə düzdü.Hər kəs öncə “Bismillah”deyib yeməyə başladı.Bu bir qayda idi:yemək zamanı heç kəs danışmazdı.Yemək bitdikdən sonra Bəyimlə Ağca süfrəni yığışdırdılar,Gilə çay gətirdi.İsmayıl kişi qızlarına məhəbbətlə baxıb gülümsəyirdi.O,xoşbəxt bir ata idi,dörd övladı vardı,beşincisinin də olmağına az qalmışdı.Minay xala hamilə idi;artıq ağırlaşdığından çətinliklə əyilib-qalxırdı.Qızları ev işlərində analarına indi daha çox kömək edirdilər.Bayır işlərinə isə İsmayıl kişi ilə oğlu Murad baxırdılar.
Bir azdan onların bu kasıb komalarinda gözəl bir mənzərə vardı.Dörd uşaq yan-yana,şirin-şirin yatmışdılar.İsmayıl kişinin yatağı evin yuxarı başında idi.Əllərini başının altında çarpazlayıb fikrə dalmışdı.Sabah görüləsi vacib işləri düşünürdü.Minay xala üsulluca qızı Bəyimin kürəyinə yorğanı çəkdi,yatağına uzanıb xoşbəxt bir təbəssümlə balalarına baxdı.
O gözəl gecədən sonra dəhşətli bir səhər açıldı.Qonşu kənddə yaşayan ermənilərdən biri gecəykən gizlicə gəlib həmişə evinə qonaq gəlib-getdiyi Salman kişiyə xəbər vermişdi:bu gecə ermənilər sizin kəndə basqın edəcəklər!
Bu xəbəri eşidən hər kəsin boğazı qurudu,əli-qolu yanına düşdü.Arvadların,uşaqların bir-birinə zillənən baxışlarından dəhşət yağırdı.Kişilər bir yerə toplaşıb uzun-uzadı götür-qoy edəndən sonra bu qərara gəldilər ki,getsinlər.Ermənilərdən qorunmağa heç kəsin silahı yoxdu.Arvad-uşağı quduzlaşmış ermənilərin ayağına vermək olmazdı.O zaman tək bir çarə qalırdı:qaçmaq.
Axşamtərəfi kənd bir viranəyə bənzəyirdi.Evlərin bacalarından daha tüstü qalxmırdı.Kənddə kimsə qalmamışdı.Camaat yollara səpələnmişdi.Kiminin at arabası vardısa,arabalara yüklənmişdilər.Çoxu isə piyada idi.Qadınlar körpə uşaqlarını kürəyinə almışdılar.Kişilər,oğlan uşaqları mal-qaranın,qoyun-quzunun dalınca gəlirdilər.
Arabaların birində gedən yaşı səksəni ötmüş Əsli nənə quruyub qaxac olmuş əllərini yuxarı qaldırıb fəryad etdı:
-Ay Allah,sən necə götürürsən bu zülmü?Öz torpaqlarımızda bizi yaşamağa qoymurlar!Bu qoca vaxtımda elimdən-obamdan dərbədər düşdüm!
Qadınların çoxu yaşmaqlarının altından göz yaşı tökürdülər.
***
O gecə kəndə dəhşətli basqın oldu.Azğınlaşmış ermənilər evlərə hücüm çəkdilər,niyyətləri yuxuda olan əhalini qırmaq idi.Ancaq kimsəni tapa bilməyəndə vəhşicəsinə bağıraraq hər tərəfi dağıtdılar,ətrafa od vurdular.O gecə Hacatamlı kəndi ucsuz-bucaqsız nəhəng bir tonqala dönmüşdü.Çatırtıdan qulaq tutulurdu.Alovun dilimləri göyün sinəsinə saplanırdı.
Bir ay keçmişdi.Hələ də evlərindən qaçıb getmiş əhali kənddən xeyli uzaqda,Göyçay çayının kənarında bir düzənlikdə məskən salıb,alaçıqlar qurub orada yaşayırdılar.Yurd həsrəti ürəklərinə dağ çəkirdi.
İki gün idi ki,İsmayıl kişinin üzü gülmək bilmirdi.Oğlu Murad alaçığa yaxın gəlmirdi.Üç qız boy-boya verib məyus-məyus alaçığın çöl tərəfində durmuşdular.İçəridə üç-dörd qadın vardı.Digərləri də tez-tez gəlib Minay xalanın halını xəbər alırdılar.Nəhayət, üçüncü gün alaçıqdan çağa səsi eşidildi. Qadınların “Allaha şükür”nidaları gəldi.Məsmə xala bayıra çıxıb İsmayıla səsləndi:
-Gözün aydın,ay İsmayıl,su sonası kimi bir qızın oldu.
İsmayıl kişi yaşlı gözlərini göyün ənginliklərinə zillədi.Dodaqları-“Allah,sənə şükür”-deyə pıçıldadı.Qızlar sevincdən atılıb-düşdülər.
…Minay xala gözlərini açıb:
-Sonam hanı?-deyə soruşanda İsmayıl kişi sevincindən ağladı.
-Allaha şükür,arvad,yaxşısan!-dedi.
Minay xala güclə sezilən bir gülüşlə:
-Yaxşıyam,-deyə cavab verdi.
Həmin gün onların birlikdə yaşadıqları ən sevimli,axırıncı gün oldu.Qızlar analarının yanında oturmuşdular.Bəyim anasının əlini ovcuna alıb sığallayır,Ağca kiçik əllərini anasının saçlarında gəzdirirdi.Gilə isə sevinc,minnətdarlıq dolu gözlərlə anasına baxırdı.Murad kiçik bacısını qucağında tutmuşdu.Ata körpəni onun əlindən aldı:
-Yurdumuza xoş gəldin,qızım,-dedi.
Həmin gecə ana yenə də huşunu itirdi.Bəyim tez qonşu alaçığa,Məsmə xalanın yanına qaçdı.İki gün şiddətli qızdırma içində yanan Minay xala gözlərini açmadı.Təşvişə düşmüş qadınlar əllərindən gələn köməyi edirdilər,kimisi bədənini ovuşdurur,kimisi yaş əsgi parçasını alnına qoyur,bir az sərinlədirdi.Kiçik qızın ac olduğundan səsi kəsilmirdi.Bəyimlə Ağca kiçik bacılarını sakitləşdirmək istəsələr də bacarmırdılar.
Məsmə xala ümidsiz halda qalxıb bayıra çıxdı.Bir qədər kənarda lal-dinməz,pərişan halda dayanmış İsmayıl kişiyə yaxınlaşdı.
-Ağrın alım,bala,özünü möhkəm tut.Allah böyükdür,ümidüvü kəsmə.Dərdini verən qurban olduğum dərmanını da əsirgəməz.
İsmayıl kişi ağlamsındı:
-Axı niyə belə oldu ki?
-Soyuqdan,oğul,soyuqdan.Bu soyuqda,qarda,çovğunda yol gəlmək,çöldə-düzdə qalmaq boylu qadına asan döyül.Mərdimazarın evi yıxılsın,evimizi yıxdılar,isti yuvamızdan didərgin saldılar bizi.Əlbət,Allah bu zülmü yerdə qoymayacaq.Özünü toxtaq tut,oğul.Balalarını başına yığ,yuvanı soyumağa qoyma.
İsmayıl kişi ağladı.
Günəş batan vaxt idi.İçəri qaranlıq olduğundan alaçığın qapısını qaldırmışdılar.Günəşin artıq sönməkdə olan qırmızı şəfəqləri alaçığı qırmızı rəngə boyamışdı.Minay xala ağır-ağır gözlərini qaldırıb son dəfə günəşə baxdı.Dodaqları titrədi,nəsə demək istədi,bacarmadı.Taqətsiz halda göz qapaqları aşağı endi.İsmayıl kişinin ovcunda tutduğu əli yanına düşdü.O,ağlaya-ağlaya arvadının azacıq aralı qalmış dodaqlarını qapadı.Qızlar hönkürərək ağlamağa başladılar.Kiçik Sonanın çığırtısı ürəkləri yandırırdı.
Köç artıq yığılmışdı.Camaat geriyə,öz yurduna daşınırdı.Aylarla yad yerdə yaşamaq onların qəddini əymişdi.Yurd adı tutulanda böyüklər göz yaşlarını saxlaya bilmirdilər.Uşaqlar isə yorulmaq bilmədən elə hey eyni sualı təkrarlayırdılar:
-Evimizə nə vaxt gedəcəyik?
Onların bu sualı hər dəfə cavabsız qalırdı.Ancaq bu gün bu sualın cavabı artıq verilmişdi;geriyə qayıdırdılar.
Keçə alaçıqlar artıq qatlanmışdı.Mal-qaranı,qoyun-quzunu yola çıxarmışdılar.İsmayıl kişi arabanı yükləyib hər şeyi hazır edəndən sonra beş uşağını alıb təpəlikdə yerləşən qəbrin yanına gəldi:
-Məni bağışla,arvad.Səni burda qoyub gedirəm.Burda ruhun rahat olsun.Əmanətlərinə yaxşı baxacam.Sən nə mənim,nə də uşaqların yadından çıxmayacaqsan.Sonadan arxayın ol…
İsmayıl kişi çöməldi.Əllərini qəbrin torpağına sürtdü.Göz yaşlarını uşaqlarından gizləyirdi.Bir az toxtadı.Ayağa qalxıb Bəyimin qucağından kiçik qızı aldı.Yenə qəbirə yaxınlaşdı.
-Yaxşı bax qızına,axırıncı kərə bax…-dedi və hönkürərək ağlamağa başladı.Qəbrin ətrafında boynu bükük dayanmış uşaqları da ağlatdı.
Aylı,ulduzlu bir gecədə köç yol gedirdi.Hər kəsin qəlbində böyük bir fərəh vardı;yurda dönürdülər.
Murad qoyun-quzu ilə gəlirdi.İsmayıl kişi öküz arabasını sürürdü.Qızlar arabanın içində,yüklərin üstündə oturmuşdular.Sona Bəyimin qolları üstündə yatmışdı.İsmayıl kişi qarşısındakı yola baxa-baxa ağlayır,göz yaşlarını çuxasının ətəyi ilə silirdi.Sən demə, ağlayan tək o deyilmiş,Bəyim də hıçqıra-hıçqıra ağlayırdı.Ağca isə danışırdı:
-Bacı,niyə ermənilər bizi öldürmək istəyir?Biz neyləmişik ki onlara?Soyuxda ora getməsəydik,ana da xəstələnməzdi,ölməzdi də.İndi o da biznən evə gedərdi…
Gilə ağlamsınmış halda onun sözünə qüvvət verdi:
-Ana ölməsəydi,bacı da bu qədər ağlamazdı,doyunca süd içərdi…
Onlar yurd yerinə çatdılar.Evlərin yerində kül topaları qalmışdı.Bəzilərində parça-parça olmuş kərpiclər vardı.Camaat yaşlı gözlərlə viranəyə dönən yurda baxıb onların başına bu bəlaları gətirən düşmənə lənət oxudu.
-Əlbət,bu zülüm yerdə qalmayacaq.Bunun hesabını soracayıq.
Sonra yavaş-yavaş işə başladılar.Əvvəlcə keçə alaçıqlar quruldu,uşaqları yerbəyer etdilər.Sonra ürəklərində intiqam hissi yana-yana ev tikməyə hazırlaşdılar.
Bəyimin qucağında çığıran uşağın səsi kəsilmirdi.Qız nə edəcəyini bilmirdi.Ertəsi gün uşağı beşikdə hərəkətsiz,rəngi göm-göy görəndə ata onun öldüyünü anladı.Beşiyin üzərinə əyilib körpənin soyumuş alnından öpdü.Üzünü örtdü.Alaçıqdan bayıra çıxdı.Qızlar yenə boy-boya vermiş,yaşlı gözlərini atalarının gözlərinə dikdilər.Gilə kəsik-kəsik danışır,həm də ağlayırdı:
-Evimiz də dağıldı,ana da öldü,bacı da öldü…
İsmayıl kişi qızı qucaqlayıb bağrına basdı,yaşlı gözlərini uzaqlara dikdi.Yox,daha bu gözlərdə yaş yoxdu.O daha ağlamırdı.Bu gözlərə nə qədər dərd qalaqlanmışdısa da,bu gözlər indi daşıdıqları dərdlərlə bərabər dünyaya baxmaq məcburiyyətində idilər.Çünki onlara ehtiyacı olan başqaları vardı.
Ata gözlərini zilləyib baxdığı o uzaqlarda artıq dərd dolu keçmişi,olanları yox,işıqlı,aydın,gözəl gələcəyi görürdü.
Aytən Ağasəlimqızı.