
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini təxirə salması pis hadisədir. İsrailin bir neçə istiqamətdə fəal hərbi əməliyyatlar apardığı bir zamanda Netanyahunun Azərbaycana səfərinin beş gün davam edəcəyi İsrail liderinin Bakı səfərinin önəmindən xəbər verirdi. İndi belə görünür ki, İsrail liderinin Azərbaycana beş günlük səfərini zəruriləşdirən həmin önəmli amillər ortadan qalxıb.
Netanyahunun Bakıya səfərini Suriyada İsraillə Türkiyə arasında hərbi münaqişə ehtimalının artmasından sonra təxrə saldığı aydın görünür. İsrail Suriyada Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarının bazalarına zərbə endirməsindən sonra iki ölkə arasında münasibətlər son dərəcə gərginləşib. Suriyada Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi ehtimalı çox artıb. Belə bir vəziyyət isə İsraillə Türkiyə arasında vasitəçiliyə çalışan Azərbaycanın təşəbbüslərini puça çıxarır. Digər tərəfdən Netanyahunun Bakıya beş günlük səfəri Azərbaycanı Türkiyə ilə İsrail arasında seçim etmək məcburiyyətində də qoya bilərdi. Görünür, İsrail rəhbərliyi müttəfiq hesab etdiyi və böyük dəyər verdiyini hər imkanda nümayiş etdirdiyi Azərbaycanı belə bir seçim etmək məcburiyyəti qarşısında qoymaq istəmədiyi üçün Netanyahunun Bakıya beş günlük səfərini qeyri-müəyyən müddətə təxrə salıb.
Təhlillərim onu göstərir ki, Ankarada hakimiyyət dəyişikliyi olmasa və ya Ərdoğan hazırkı siyasətini davam etdirsə, Azərbaycan gec-tez Türkiyə ilə İsrail arasında seçim etmək məcburiyyətində qalacaq.
Azərbaycanın seçimi nədən və kimdən yana olmalıdır?
Bununla bağlı fikirlərini isə növbəti statuslarımda yazmağa çalışacağam.
Xəqani Cəfərli politoloq