Bilgi sahibi olmadan fikir sahibi olmaq istəyən, ağlı ilə deyil duyğuları ilə fikir bildirən soydaşlarımın Pakistanla bağlı mövqeyini anlayıram. Pakistanın Azərbaycanla həmrəyliyi və dəstəyinin yüksək qiymətləndirilməsi də anlaşılan, hətta təqdirə layiqdir.
Lakin gerçəklikləri də yox saya bilmərik.
Tarixdə heç bir zaman Pakistan adlı dövlət, ölkə olmadığı kimi pakistanlı xalqı da mövcud deyil. Pakistan ifadəsi ilk dəfə Çaudhri Rəhmət Əlinin 28 yanvar 1933-cü ildə nəşr etdirdiyi, tarixə “Pakistan Bəyannaməsi” kimi düşən “İndi ya heç vaxt” adlı broşürasında yer alıb. Ötən əsrin 30-cu illərində Londonda Hindistan məsələləri ilə bağlı müzakirələr və konfranslar keçirilirdi. Hind çoğrafiyasında yaşayan müsəlmanlar arasında fikir ayrılığı vardı. Bir qisim hesab edirdi ki, gələcək dövlətin tərkibində müxtariyyatla kifayətlənməlidirlər. Çaudhri Rəhmət Əli isə müsəlmanların özlərinin dövlətinin yaradılmasını irəli sürürdü.
Rəhmət Əli bir neçə çoğrafi ərazini- Pəncəb, Əfqanıstan əyaləti, Kəşmir, Sind və Bəlucistanı əhatə edən, adı da əyalətlərinin adlarının baş həriflərindən ibarət olacaq PAKİSTAN adlı dövlətin qurulması ideyasını irəli sürüb. Pakistan belə yaranıb. Dövlətin rəsmi dili olan urdu dilində ölkə əhalisinin bəzi məlumatlara görə 10, bəzi məlumatlara görə yalnız 8 faizi danışır. Əyalətlər isə öz dillərində danışırlar və əksəriyyəti bir-birini anlamır.
Avropanın 100 il öncə keçdiyi milli dövlətlərin yaranma prosesini tarixi inkişaf baxımından 100 il geri qalan Şərq indi keçir. Milli dövlətlərin əsas əlamətlərindən biri dövlət qurucu xalqın toplumun ən azı üçdə ikisini təşkil etməsidir. Pakistanda isə ən böyük çoxluq olan pəncabilər rəsmi məlumata görə əhalinin üçdə birini, qeyri-rəsmi məlumata görə 20 faizini təşkil edirlər. Etnik və dil birliyinin olmadığı, təxminən 80 il əvvəl dini kimlik üzərindən yaranmış Pakistanda milli kimlik önə çıxmağa başlayıb. Çinlə yaxınlaşmanın nəticəsi olan dərin sosial-iqtisadi böhran və texnologiyanın inkişafı milli kimlik davasını daha da tətikləyir. Milli dövlətlər uzun müddətli böhrana qarşı dayana bilsə də, siyasi və ya dini kimlik üzərində yaranmış dövlətlər uzun müddətli iqtisadi böhrandan sağ çıxa bilmirlər.
Əgər İran kimi qədim tarixə, bir neçə minillik dəyişməz çoğrafiyaya, Səfəvilər, Əfşarlar və Qaçarlar dövlətinin timsalında birgə şanlı keçmişə malik toplum artıq bir yerdə yaşaya bilmirsə, iqtisadi böhran bölünməni tətikləyərək geridönməz prosesə çeviribsə, Pakistan bütövlüyünü neçə qoruyacaq? Nüvə silahı bir dövlətin çöküşünün qarşısını ala bilsəydi, ən böyük nüvə arsenalına malik Sovet İttifaqı dağılmazdı.
Tarixin inkişaf qanunauyğunluğu heç bir nüvə silahı dayandıra bilməz.

Xəqani Cəfərli politoloq