
Konqresin səbri tükənir
Uzaqdan başlayaq.
Dünən Böyük Britaniyanın The Telegraph qəzeti qalmaqallı bir məqalə yayımladı. Məqalə ABŞ Dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Darren Bitti və onun həyat yoldaşı haqqında idi. Qeyd olunur ki, Bitti 2021-ci ildə Yuliya Kirilova ilə ailə həyatı qurub. Siyasi maraq doğuran məqam isə budur ki, Kirilovanın dayısı Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan bir iş adamı olub.
Darren Bittinin siyasi baxışları və indiyədək səsləndirdiyi fikirlərə nəzər salaq:
- ABŞ dünyada “rəngli inqilablar” təşkil edir.
- Putin çox cəsarətli və güclü liderdir.
- Tayvanı Çinə təslim etmək lazımdır.
- Böyük Britaniya yoxsul və hörmətə layiq olmayan bir krallıqdır.
- NATO, ABŞ demokratiyası üçün Putindən daha böyük təhdiddir.
- Qərb institutları Putinin nəzarəti altında olsa, daha güclü olar.
2025-ci ildə vəzifəyə təyin edildikdən sonra Bittinin ilk addımı, Rusiya, Çin və İranın informasiya məkanında yaydığı təbliğat və manipulyasiyalarla mübarizə aparan mərkəzi (R/FIMI) bağlamaq oldu. Bu mərkəz Dövlət Departamentinin tabeliyində idi.
Bittini tanıdınız.
İndi isə daha bir vacib xəbəri bölüşək və sonra Konqresdə baş verənlərə keçək.
Newsweek xəbər verir ki, ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəsmi veb saytından 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı sənədlər silinib.
Bu kimi xəbərlər çoxdur. Əgər siz ABŞ-da gedən daxili siyasi prosesləri diqqətlə izləsəniz, belə nüansların heç də təsadüfi olmadığını görərsiniz. Şübhə yoxdur ki, bütün bunlar Trampın nəzarəti və göstərişi ilə baş verir.
Trampın Putinə və Rusiyaya münasibəti hər kəsə məlumdur və gizli deyil.
Konqresə gəlincə
Hazırda Konqresin hər iki palatası Respublikaçıların nəzarətindədir və de-fakto Tramp orada ciddi təsir gücünə malikdir. Demək olar ki, istədiyi qanun layihəsini qəbul etdirmə imkanına sahibdir. Məsələn, bu yaxınlarda Trampın Nümayəndələr Palatasına təqdim etdiyi büdcə layihəsi – One Big Beautiful Bill, Respublikaçılar arasında ciddi narazılıq doğursa da (hatta İlon Mask onu sərt tənqid etdi), Palata bu layihəni qəbul etdi. Bu hadisə Trampın Nümayəndələr Palatası və xüsusilə də spiker Conson üzərində güclü təsirini bir daha göstərdi.
Lakin Trampın Rusiya ilə münasibətləri məsələsində vəziyyət bir qədər fərqlidir. Bir çox Respublikaçı konqresmenlər bu məsələ ilə bağlı narahatdırlar və bu, onların Trampdan uzaqlaşdıqları azsaylı məsələlərdən biridir, bəlkə də yeganədir.
Niyə?
Çünki Konqres üzvləri yaxşı bilirlər: əgər Rusiya Ukraynada qalib gəlsə, bu, ABŞ-ın milli maraqlarına ciddi zərbə olar. ABŞ son 30 ildə Ukraynaya böyük miqdarda maliyyə və siyasi sərmayə qoyub. Bu, ABŞ-ın strateji geosiyasi maraqlarıdır və Ukraynada ABŞ-ın mövqeləri, ABŞ-ın Avropada bütövlükdə geosiyasi mövqelərinə bilavasitə təsir edir.
Ona görə də Respublikaçı konqresmenlərlə Tramp arasında bu məsələdə ciddi fikir ayrılığı var. Unutmayaq ki, konqresmenlər Tramp tərəfindən təyin edilmirlər, onlar xalq tərəfindən seçilir və belə ciddi məsələlərdə məsuliyyət daşıyırlar.
ABŞ Ukraynadakı müharibədən kənara çəkilə bilməz. Bunu son zamanlar Trampın komandasının ritorikasına baxmayaraq demək mümkündür.
Bəs bu fikir ayrılığı hara qədər gedə bilər?
İki əsas ssenari mümkündür:
- Tramp Rusiyaya münasibətdə Konqresin mövqeyinə yaxınlaşacaq.
- Yaxud da Konqres Rusiya məsələsində Trampdan uzaqlaşacaq.
Bu fikir ayrılığı pik həddə çata bilər, pik hədd, o nöqtədir ki, Konqres Trampın vetosunu aşaraq 2/3 səs çoxluğu ilə Rusiyaya qarşı Qrem–Blumental sanksiyalarını tətbiq etsin.
Prosesi diqqətlə izləmək lazımdır. Amma aydındır ki, Trampın Rusiyaya qarşı yumşaq siyasətinə qarşı Konqresdə narazılıq günü-gündən daha açıq və ucadan ifadə olunur.
P.S. Şəkildə yaxın günlərdə baş vermiş respublikaçı senator Lindsi Qrem və Zelenski arasında görüşdür. Qrem trampçı olsa da, Ukraynanın açıq tərəfdarı və son dərəcədə kəskin mövqe orataya qoyan siyasətçidir.